Prezident Teymur Rəcəbovu təbrik etdi

22:20 04-10-2019 60

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

Əziz Teymur,

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2019-cu il.