Koreya Azərbaycanda ustalar hazırlayır – Qəbul başladı

12:00 09-07-2019 445

 

Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin bazasında yaradılan Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu başlanılmasına dair mətbuat konfransı keçirilib.

Xəbər verir ki, tədbirdə çıxış edən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Rəşad Xanlarov mərkəzin Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcəyini bildirib.

"Bu modeli tətbiq etməyimizin səbəbi Koreya modelinin nailiyyətlərinin olmasıdır. Mərkəzimizdə tələbələrin 8 fərqli ixtisas üzrə birillik proqlamlarda təhsil almaq imkanı var. Onlar torno və frezer dəzgahlarının operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı, avtomatika üzrə usta ixtisasları üzrə təhsil ala bilərlər”, - direktor bildirib.

Onun sözlərinə görə, Mərkəz bu gündən etibarən iyulun 25-ə kimi elektron sənəd qəbuluna başlayır. Müsabiqənin ilkin mərhələsində elektron ərizələrdəki göstəricilər qiymətləndiriləcək:

“İkinci mərhələnin nəticələri isə avqustun 14-ü açıqlanacaq. Bu il 409 tələbənin qəbulu nəzərdə tutulub. Onlardan 240-ı dövlət hesabına, 160-ı isə ödənişlidir".

Mərkəzin direktoru onu da qeyd edib ki, layihə həm Azərbaycan, həm də Koreya tərəfindən maliyyələşib:

"Layihənin ümumi dəyəri 40 milyon dollardır. İki diplom yanaşmasını tətbiq etməyi düşünürük. Tələbələrə həm Təhsil Nazirliyi, həm də beynəxalq şirkətlərin sertifikatları veriləcək. Dərsliklər və təhsil Azərbaycan dilində olacaq. İstənilən yaş həddində olan şəxslər mərkəzimizə müraciət edə bilər".

Daha sonra çıxış edəm Peşə Tədris Mərkəzinin Yaradılması Layihəsinin rəhbəri professor Heo Yo Sydonio bildirib ki, layihənin məqsədi Azərbaycanda bu sahədə ustaların yetişdirilməsidir:

“Gələcəkdə texniki fənlərin tədrisində 20 faiz nəzəri, 80 faiz praktiki biliklər olacaq. Bunu Azərbaycanda bir növ bütün peşə məktəblərinin mərkəzləşdirilməsi kimi görmək olar. Digər məqsədimiz texniki tələbata cavab verən ustaların yetişdilməsidir”.