Hüquqşünasdan ADP sədrinə cavab: Elə “bənd” mövcud deyil!

16:11 13-09-2019 30

BMT Nizamnaməsində xalqın “üsyan etmək hüququ” adlı hansısa bir bənd yoxdur. Ümumiyyətlə, BMT Nizamnaməsində üsyanla bağlı hər hansısa bir cümlə mövcud deyil.

Bu sözləri Axar.az-a hüquqşünas Əliməmməd Nuriyev ötən gün təşkil olunan “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda dəyirmi masada Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun BMT Nizamnaməsində öz istedad və qabiliyyətlərini inkişaf etdirə bilməyən insanların hakimiyyətə qarşı “üsyan etmək hüququ” olması ilə bağlı bildirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Hüquqşünas bildirib ki, beynəlxalq sənədlərin heç birində “üsyan etmək” və bununla bağlı hər hansısa bir fikrə rast gəlmək mümkün deyil:

“Bəzən bəzi politoloqlar tərəfindən belə fikirlər səsləndirilir. Ancaq bu, hər hansısa bir normada təsdiq olunmayıb ki, xalqın üsyan etmək hüququ var. Beynəlxalq nizamnamələrdə üsyana qarşı birləşmək, ona qarşı mübarizə aparmaq anlayışları var. Ancaq üsyan etmək hüququ ilə bağlı hər hansısa bir norma beynəlxalq sənədlərdə yoxdur, ola da bilməz. Kimsə bunu iddia edirsə, ortaya sənəd qoysun və sübut etsin.

Nə İnsan Hüquqları haqqında Konvensiyada, nə BMT-nin İnsan Hüquqları Bəyannaməsində, nə BMT-nin Nizamnaməsində, nə Siyasi-mülki-iqtisadi Hüquqlar haqqında Paktda, nə də hansısa bir ölkənin konstitusiyasında xalqın üsyan etmək hüququ anlayışı və onunla bağlı bir cümlə belə yoxdur”.

Qeyd edək ki, “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızının bu mövzuda şərhinə Sərdar Cəlaloğlu “Yeni Müsavat”ın canlı efirində cavab verməyə çalışıb və BMT Nizamnaməsinin 26-cı bəndinə səhvən istinad etdiyini, əslində isə İnsan hüquqları Bəyannaməsinin 29-cu bəndindən söhbət açdığını qeyd edib. Ancaq sözügedən Bəyannamənin 29-cu bəndində də “üsyan hüququ” ifadəsi yoxdur.