ABŞ “Bütöv Azərbaycan”ı müzakirə edir - Sensasion şərh

11:55 03-10-2019 45

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun müsahibəsi:

- Elmar Məmmədyarovun BMT Baş Assambleyasındakı məşhur çıxışı diqqət çəkdi. Məmmədyarov son 1 il ərzində Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda pozitiv inkişafın olmamasını vurğuladı. Azərbaycan XİN bu bəyanatı hansı zərurətdən verməli oldu?

- Azərbaycan Xarici İşlər nazirinin son açıqlaması onun bundan öncə verdiyi açıqlamalardan fərqlənir. Birincisi, ondan başlayaq ki, bu məsələyə verilən qiymət tamamilə obyektivdir. Həqiqətən, danışıqlar heç bir nəticə vermir, heç bir irəliləyiş yoxdur, baş verənlərin günahı Ermənistan rəhbərliyinin üzərinə düşür və BMT-nin Nizamnaməsinə uyğun olaraq, Azərbaycan işğalçını öz ərazilərindən çıxarmaq haqqına sahibdir. Nazirin açıqlamasının məğzi bundan ibarət idi və bu, tamamilə dəqiq, eləcə də obyektiv açıqlamadır. Problem ondadır ki, yaranmış durumu artıq uzun zamandır hamı görür. Bu haqda mən də, Qarabağ məsələsində ixtisaslaşan başqa ekspertlər də daimi xəbərdarlıq edirdik. Vəziyyət o yerə çatmışdı ki, bu haqda artıq xarici diplomatlar, xarici ekspertlər də bəyanatlar verməyə başlayırdılar. Təəssüf ki, xarici işlər nazirimiz bu həqiqəti çox gec dilə gətirdi.

Faktiki olaraq biz bir il müddətində imkan verdik ki, Ermənistan hakimiyyəti bu danışıqlarda iştirak etmək görüntüsü yaratsın. Ermənistan XİN başçısı ilə hər görüşdən sonra pozitiv açıqlamalar verməklə biz imkan verdik ki, Ermənistan rəhbərliyinin dünya ictimaiyyəti qarşısında hərəkətlərinin normal olması, proseslərdə iştirak etməsi təsəvvürü formalaşsın. Halbuki onların bütün addımları sülh prosesini pozmağa və Azərbaycana qarşı təcavüzü leqallaşdırmağa yönəlmişdi. Gec də olsa, bu rəsmi şəkildə dilə gətirildi və bu çox yaxşı haldır, amma eyni zamanda, “bundan sonra necə olacaq” sualını da meydana gətirir. Yəni E.Məmmədyarov yenə Ermənistan xarici işlər naziriylə hansısa görüşə dəvət alaraq, görüşüb heç nə olmamış kimi prosesi davam etdirmək fikrindədir, yoxsa hansısa yeni yanaşma ortaya qoymaq lazımdır?

- Maraqlı məqam odur ki, Ermənistan hakimiyyəti Qarabağla bağlı getdikcə daha sərt mövqe sərgiləməyə başlayır...

Mən yeni yanaşmanın ortaya qoyulması zərurəti ilə bağlı mətbuatda dəfələrlə çıxış etmişəm. O cümlədən Ermənistanın yeni hakimiyyətindən Qarabağın həlliylə bağlı müsbət addım gözləməyin sadəlövhlük olduğunu vurğulamışam. Paşinyan hakimiyyəti çox ciddi daxili və xarici təzyiq altındadır. Ona qarşı istifadə olunan təzyiq rıçaqlarından biri də Qarabağ məsələsidir. Paşinyanı həmçinin Ter-Petrosyana yaxın olmaqda, eləcə də onun komandasında Petrosyanın bəzi adamlarına yer verməkdə ittiham edirlər. Paşinyan bu təzyiqlər altında hətta Serj Sərkisyan və Robert Köçəryandan da daha sərt mövqelər ortaya qoymağa başladı. Köçəryanla Sərkisyan “Qarabağ məsələsi artıq həllini tapıb, Qarabağ Ermənistan ərazisidir. Nöqtə” demirdi. Əvvəlki hakimiyyətlər Azərbaycanla danışıqlara getməyəcəklərini, danışıqların Qarabağla Azərbaycan aparılması gərəkdiyini iddia etmirdi. Yəni hazırda Paşinyanın mövqeyi əvvəlki hakimiyyətlərdən fərqli olaraq daha sərt və zəifdir. Bunun isə səbəbi odur ki, Paşinyanın hələ də güclü dayaqları yoxdur.

- Onda belə çıxır güclü dayaqlar olmadıqca Qarabağda güzəştlər ehtimalı da azalır?

