Deputat Soçidəki mühüm mesajlar barədə: Qarabağın işğaldan azad edilməsi üçün müsbət addımlar atıla bilər

10:31 04-10-2019 105

Oktyabrın 3-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Dövlət başçısı çıxışında qeyd edib ki, Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yaxşı təkan verir.

“Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Tərəflər arasında təsdiq olunmuş “Yol xəritələri”nin reallaşdırılması daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq”, - deyə Prezident İ.Əliyev bildirib.

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Vahid Əhmədov milletinsesi.info-a Prezidentin səfərini şərh edib.

Deputat deyib ki, Rusiya Azərbaycanın strateji müttəfiqidir.

“İki ölkə arasında hərbi-sənaye kompleksindəki əlaqələr də yüksək səviyyədədir. Azərbaycan Rusiyadan kifayət qədər silah-sursat alır”, - deyə V.Əhmədov əlavə edib.

V.Əhmədov Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır. Və nida işarəsi” bəyanatına da münasibət bildirib.

Milli Məclis üzvü bildirib ki, Prezidentin bəyanatı dünyaya Qarabağın Azərbaycan torpağı olması ilə bağlı çox mühüm mesajdır.

“Rusiya Prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevi Soçiyə dəvət etməsi mühüm hadisədir. Bundan sonra Qarabağın işğaldan azad edilməsi üçün müsbət addımlar atıla bilər”.

Aqşin Kərimov