Nazirlik kənd təsərrüfatının inkişafından danışır - Bazarlar “od tutub yanır” 

14:23 12-07-2019 33

Bahalaşma əhalini meyə-tərəvəzədən məhrum edib

Son günlər bəzi kənd təsərrüfatı məhsullarının , xüsusən də pomidorun qiyməti əsas müzakirə mövzusudur. Bir çox dükan –bazarlarda pomidorun kilosu nəinki 1 manata, artıq 1.50-1.70 manata satılır. İyul ayı üçün bu qiymət nonsens sayılır.

Musavat.com-un müxbiri bu günlərdə paytaxtda aqrar məhsulların topdan və pərakəndə satışını həyata keçirən “8-ci kilometr ” bazarına baş çəkib. Qiymətlər nəinki alıcıları, elə satıcıları da narazı salıb. Onlar topdansatış mərkəzlərindən götürdükləri məhsulların günbəgün artdığını bildirirlər. Xüsusən də pomidor, xiyar, soğan, gilas, alça kimi məhsullarda bu özünü daha çox göstərir. Nəticədə alıcılıq azalır və məhsul satışının həcmi öncəki dövrlərlə müqayisədə aşağı düşür.

Qiymətlərə gəlincə, hazırda bazarda ən çox ucuzlaşan məhsul kartofdur, kiloqramı bir həftə öncə 1 manat olsa da, hazırda 50-55 qəpik arasında dəyişir. Soğanın qiyməti isə əksinə, çox bahadır, hər ilin bu dövründə soğan 20-30 qəpiyə satılsa da, indi 90 qəpik – 1 manat arasındadır. Ən çox rezonansa səbəb olan pomidor isə 60 qəpikdən 1.20 -1.50 manata yüksəlib, hətta bazarda kənarda bəzi kiçik dükan və mağazalarda 1.50-1.70 manata da təklif olunur. Badımcanın kiloqramı hər il bu dövrdə 30-40 qəpiyə düşürdüsə, bu il iki dəfə baha 60-80 qəpiyə satılır. Xiyar da bahalaşaraq, 70 qəpiyi ötməkdədir. Sarımsağın kiloqramı isə 1 manatdır.

Bostan məhsullarından qarpızın kiloqramı 35, yemişin 1 kq-ı isə 60 qəpikdir. Kələm 40-50 qəpiyə, qarğıdalının 3-4 ədədi 1 manatadır. Meyvələrdən ucuzlaşmamaqda israrlı olan gilas və alçadır ki, gilas 3.50 manatdan başlayır. Alçanın qiyməti 3-5 manat arasında dəyişir. Ərik bir qədər ucuzlaşıb, cır ərik 2.50 manata, sort əriklər isə 3 manatdan başlayan qiymətlərlədir. Armud və almanın kiloqramı 1.50 civarındadır.

Səbəblərə gəlincə, satıcılar bildirdilər ki, son 10 gündə ki, kartofun qiyməti ucuzlaşıb: “1 manata satılan kartof indi 60 qəpiyə düşüb. Bazarda ən çox Tovuz kartofudur. Gədəbəy kartofu çox azdır. Bazarda Gürcüstan, Rusiya, Belarusiya kartofu da var. Yerli məhsul onlardan daha ucuz olduğundan iş adamlarına idxal sərf etmir. Kartof bolluğu qiymətlərə də təsir edir. Soğanı şok həddə bahalaşmasının səbəbini isə satıcılar ixracla əlaqələndirirlər: “Hazırda bazarda Bərdə soğanı satışdadır. Ağdam soğanı demək olar ki, yoxdur. Səbəbi isə ixracla bağlıdır. Bundan əlavə, bu il soğan sahələrini xəstəlik də vurdu və bu da məhsuldarlığın azalmasına səbəb oldu”.

Alıcılar da son günlər bazarda qiymətlərdən şok keçirdiklərini etiraf etdilər. Pomidorun 1.50 manata, soğanın 1 manata qalxması onları da narahat edir. Qadınlar isə qışa tədarüklə bağlı bu il heç nə edə bilmədiklərindən təəssüflənirlər.

Builki bahalığı şərh edən iqtisadçı ekspert Nicat Nəsirli bildirdi ki, iyul ayını hamı həsrətlə ona görə gözləyir ki, Xaçmaz, Şəmkir, Sabirabad, Masallı pomidoru çıxsın, qiymətlər ucuzlaşsın: “İnsanlar bir tərəfdən evlərdə qış tədarükü görürlər, digər tərəfdən pomidorun yayda ən çox istehlak olunan məhsuldur. Lakin, iyulun onuncu gününü yaşasaq da hələ açıq sahə pomidoru bazarlara çıxmayıb. Səbəb? Bu ilki təsərrüfat mövsümünü istisna hal kimi qiymətləndirmək olar. Məsələ burasındadır ki, ilkin yazdan başlayaraq havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər ortaya çıxardı. Əlverişsiz havalar ilkin yaz mövsümündə tumlu meyvə ağaclarının potensial məhsuldarlığa çatmasına imkan vermədi, ağaclarda mayalanma prosesi yağışların təsiri ilə başa çatmadığına görə məhsuldarlıq (gilas, ərik, alça və s.) aşağı düşdü. İyun-iyul aylarındakı meteroloji göstəricilərinin təhlili deməyə əsas verir ki, əlverişsiz havalar artıq açıq sahə tərəvəzçiliyinə də mənfi təsir göstərməkdədir”.