- Paşinyanın hakimiyyətə gəlməsinin özü belə bir neçə təsadüflərin üst-üstə düşməsiylə bağlı oldu. Həmin dövrdə Ermənistandakı hakimiyyətin daxilindəki iki qrup bir-biriylə şiddətli mübarizə aparırdı. Serj Sərkisyan vaxtıyla elan etmişdi ki, o, yeni Konstitusiya islahatları həyata keçirəcək, Prezidentin səlahiyyətləri baş nazirə veriləcək və onun özü isə Baş nazir olmayacaq. O zaman hamı şübhələnirdi ki, Sərkisyan üçüncü dəfə prezident seçilmək şansı olmadığı üçün Baş nazir olmaqla Ermənistanı idarə etməyə davam etmək istəyir. Serj Sərkisyan o islahatları elan edəndə özünün Baş nazir olmayacağını təkcə öz ictimaiyyətinə deməmişdi, o, Moskva ilə danışıqlarda da bu mövqedən çıxış edirdi. Onun bu mövqeyindən sonra Rusiya tərəfi Sərkisyanı əvəz edə biləcək yeni fiqur üzərində çalışmağa başladı. Bu işdə də onlar “Qazprom”da çalışan Karen Karapetyanın üzərində dayandılar. Nəticədə Karapetyan Ermənistana geri döndü, onu Baş nazirin müavini təyin etdilər ki, növbəti addımda o, Baş nazir kimi ölkəyə rəhbərlik etsin. Proses artıq başa çatmaq üzrə olanda Sərkisyan qəflətən fikrini dəyişdiyini elan etdi. Təbii ki, bununla hakimiyyətin daxilində parçalanma yarandı, eyni zamanda, Moskva da bunu gözləmirdi və öz adamının “havadan asılı qalmasından” narazı idi. Bu zaman hakimiyyətin daxilində qarşıdurma yarandı. Hakimiyyətin daxilində iki qüvvə bir-biriylə vuruşanda hər zaman üçüncü qüvvə qalib gəlir. Bu, siyasətin qanunudur. Ermənistanda da bu cür oldu. Paşinyanın hakimiyyətə gəlməsi onunla bağlı idi ki, onun zəif və elə də böyük olmayan siyasi gücünə Sərkisyanı Baş nazir postundan yıxmaq üçün ilkin mərhələdə Karapetyan dəstək verirdi. Buna nail olduqdan, Karapetyanın baş nazir postunu bir neçə günlük ələ keçirməsindən, Putinin ona zəng edərək ölkənin gələcəyi barədə danışmasından sonra bu dəfə də Serj Sərkisyanın komandası Paşinyana dəstək verdi ki, Karapetyanı yıxsınlar. Bu iki böyük qüvvənin savaşının nəticəsində üçüncü tərəf olan Paşinyan gözlənilmədən hakimiyyətə gəldi.

Onun bu hakimiyyətdə möhkəmlənməsi üçün nə komandası, nə hansısa proqramları, nə bu proqramları həyata keçirə biləcək mütəxəssisləri, nə də xarici dəstəyi var idi. Moskva da, Avropa da, ABŞ da Paşinyanın hakimiyyətə gələcəyini gözləmirdi. İndi bu zəif durumda Paşinyan hökumətinin yeganə məqsədi öz hakimiyyətini qorumaqdır. Belə bir halda o, Qarabağla bağlı hansı güzəştlərə gedə bilər? İşğal olunmuş ərazilərin hansını qaytara bilər?

- Belə çıxır ki, biz Paşinyanın Qarabağ mövqeyini 1 il boyunca gözləməməli idik?

- Ona görə də deyirdim ki, bizim yanaşmamız tamam fərqli olmalıdır. Birincisi, yeni hakimiyyətdən Qarabağ məsələsiylə bağlı heç bir kompromis gözləyə bilmərik, əksinə, bu hakimiyyət daha sərt mövqedən çıxış edəcək. İkinci proqnozum ondan ibarət idi ki, bu hakimiyyət zəifləyəcək. Bu işdə köhnə hakimiyyətin nümayəndələri də, Moskva da, Paşinyanın komandasındakı adamların buraxdığı səhvlər də rol oynayacaq. Böyük səslə qalibiyyət mühüm deyil, qısa müddətdə bu əhval-ruhiyyə dəyişəcək və Qarabağ klanıyla yeni hakimiyyət arasında qarşıdurma şiddətlənəcək. Azərbaycan isə bu vəziyyətdən istifadə etməli, həm Moskva, həm Qərblə işləməli, danışıqları erməni tərəfi pozanda hərəkətə keçib, işğaldakı torpaqlarımızı azad etməlidir.

Biz isə Paşinyan hakimiyyətinə vaxt verdik. İl yarım gözlədik və nəticədə vaxt itirdik. Ermənistanı təkləmək, Qarabağ siyasətiylə bağlı onları təcrid etmək, onları BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən ölkə kimi, artıq Qarabağı özünə birləşdirdiyini elan edən təcavüzkar ölkə kimi tanıtmaq və digər işləri ən yüksək təbliğat səviyyəsinə qaldırmalı idik. Yəni Elmar Məmmədyarov bu sərt mövqeyini bir il əvvəl ortaya qoymalı idi.

