İnqilab eşqinə düşən düşmənlər

16:47 08-07-2019 670

Azərbaycan özünün sabit, sürətli inkişafı ilə irəli gedir. Dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli qarşılıqlı faydalı əlaqələr qurur, eyni zamanda iqtisadi və hərbi qüdrətini artırır, Qafqazda gücə çevrilir, vətəndaşların sosial rifahının yüksəlməsi üçün silsilə zəruri addımlar atır. İqtisadiyyatımız dünya iqtisadi sisteminə daxil olur. Ölkəmiz Şimalla Cənubu, Şərqlə Qərbi boru kəmərləri və dəmir yolu vasitəsi ilə birləşdirən mühüm mərkəzə çevrilir. Paytaxtımız indi dünyanın iqtisadi, siyasi, mədəni, humanitar, dini və idman mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Bütün bunlar hələ ölkəmizin əldə etdiyi nailiyyətlərin hamısı deyil. Əgər ölkəmizin son illərdə qazandığı uğurların hamısını bir yazıda qeyd etmək istəsək, o zaman yazımızın miqyası böyük olar və xeyli zamana ehtiyac olar.

Azərbaycan inkişaf etdikcə, dostlar sevinir, düşmənlər isə ölkəmizə maneə olmaq, tərəqqini tənəzzülə çevirmək üçün yollar arayır, fitnə - fəsad törətməyə çalışırlar. Düşmənin bütün çabalarına baxmayaraq, ölkəmiz özünəməxsus iradə və qətiyyətlə irəliləyir, dinamik inkişafı təmin etməklə, dövlətimizin güclənməsinə, vətəndaşlarımızın rifahının yaxşılaşmasına, işğal altında olan torpaqlarımızın azad olunmasına çalışır.

Azərbaycanın iqtisadi gücünün artması, regionda söz sahibinə çevrilməsi, xüsusən müstəqil siyasət həyata keçirməsi, heç bir dövlətin təsir dairəsinə düşməməsi, ikitərəfli münasibətləri inkişaf etdirməklə, dünyanın bütün dövlətləri ilə yaxşı əməkdaşlıq əlaqələri qurması bəzi beynəlxalq güclərinin xoşuna gəlmir və buna görə də, bir çox hallarda qərəzlə, kin - küdrətlə və haqsızlıqla qarşılaşır.

Ölkəmizin dünya çapında güclü dövlətə çevrilməsi düşmənlərimizin daha da aqressivləşməsinə səbəb olduğunu hər gün müşahidə edirik. Ölkəmizə qarşı ikili standartların tətbiq olunması, haqqının tapdanması, təcavüzkar Ermənistanın işgal etdiyi torpaqlardan çıxması üçün  beynəlxalq təşkilatlar tərəfindən lazımı tədbirlərin görülməməsi ölkəmizə qarşı göstərilən ögey münasibətin açıq təzahürüdür.

Özlərini demokratiyanın alınmaz qalası və dünya demokratiyasının qarantı sayan Qərb dövlətləri onlarla qurulan yüksək səviyyəli iqtisadi, humanitar, mədəni əlaqələrə baxmayaraq, yenə də yeri gəldikcə, Azərbaycana qarşı təzyiq göstərmək «xəstəliyindən» azad ola bilmirlər. Əllərində olan imkanlardan ölkəmizə qarşı istifadə etməklə kifayətlənməyən Avropa, hətta müxtəlif səbəbdən ölkəmizi tərk edib, Avropa ölkələrinə köçmüş vətəndaşlarımızdan da Azərbaycana qarşı düşmənçilik məqsədilə istifadə etmək niyyətlərini gizlətmirlər. Hazırda Qərb ölkələrinə sığınıb həmin ölkələrin maddi yardımı ilə internet televiziya kanalları açıb, Azərbaycana qarşı hər gün düşmənçilik məqsədi ilə təhqir, söyüş ritorikası ilə əks təbliğat aparan satqınlar məhz ölkəmizə düşmən münasibət bəsləyən Avropa ölkələrinin iradəsini ifadə edirlər.

