Müxalifət ağır durumda

19:28 02-10-2019 95

Tahir Abbaslı
[email protected]

Xalqın inamını qazanmaq çətindir

Ölkənin radikal müxalifəti böhrandan çıxmaq üçün çox çabalar göstərir. Lakin böhran o qədər güclüdür ki, müxalifət suda boğulan adama bənzəyir, haray salır, amma  harayına çatan, onu düşdüyü dərin uçurumdan xilas edən yoxdur. Böhranda batan radikal müxalifəti xalqın müdafiə etməməsi bir yana, eyni düşərgədə, bir məqsədə xidmət edən müxalif qüvvələrin müdafiə etməməsi də ciddi düşüncə mövzusudur. Unutmaq olmaz ki, iqtidarın da, müxalifətin də güc mənbəyi yalnız xalqın dəstəyidir. Xalq da ölkədəki idarəetmə sistemində mövcud olan qüsurlara baxmayaraq,  hakimiyyət komandasına dözüm nümayiş etdirir.

Bunun günahını isə, müxalifət xalqda yox, özündə axtarmalıdır. Radikallar xalq arasındakı nüfuzunu çoxdan itirib və müxalifətin ölkəni normal idarə edə biləcəyinə əsla inanmır. Xalq artıq hər şeyi yaxşı başa düşür, onu yalan vədlərlə aldatmaq mümkün deyil. Xalq yalan danışıqlara deyil, reallığa inanır. Radikal müxalifətin xalqı cəlb edən müsbət işindən isə danışmağa dəymir.

Əgər xalq müxalifətə dəstək versəydi, ölkənin idarə olunmasında yol verilən bu qədər ciddi nöqsanlara görə, o, bir çağırışla Bakının mərkəzi meydanlarına axardı, heç mitinqə, filana da ehtiyac olmazdı. Radikal müxalifət ucuz hərəkətilə özünü o qədər nüfuzdan salıb ki, hakimiyyət onu saymır və mitinq üçün yer istəyəndə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən idman kompleksini göstərir.

Özünü ana, ata müxalifət lideri adlandıran AXCP sədri Əli Kərimli özünü elə hörmətsiz hala salıb ki, partiya sədrindən çox, millət onu blogger kimi tanıyır. Cəmiyyətin inamını qazana bilməyən Əli Kərimli indi sosial şəbəkə qəhrəmanına çevrilib. Hakimiyyəti tənqid yox, təhqir edir, iqtidar- xalq həmrəyliyini gözdən salmaq məqsədilə onun trolları sosial şəbəkələrdə söyüş, təhqir kampaniyası aparır. Bu hal isə özünü partiya sədri hesab edən, hakimiyyətə gəlmək iddiasında olan lider üçün normal sayıla bilməz.

2013-cü il prezident seçkisi ərəfəsində Milli Şuranı yaradan Rusiya qısa müddətdən sonra ondan ona görə imtina etdi ki, tərkibində Əli Kərimli kimi, hakimiyyətə gəlmək üçün hər şeyi, hətta vətənini belə, satmağa hazır olanlar var idi və onlara güvənmədi. Beləliklə, Rusiyanın öz məqsədi üçün istifadə edib zibilliyə atdığı Milli Şuradan bərk yapışan, onun vasitəsilə tezliklə hakimiyyətə gələcəyini düşünən AXCP sədrinin xəyalında qurduğu böyük hakimiyyət ideyası puç oldu. Deyəsən, baş verən hadisələr, hətta onun psixi durumunu da ciddi zədələyib, normal düşünmək qabiliyyətini də əlindən alıb.

Əgər AXCP sədrinin normal düşünmək qabiliyyəti olsaydı, Azərbaycanda mövcud olan durumu düz dəyərləndirə, normal müxalifət libası geyinib, ölkənin köklü problemlərinin həlli üçün səmərəli işlərlə məşğul olardı və güc əldə etmək məqsədilə özünə xarici havadar axtarmağa da ehtiyac olmazdı. Nə yazıq ki, Əli Kərimli bu cür normal düşüncəyə malik olmaq imkanından özünü məhrum edib, ziyanlı, yanlış mövqeyilə ölkəmizə qarşı düşmənçilik yolu seçib. Təsadüfi deyil ki, ermənilər beynəlxalq təşkilatlarda Azərbaycanı şərləmək üçün Əli Kərimlinin ölkəmiz haqqında sosial şəbəkədə yaydığı yalan məlumatlardan çox "səmərəli" istifadə edir.

Radikal müxalifət, xüsusən ölkədəki durumdan narazı qalan Əli Kərimli əgər güclü lider, partiya sədri olmaq istəyirsə, o, gücü kənarda axtarmasın, öncə ölkənin müxalifət düşərgəsinin, sonra isə xalqın dəstəyini qazansın, yetər. Amma təəssüf ki, Əli Kərimli göstərdiyimiz qüvvələrin etimadını qazana bilmədiyi halda, özünə güc axtarmaq məqsədilə hakimiyyəti təhqir edir, böhtan, şər atəşinə tutur.

Əli Kərimli ölkədə yaranmış durumu doğru qiymətləndirmək əvəzinə, şəhərin sabitliyini pozmaq məqsədilə yenə ümumi axına qarşı getmək kursu tutur, sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin ofisi qarşısında icazəsiz piket keçirmək istəyir. Hakimiyyətin bu kimi qanunazidd hərəkətlərə imkan verməyəcəyini bildiyi halda da, qarşıdurma yaratmağa çalışır. Bu yolla dövlətimizin imicinə ziyan vurmağa cəhd edir. Deməli, dövlətə və xalqa qarşı getmək AXCP sədri üçün xaricdən verilən ən mühüm tapşırıqdır.

Yekunda özünə ölkədə güc axtaran radikal müxalifətə ünvanı bir də göstərmək istəyirəm. Bu ünvan insanların qəlbidir, onların həyat problemlərini həll etməkdir, gərgin zəhmət hesabına xalqın inamını qazanmaqdır. Əgər müxalifət hakimiyyətə gəlmək istəyirsə, öncə ölkənin sadə insanlarının inamını qazanmalı, onları öz gücünə inandırmalıdır. Yoxsa hakimiyyəti təhqir etməklə, böhtan atmaqla məsələ həll olunmur, əksinə, bu yolla radikal müxalifət özünü tam hörmətdən salır, hakimiyyətin isə ömrünü uzadır.

Radikal müxalifət liderlərinin bu cür yanlış hərəkətləri üzündən, düz 26 ildir ki müxalifət ölkədə normal siyasi qüvvəyə çevrilə bilmir. İllər sürətlə keçir, lakin müxalifət güclənmək əvəzinə, geri gedir və daha da zəiflə-yir, bunu müşahidə edən xalq isə hakimiyyəti müdafiə edir.