- Və gec də olsa, bu mövqe ortaya qoyuldu... İndi istiqamət necə olacaq?

- İndi əsas məsələ odur ki, Qarabağla bağlı yeni strategiyanı ortaya qoyaq. Əvvəla, bu məsələyə institusional yanaşmaq lazımdır. Bu strategiyanı həyata keçirmək üçün bizə həm ordu, həm diplomatiya, həm güclü informasiya strukturu lazımdır. Bunları uzlaşdırmaq və koordinasiya etmək üçün dövlət qurumu olmalıdır. Bu sahəylə bağlı mən müxtəlif təkliflər vermişəm. Bu institusional mexanizmləri yaradandan sonra biz yeni strategiyaya keçə bilərik.

- Bəlkə biz Qarabağ konfliktinə baxışımızı dəyişməliyik?

Mən dəfələrlə demişəm ki, biz bu məsələyə artıq Qarabağ məsələsi kimi baxmalı deyilik. Vaxtı ilə Azərbaycana qarşı çox böyük ərazi iddiaları olub və bizi bir neçə dəfə böyük güzəştlərə getməyə məcbur ediblər. Bizim qədim torpağımız olan İrəvan xanlığı ermənilərə veriləndə Azərbaycan şərtlər qoymuşdu ki, Azərbaycana qarşı heç bir ərazi iddiası olmayacaq. Zəngəzur məsələsi də müzakirə olunanda bizə təzyiqlər etdilər ki, bu ərazi Ermənistana birləşsin və orada da onların başqa torpaqlarımıza iddia etməyəcəklərinə dair öhdəlikləri var idi. Bizim mövqeyimiz həm tarixi həqiqətlərə söykənməli, həm də bugünkü geosiyasi reallıqlarla uzlaşmalıdır. Biz açıq deməliyik ki, ermənilərlə bizlə əvvəldən əldə edilən bütün razılıqların hamısını pozublar. Burada söhbət təkcə Qarabağdan getmir. Açıq deyilməlidir ki, ermənilər artıq bizə başqa imkan qoymayıblar. Ermənilər tarixən onlara torpaq güzəşt edilərkən üzərlərinə götürdükləri şərtləri pozublarsa, biz də tarixi torpaqlarımızın qaytarılmasıyla bağlı rəsmi mövqe ortaya qoymalıyıq və bu istiqamətdə də işləri qurmalıyıq. Nəzərə almaq lazımdır ki, bütün bu proseslər köhnə dünya nizamının dağılması və yeni dünya nizamının hələ formalaşmadığı dönəmə təsadüf edir. Bu isə dünya geosiyasətində ən təhlükəli dönəm sayılır.

Siz ətraf dünyada nələrin baş verdiyini görürsünüz. Dövlətlər dağılır, dövlətlərin sərhədləri dəyişir, yeni dövlətlərin yaradılmasıyla bağlı proseslər gedir. Biz bunu İraqda, Suriyada, İranda görürük. İndi İran ətrafında baş verən proseslər çox ciddi xarakter alır. Bu yaxınlarda Avropa ölkələrinin birində İranda yaşayan milli azlıqların müdafiəsi ilə məşğul olan təşkilatların yığıncağı keçirilmişdi. Buna bənzər iclaslar Nyu Yorkda da baş tutur. Köhnə dünya nizamı dağılıb, yeni dünya nizamı formalaşana qədər müəyyən bir vaxt keçir. Bu proses faktiki olaraq artıq başlayıb. Bu mərhələdə hansı xalqlar, hansı dövlətlər özlərinin çox düşünülmüş geosiyasi layihələriylə ortaya çıxırsa və onların reallaşdırılması üçün özlərinə müttəfiq tapırsa, onlardan lazım dəstək alırsa, bu xalqlar yeni dünya nizamının formalaşmasıyla bağlı prosesdən böyük uduşlar əldə edir.

- Amma son 300 ildə biz demək olar ki, bu dəyişikliklərin hamısından ya itki, ya da uduzaraq çıxmışıq.

