Keçmiş nazir İsmayıllıda yarımçıq qalan üsyanı Bakıya daşıyır?

10:41 07-10-2019 40

Füzuli Ələkbərov müstəqil iş adamlarına qarşı “səlib yürüşü”nə çıxıb

Adı korrupsiya və müxtəlif qanunsuz əməllərdə hallanan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bu dəfə ölkənin halal yolla biznes quran nüfuzlu iş xanımına qarşı məhkəmə iddiası qaldırıb.

MillətinSəsi.info Yenicag.az istinadən xəbər verir ki, mediada yayılan məlumatlara əsasən, keçmiş nazir xeyriyyəçi iş xanımı Məlahət Qurbanovaya qarşı qaldırdığı məhkəmə iddiasında guya onun mülkiyyətində olan torpaq sahəsinin boşaldılması tələbini irəli sürüb.

Keçmiş nazirin iddası üzrə cavabdehlər “Məlahət” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinin Bakı Ərazi İdarəsidir.

Qeyd edək ki, keçmiş nazirin iddiasına qarşılıq olaraq, əks iddia qaldıran “Məlahət” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Ələkbərovu sahəsi 253 kvadrat metr olan yarımzirzəmini qanunsuz olaraq, mənimsəməkdə ittiham edir.

Bu, keçmiş nazirin qanunsuz əməllərindən ibarət “zəncir”də sadəcə, bir həlqədir. Ələkbərov haqqından danışılan yarımzirzəmini zəbt etməklə kifayətlənməyərək, tikilinin arxasındakı geniş ərazini qanunsuz olaraq avtoparka çevirərək, gəlirlərini artırıb.

Əlbəttə ki, keçmiş nazir bu fəaliyyətinə görə dövlətə bir qəpik də vergi ödəməyib. Lakin davamlı şikayətlərdən və məsələnin media vasitəsilə ictimailəşdirilməsindən sonra Ələkbərov qanunsuz avtoparkı bağlamaq məcburiyyətində qalıb.

Bundan başqa, Ələkbərovun qardaşı vaxtilə İsmayıllıda icra hakimiyyətinin başçısı işləyib və sabiq nazirin oğlu ilə yaxın qohumlarının harınlığı rayonda bir neçə gün davam etmiş kütləvi iğtişaşlara səbəb olmuşdu. Nəticədə onlarla insan həbs edilmiş, dövlət əmlakına külli miqdarda ziyan vurulmuşdu.

Vəzifədən çıxarıldıqdan sonra isə qanunsuz yollarla qurduğu biznesini daha da genişləndirən Ələkbərov hazırda bu “imperiya”sını böyütmək üçün müstəqil iş adamlarına qarşı “səlib yürüşü”nə çıxıb.

Xəzər sahillərini də hasarlayan sabiq nazirin əməlləri göstərir ki, İsmayıllıda yarım qalan üsyanı Bakıda tamamlamaq istəyir.