Xocasəndə yaşayan məcburi köçkünlər: "Hara müraciət ediriksə, şikayətimizə baxan yoxdur" - VİDEO

11:31 03-10-2019 40
Binəqədi rayon Xocasən qəsəbəsində yaşayan məcburi köçkünlər yaşadıqları yerin ağır şəraitindən şikayət edirlər.

Yeniavaz.com xəbər verir ki, 1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğal edilməsindən sonra məcburi şəkildə Bakıya gələn Ağdam rayon Şahbulaq kənd sakinləri yaşadıqları pis şəraitdə xəstəliklərlə mübarizə apardıqlarını söyləyirlər.
Qışda sex və bənzəri yerlərdən topladıqları taxta parçalarını yandıraraq isindiklərini deyən məcburi köçkünlər evlərinə heç olmasa qaz çəkilməsini tələb edirlər. Evlərinin 50-100 metrlik məsafəsində yerləşən bütün evlərdə qaz olmasına baxmayaraq dəfələrlə edilən müraciətlərinin cavabsız qaldığını söyləyirlər.
Problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxladıq: "Bəhs edilən yerdə məskunlaşma pərakəndə şəkildədir və təhlükəsizlik qaydalarına zidd olduğu üçün orada qazlaşdırılmanın aparılması mümkün deyil. Biz dəfələrlə bənzəri yerlərdə qaz fəsadlarının şahidi olmuşuq. Sakinlər normal bir yerdə məskunlaşdırıldıqdan sonra qazlaşdırılma işləri aparılacaq".
 Sakinlər həmçinin bildirdilər ki, qəsəbənin kanalizasiya xətləri yaşadıqları evlərin yanından keçir. Həmin yerdə kanalizasiya xətləri də yararsız hala düşüb və çikrab suları hər yerə yayılıb. Bu səbəbdən səhər-axşam iydən, qoxudan dayana bilmirlər.
Yaşadıqları ərazidə natəmizlik səbəbilə xəstəliklərin yayıldığını söyləyəyən sakinlər evlərinin Xocasən gölünün yanında olması səbəbilə həyati təhlükələrinin də olduğunu bildirdilər. Çünki, göldən çıxan ilan, qurbağa və bənzəri canlılarla evlərində hər gün rastlaşırlar. Artıq həyatın dözülməz olduğunu deyən məcburi köçkünlər dövlətdən yardım istədiklərini bildiriblər.
"Belə yaşayacağımı bilsəydim ölərdim ancaq Ağdamdan çıxmazdım" deyən sakinlər Fövqəladə Hallar Nazirliyinin "yaşayışa uyğun deyil" rəyinə baxmayaraq aidiyyatı qurumların şikayətlə maraqlanmadıqlarını söyləyiblər.