Ermənilərə Cənubi Qafqazda, Azərbaycan türklərinin torpağında dövlət yaradılması layihəsi I Pyotrun dönəmində (XVIII əsrin əvvəllərində - E.N.) meydana gəldi. Lakin o vaxta qədər xeyli danışıqlar olmuş, ermənilər Rusiyaya xeyli məktublar, nümayəndələr göndərmişdilər. Yalnız I Pyotrun zamanında belə bir layihə formalaşdı ki, Rusiya Qafqazı aşıb bölgəyə gəldikdə onlar üçün dayaq olacaq bir xalq və ya dövlət olmalıdır. Bunun üçün də Cənubi Qafqaza gələcəkləri halda onlar Qafqaz türklərinin yurdlarında dövlət yaratmalı idilər. Burada isə onların yetərli qədər sayı olmadığı üçün həm İrandan, həm də Türkiyədən yaradılacaq süni dövlətə ermənilər köçürülməliydilər. Bu fikir layihə kimi XVIII əsrin əvvəllərində formalaşmışdı. Üzərindən yüz il keçdikdən sonra - XIX əsrin birinci yarısında – Gülüstan və Türkmənçay müqavilələrinin əsasında bu, reallaşdırılmağa başlanıldı. Yəni bu geosiyasi layihənin gerçəkləşdirilməsi üçün yüz il lazım gəldi. Bu yüz il ərzində Rusiyanın dəfələrlə çarları dəyişdi, amma hər yeni çar hakimiyyətə gəldikdə bu layihə də onun masası üzərinə gəlirdi. Onlar yüz il hazırlıq işi gördükdən sonra bu layihəni reallaşdırdılar. Eyni formada Qarabağ layihəsi də getdi. 1920-ci illərdə Qarabağ Azərbaycanın tərkibində qaldı, amma sonra SSRİ-də hakimiyyətlər dəyişdikcə hər yeni rəhbərə Qarabağın Ermənistana birləşdirilməsiylə bağlı məktublar göndərilirdi. 70 il bu hazırlıq işləri, təbliğat aparılır, Moskvada bu işə dəstək verəcək adamlarla razılaşmalar olurdu, müxtəlif partiya nümayəndələri korrupsiya mexanizmləri ilə erməni maraqlarına bağlanılır, onların daha yaxşı vəzifələrə gətirilməsi üçün sonradan erməni lobbisi dəstək verirdi. Nəticədə 70 il hazırlıq işlərindən sonra onlar SSRİ dağılan kimi Qarabağ savaşını başlatdılar. Yəni biz bu tarixi proseslərdən nəticə çıxarmalıyıq. Əvvəla, köhnə dünya nizamı dağılıb yeni dünya nizamının formalaşdığı dönəm ən təhlükəli mərhələdir və biz hazırda onun içindən keçirik. İkincisi, bu proseslərə özünün geosiyasi layihələrin olmadan əliboş gedirsənsə, illərdir sənə qarşı formalaşdırılmış, səni ərazilərinin parçalanmasını nəzərdə tutan layihələrə müqavimət göstərəcək layihələr hazırlamırsansa və ya müttəfiqlər axtarmırsansa, o zaman hər dəfə belə dönəmlər yaşananda sən itirəcəksən. Baxın, Çar Rusiyası gəlib Qafqazı zəbt edəndə Azərbaycan iki yerə parçalandı. Çar Rusiyası dağılıb, SSRİ yarananda torpaqlarımızda Ermənistan dövləti yarandı, SSRİ dağılanda isə Qarabağ işğal olundu. Biz, həqiqətən, belə geosiyasi qarışıqlıqlara, yeni dünya nizamının formalaşması proseslərinə əliboş gedirik və hər zaman da itiririk. Bu tarixi həqiqətləri nəzərə alaraq, indiki prosesə hazırlıqsız gedə bilmərik. Ona görə də bizim öz layihəmiz olmalı və onun daxilində Qarabağ, Zəngəzur, Bütöv Azərbaycan məsələlərinin yeri olmalıdır. Ola bilər ki, bizim bu layihələrimizə dəstək verən çoxlu sayda dövlətlər var və bununla bağlı müəyyən addımlar da atıblar. Bunu bizi sevdikləri üçün yox, maraqlarımız üst-üstə düşdükləri üçün edirlər. Məsələn, bu gün İranı özünə təhdid sayan çoxlu sayda ölkə var. Məhz buna görə də Cənubi Azərbaycan məsələsi ABŞ Konqresində, Avropa Parlamentində qaldırılıb. “Nyu York Tayms” kimi qəzetdə dünyada hansı yeni dövlətlərin, o cümlədən Böyük Azərbaycan dövlətinin yarana biləcəyi ilə bağlı məqalələr dərc edilir, bunun real olduğu və regionun ən böyük dövlətlərindən biri ola biləcəyi qeyd edilir. Yəni maraqlarımızın üst-üstə düşdüyü dövlətlərin sayı kifayət qədər çoxdur və əgər öz layihəmizi irəli sürməsək, bu istiqamətdə çalışmasaq, bizi yenə də böyük itkilər gözləyir. Bu haqda ciddi düşünməliyik.

- Böyük dövlətlər niyə bizim kimi ölkələrin müqavimətini zəiflədən Qarabağ tipli məsələlərin həllində maraqlı olsunlar?

Ardı var...