Məktəb tikək, yoxsa təhsil verək?!

18:51 06-09-2019 65

Bu gün ölkəmizdə təhsilin səviyyəsinin acınacaqlı vəziyyətdə olduğu hamıya bəllidir. Əsasən də, orta məktəblərdə vəziyyət daha gərgindir. Hələ ki, Təhsil Nazirliyinin gördüyü tədbirlər, "Müəllimlərin İşə Qəbul" (MİQ) imtahanlarının təşkili və s. təhsilin bu seqmentində vəziyyətin müsbətə doğru dəyişməsinə təkan verə bilmir. Artıq növbəti dərs ilinin başlanmasına sayılı günlər qalsa da, bu dərs ilində də vəziyyətin müsbətə doğru dəyişəcəyi barədə müjdələr yoxdur. Faktiki olaraq Təhsil Nazirliyi hazırkı duruma təsir edəcək - nəticə hədəfli hansısa bir əsaslı tədbir görməyib. Sadəcə olaraq, dövlət başçısının təşəbbüsü ilə müəllimlərin bir qisminin maaşı artırılıb ki, bunun da orta məktəblərdə təhsilin səviyyəsinə necə təsir edəcəyi bəlli deyil. Belədə isə cəmiyyət gündən-günə savadsızlaşır, ölkədə fikrini iki cümlə ilə ifadə edə bilməyənlərin sayı həndəsi silsilə ilə artmaqdadır.

Bir tərəfdən təhsil proqramları anlaşılmaz şəkildə, digər tərəfdən dərsliklər bərbad tərtibatada, üçüncüsü isə müəllimlərin dərs deməyə ümumiyyətlə həvəsi yoxdu. Çünki müəllim əsas iş yeri olan məktəbdən aldığı məvaciblə dolana bilmir, əlavə işlə məşğul olmaq məcburiyyətində qalır. Həşəmətli deputatımız Hadi Rəcəbli demişkən, müəllim günortaya qədər dərs deməli, günün ikinci yarısı isə normal yaşamını təmin etmək üçün başqa işlərlə (ev tikmək, yük daşımaq, toyuq-cücə saxlamaq, qoyun -quzu da olar)  məşğul olmalıdır. Qadınlar əsasən ev işləri, kişilər isə bənna, dülgər, suvaqçı, hətta çobanlıq da edə bilər.

Bu isə müəllimi həm fiziki, həm də mənəvi cəhətdən əzərək sıradan çıxarır. Ona görə də son illər kişi müəllimlər əsasən müəllimliyin daşını atıb, başqa işlərlə məşğuldur. Mən istedadlı müəllimlər tanıyıram ki, müstəqillik dönəmində müəllimlikdən əl çəkib, taksi fəaliyyəti ilə, heyvandarlıqla, hətta, bazarda meyvə-tərəvəz, göy-göyərti satmaqla məşğul olmağa başlayıbar. Son illərdə repetitorluq fəaliyyətinin geniş vüsət alması ilə həmin istedadlı müəllimlərin bir hissəsi yenidən müəllimlik fəaliyyətini bu sahədə bərpa edə bilsə də, bir çoxları bu peşədən birdəfəlik əl çəkiblər. Repititorluq tendensiyasının artması Azərbaycan təhsilinə müəyyən töhfələr verdiyini də qeyd etmək olar. Ağırlıq valideyinlərin üzərinə düşsə də, son illər təhsilini davam etdirən gənclərin böyük əksəriyyəti repititorların əməyinin bəhrəsidir. Düzdür, bir sıra "hazırlıq kursları"nın da burada öz payı var, amma əsas töhfə repititorlarındı. Buradan ibrətamiz bir nəticə çıxır - deməli, müəllimin əməyi layiqincə qiymətləndirilərsə, o, minimum şəraitdə belə yüksək keyfiyyətli təhsil verə, savadlı gənclər yetişdirə bilər. Hal-hazırda repititorluqla məşğul olan müəllimlərin şəraiti ilə tanış olduqda, şahidi oluruq ki, adi otaq və stullardan başqa müəllimə heç nə lazım deyil, sadəcə müəllimdə işinə maraq, həvəs oyatmaq lazımdır. Bəs, biz hökumət olaraq hansı işlərə daha çox üstünlük veririk? Hər il Təhsil Nazirliyinə 10 milyon manat civarında birbaşa dövlət büdcəsindən vəsait ayrılır. Bununla yanaşı, bir sıra xarici və yerli fondlar da Azərbaysanda məktəb tikintisi ilə məşğul olur. Təhsil Nazirliyi ona ayrılan vəsaitin əhəmiyyətli hissəsini təmir-tikinti işlərinə xərcləyir. Anlaşılmır ki, bu qurum təmir-tikinti tresattidir, yoxsa Təhsil Nazirliyi. 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etdirilir. Bir necə məktəbdə isə əlavə korpusların tikintisi işləri aparılır. Bir tərəfdən bəyan edilir ki, şagird sıxlığı var, digər tərəfdən dərs zamanı xəbərdarlıqsız monitorinq ararılsa, məlum olar ki, siniflər boşdur - hər sinifdə 5-10 şagird var. Bəs onda maraq nədən ibarətdir ki, saxta şagird sıxlığını əsas gətirərək nazirlik məktəb tikintisinə daha çox diqqət ayırır? Bunun sadə səbəbi var: ölkə boyu büdcədən maliyyələşən bütün tikinti sektorunda, o cümlədən də məktəb tikintisində ciddi korrupsiya var. Həmin korrupsiya halları nəticəsində məmurların cibinə axan milyonlar onlara təhsil haqqında düşünməyə imkan vermir. Artıq düşünən yoxdur ki, Avropa uslubunda tikilən, geniş dəhlizli, yaraşıqlı sinif otaqlarında yeni nəsilə verilən təhsil hansı səviyyədə olacaq.

Fikrimizcə, Təhsil Nazirliyi məktəblərin təmir-tikinti proseslərindən azad edilməlidir. Nazirlik yalnız təhsilin keyfiyyəti ilə məşğul olmalı və bunun üçün gərəkən vəsaiti büdcədən alaraq, növbəti ildə görülən işlərin verdiyi nəticələri cəmiyyətə açıqlamalıdır.

 Akif Nəsirli