 N.Nəsirlinin sözlərinə görə, hazırki mərhələdə bahalaşmanın əsas səbəbi istixana tərəvəzçiliyi ilə açıq sahə tərəvəzçiliyinin bir-birini əvəzləməsi prosesində yaranan 10-15 günlük fasilədir: “İstehsal təqviminə görə, temperaturun yüksəlməsi, şitillərin məhsulvermə dövrünün başa çatması ilə əlaqədar olaraq iyunun ikinci on günlüyündə istixanalar fəaliyyətini dayandırır, iyulun əvvəllərində isə açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara girərək istehlak zəncirində fasilənin yaranmasına imkan vermirdi. Bu il zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat mövsümünə qismən yekun vursalar da açıq sahədə əkilmiş bostanlarda məhsul vaxtında yetişməyib. İstilik bütün bitkilər kimi tərəvəz məhsullarının yetişməsi üçün ən mühüm şərtdir. Artıq iki həftədir ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı yaranmadığı üçün kütləvi yetişmə prosesi gecikir. Dünən əsas tərəvəzçilik rayonlarında apardığımız müşahidələr görə, iki həftəyə yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə temperatur yaranmadığı üçün bostanlarda təxminən 15 günlük gecikmə əmələ gəlib. Ötən ilə qədər bostanlarda iyulun 1-dən kütləvi tədarük başlayırdı, dünənki müşahidələrə görə, fermerlər yalnız ala-kal məhsulların yığımına başlayıb. Fermerlər deyirlər ki, tez, orta və gec yetişən sortlar əksələr də yetişmə prosesində ardıcıllıq itib, tez yetişən sortların yığımı iyulun 10-a qədər baş çatmalı idi, lakin hələ yığımı yenicə başlayıb. Məntiqi olaraq istehsalda təbii amillərin təsiri ilə yaranmış bu qısamüddətli fasilə bazarlardakı qiymətlərə öz təsirini göstərib. Lakin iqlimdəki qeyri-stabillik düzələrsə, ən uzağı bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq və bununla da bazarlarda qiymət təlatümü xeyli səngimiş olacaq”.

Ekspertin sözlərinə görə, bu prosesin fonunda ixrac amilini də unutmaq olmaz: “Ötən ildən başlayaraq yaxın və uzaq qonşu ölkələrdə meyvə-tərəvəz məhsullarının qiyməti yüksəlməkdə, tələbat dinamik artmaqdadır. Təbii ki, bu proses maya dəyəri ucuz başa gələn Azərbaycan məhsullarına tələbatı artırır. İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzinin may ayı üçün açıqladığı rəqəmlərə görə, ötən ilin yanvar-aprel aylarında Rusiyaya ilə ixrac 135 milyon dollar təşkil etmişdis, bu il 164 milyon dollara yüksəlib. Və burada meyvə-tərəvəz xüsusi çəkiyə malikdir. 2018-ci ilin aprelində Rusiyaya 36 milyon dollarlıq qeyri-neft məhsulları göndərilmişdisə, bu ilin aprelində 49 milyona qalxıb. Apreldə Türkiyə ilə də ticarət münasibətləri xeyli yüksəlib, ötən il 29 milyon dollarlıq dövriyyə bu ilin aprelində 48 milyon dollara qalxıb. Məsələni yalnız meyvə-tərəvəz məhsulları üzərinə fokuslasaq, 2018-in yanvar-aprel dövründə Rusiyaya 111 milyon dollarlıq meyvə-tərəvəz göndərilmişdisə bu ilin eyni dövründə 34% artaraq 149 milyon dollara yüksəlib. Yalnız aprel ayına baxsaq, ötən ilin aprelində 18 milyon dollarlıq pomidor ixracı 2019-cu ilin aprelində 24 milyon dollara yüksəlib. Pomidor ötən ilin aprelində də bu ilin aprelində də ixracda liderliyini qoruyub. 2019-cu ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı 241 milyon dollar təşkil edib. Rəqəmlərə əsasən, pomidora artan təlabat istehsal strukturunda öz əksini tapır. Əhalinin pomidor üzrə illik tələbatı 400- 470 min ton təşkil edir ki, yerli istehsal bunu tam ödəməyə gücü çatır. İstehsal həcminə görə, adambaşına 64 kq pomidor düşür, lakin hesablamalar göstərir ki, hər bir vərəndaş ildə 50 kq – dan artıq pomidor istehlak etmir”.

pia.az