Sirus Qoçqaninin “Milana” hospitaldan qovulmasının pərdəarxası

14:25 09-09-2019 40
2 nəfərin ölümündə adı keçən həkim hüquqşünası məhkəməyə verib

 

“Baku Medical Plaza”da plastik əməliyyatlar gerçəkləşdiriən Sirus Qoçqani Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edib və ictimai vəkil Samir Zeynalovun cərimələnməsini, onun barəsində mətbuatda yazılanların təkzib edilməsini istəyir. İddia üzrə baxış sentyabrın 12-də, hakim Aygün Həsənovanın sədrliyi ilə keçiriləcək.

Sirus Qoçqani 2019-cu ilin mayında həkim Sona Gürgün Vəliyevanı əməliyyata götürüb. Əməliyyat acı sonluqla başa çatıb, Sona Gürgün Vəliyeva əməliyyat masasında dünyasını dəyişib. Bundan sonra həmin xəstəxanada plastik əməliyyatlar gerçəkləşdirən Sirus Qoçqanin adı növbəti qalmaqalın əsas fiquru kimi yenidən mətbuatın gündəminə qayıtdı. Məlum oldu ki, Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin əli altında dünyasını dəyişən ilk pasiyent deyil. 2 il əvvəl Sirus Qoçqani daha bir ölüm işində əsas fiqur kimi keçib.

“Zəfəran” hospitalda 22 yaşlı model Leyla Oruclu Sirus Qoçqaninin etdiyi əməliyyatdan bir neçə saat sonra dəhşətli ağrılar içində dünyasını dəyişib. Məlum olub ki, Sirus Qoçqani modelin əməliyyata götürülməsinə əks göstərişlər olmasından xəbərdar ola-ola onu əməliyyata götürüb.

Nəticə isə pasiyent üçün acınacaqlı olub. Sona Gürgün Vəliyevanın ölümündən sonra da bilinmişdi ki, onun da lipoksasiya əməliyyatına götürülməsinə əks göstərişlərdən Sirus Qoçqani xəbərdar olub. Buna baxmayaraq, pasiyent əməliyyat masasına qaldırılıb və ölüm qeydə alınıb. Modelin ölümündən sonra Sirus Qoçqani iş yerini dəyişməli olmuşdu. Hətta özünün psixoloji durumunda gərginlik yaranması haqda da məlumatlar vardı. Sona Gürgün Vəliyevanın ölümündən sonra Qoçqaninin iş yerini dəyişib-dəyişməməsi bilinmir, psixoloji durumu haqda da məlumatlar yoxdur.

Bunlar iranlı Sirus Qoçqaninin 2 Azərbaycan vətəndaşını əməliyyata götürməsi və həyatlarına son qoyan hərəkətləri haqda faktlardır. Sona Gürgün Vəliyevanın ölümündən sonra onun ailəsi ictimai vəkil Samir Zeynalova müraciət edərək ölüm işi üzrə günahkarların cəzalandırılmasına yardım etməsini xahiş ediblər. Olay ictimailəşib, Samir Zeynalov hüquq-mühafizə orqanlarına müraciət edərək məsələnin araşdırılmasını istəyib. Sirus Qoçqani isə ictimailəşən məlumatlara münasibət bildirməkdən yayınır, bunun əvəzində onun yaxın ətrafı ictimai vəkilə hədə mesajları yazırlar. Halbuki Samir Zeynalovun çıxışlarından əvvəl də Sirus Qoçqani haqda mətbuatda bu səpkili və daha sərt fikirlər, iddialar, hətta ittihamlar səsləndirilib.

Məsələn, 2017-ci ildə model Leyla Oruclunun ölümündən sonra Leyla Şıxlınskaya klinikasında çalışan cərrah Rafiq Dəmirçalov Sirus Qoçqani haqda “Bu həkim ildə bir neçə nəfəri öldürür” deyə bildirmişdi.

Onun axar.az saytına 2017.06.26-da dediklərindən sitat:

“İranlı estetik cərrah Sirus Qoçqanini ”Milana" hospitalından qovmuşdum. O, ildə az qala neçə nəfəri bu günə qoyur".

Eyni zamanda Rafiq Dəmirçalov feysbuk səhifəsində model Leyla Oruclunun ölümündə Sirus Qoçqaninin günahkar olduğunu yazmışdı. Sirus Qoçqani ilə bir yerdə işlədiyini, onu yaxşı tanıdğını qeyd edən Rafiq Dəmirçalov modelin ölümünə səbəb kimi həkim səriştəsizliyini göstərmişdi.

Rafiq Dəmirçalov ile ilgili görsel sonucu

Rafiq Dəmirçalov

 

“İranlı estetik cərrah Sirus Qoçqaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla gənc, həm də model olan bir qızı əməliyyata alarkən onun valideyinləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər. Pula görə belə işlər görmək olmaz”, - deyə Rafiq Dəmirçalov qeyd etmişdi.

Sirus Qoçqanini də dinləməyə, mövqeyini dərc etməyə hazırıq./“Yeni Müsavat”/