SABİQ PREZİDENT HAKİMİYYƏTİ HƏDƏLƏDİ – “Bunun axırı pis qurtaracaq…” + VİDEO

12:04 08-08-2019 19

“Qırğızlar kolxoz sürüsündə qoyun deyil…”

Qırğızıstanın keçmiş prezidenti, sığındığı Koy-Taş iqamətgahına xüsusi təyinatlılar tərəfindən dünəndən etibarən basqın həyata keçirilən Almazbek Atambayev videomüraciətlə çıxış edib və güc strukturlarını “özbaşınalıqları dayandırmağa” çağırıb.

Azadlıq” radiosunun qırğız xidməti xəbər verir ki, eks-prezident onun həbs olunması cəhdinin qanunsuz olduğunu deyib. O, hakimiyyəti qanunsuz hərəkətlərə son qoymağa və dayanmağa çağırıb, deyib ki, əks halda bunun axırı pis qurtaracaq.

“…Atambayevi tutmaq, həbs etmək, öldürmək üçün hakimiyyət artıq dinc vətəndaşları güllələməyə, öz xalqına atəş açmağa da hazırdır. Bu, bespredeldir! Qırğızıstanlılar heç vaxt kolxoz sürüsündəki qoyun olmayacaqlar, hakim klana qul olmayacaqlar. Mən hakimiyyəti bir daha düşünməyə çağırıram”,-keçmiş prezident bildirib.

Atambayevin tərəfdarları onun iqamətgahına hücum edən xüsusi təyinatlılardan 6-nı girov götürüblər və əməliyyatın dayandırılacağı halda onları buraxa biləcəklərini deyirlər. Yerli sakinlər habelə kəndə elektrik enerjisinin verilməsinin bərpa edilməsini, telefon və internet rabitəsinin bərpasını tələb edirlər. Lakin girovların azad edilməsinə dair danışıqlar nəticəsiz qalıb, bununla belə xüsusi təyinatlılar Koy-Taş kəndinin ərazisini tərk ediblər. Məlumatlara görə güc strukturları Atambayevi tutmaq üçün ikinci əməliyyata hazırlaşır.

Eks-prezident mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırlır, onun toxunulmazlığı ləğv edilib. Lakin Atambayev bütün ittihamları rədd edir və istintaqa təslim olmayacağını bildirib.

***

Qeyd edək ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taşe kəndində yerləşən iqamətgahına hücum nəticəsində ən azı 15 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib, bir nəfər həlak olub .

Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən RİA “Novosti” məlumat yayıb.

“Saat 23:25-ə (Bakı vaxtı ilə 21:25-də) olan məlumata görə, xəstəxanalarda ümumilikdə müxtəlif xəsarətlərlə 15 yaralı var”, — deyə idarədən bildirilib.

Dünən axşam Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. İqamətgahın ərazisinə xüsusi təyinatlılar yeridilib, atəş səsləri eşidilir. Məlumata görə, sabiq Prezidentin tərəfdarları arasında 10-a yaxın şəxs yaralanıb.

Xəsarət alanlar arasında jurnalist Aida Cumaşova da var.

Qeyd edək ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.