ABŞ-da məskən salıb, "Osmanqızı tv" kanalı açıb, Azərbaycana və onun hakimiyyətinə qarşı böhtan, yalan, təhqir püskürən Sevinc Osmanqızının həddini aşması, xanımlığını unudub, doğma ölkəsinə qarşı əks təbliğat aparması təbii ki, tək Sevinc xanımın gücünün və ağlının məhsulu deyil, ABŞ-ın ermənipərəst qüvvələrinin çirkin əməlinin bəhrəsidir. Sevinc Osmanqızının Azərbaycana qarşı düşmən təbliğatının ruporuna çevrilməsi ilk növbədə onun şərəf və ləyaqətini alçaltmış olsa da, onun Azərbaycana yönəlik şərəfsiz fəaliyyətə cəlb olunmasında ABŞ hakimiyyət dairələrinin əli aydın görünür.

Eləcə də Avropada məskunlaşıb, hər cür təbliğat vasitələrilə təmin olunmuş Qənimət Zahidin, Qurban Məmmədovun, Qabil Məmmədovun, Tural Sadıqlının, Orduxan Teymurxanın, Vidadi İsgəndərlinin və digər xəyanətkarların Azərbaycana qarşı apardıqları vicdansız və ləyaqətsiz əks- təbliğatın arxasında Avropanın ermənipərəst qüvvələrinin durmasına heç kim şübhə ilə yanaşmır.

"Azerfreedum tv" kanalının sahibi, Azərbaycanda noyabr ayında həyata keçirilməsi planının «inqilabın» memarlarından olmaq iddiasına düşən Qurban Məmmədovun İngiltərəyə sığınıb ölkəmizə qarşı iyrənc təbliğat kampaniyası aparmasına şərait yaradılması da hökumət dairələrində əyləşən ermənipərəst qüvvələrin düşmənçilik əməlinin nəticəsidir. Halbuki, İngiltərə Azərbaycanın Avropada ən böyük iqtisadi tərəfdaşıdır və bu tərıfdaşlıq ölkəmizin müstəqillik əldə etdiyi ilk illərdən mövcuddur. Lakin hadisələrin gedişindən göründüyü kimi, İngiltərə ölkəmizə qarşı səmimi tərəfdaş kimi hərəkət etmir, əksinə, əllərinə fürsət düşən kimi, Azərbaycana qarşı düşmənçilik xəstəliyini gizlətmir.

Bu ilin iyun ayında UEFA Avroliqa futbol oyunlarının finalının  Bakıda keçirildiyi ərəfədə İngiltərə XİN-in ölkəmizə futbol izləməyə gələn vətəndaşlara etdiyi bədnam xəbərdarlıqla bu ölkənin Azərbaycana qarşı heç də xoş niyyətli dost olmadığını açıq nümayiş etdirdi. 

Yazıda qeyd etdiyimiz məqamlardan göründüyü kimi, dünyada Azərbaycanın güclü dövlət kimi formalaşmasını heç bir dövlət istəmir. Əksinə, dünyanın güclü dövlətlərinin hər biri istəyir ki, möhtəşəm coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan Azərbaycanı əlinə keçirib, onun bütün üstünlüklərindən öz xeyirinə istifadə etsin.

Lakin Azərbaycanı öz maraqları naminə gücdən düşürüb, onun sərvətlərini ələ keçirmək istəyən düşmənlər xalqımızın dövlətini qorumaq üçün hər cür döyüşə, fədakarlığa hazır olduğunu da bilməmiş deyil. Xarici havadarlarının təhriki ilə ölkəmizdə inqilab etmək eşqinə düşən xəyanətkar vətəndaşlarımız da yaxşı bilirlər ki, onlar inqilab barədə cəfəng düşünə, nağıl danışa bilərlər, amma Azərbaycanda inqilab edə bilməzlər. Çünki bu ölkənin fədakar xalqı öz dövlətini qorumaq üçün, hətta doğma övladına belə, güzəşt etməyəcəyini hər kəs yaxşı bilir.

Azərbaycan xalqı indiyədək belə olub, belədir və bundan sonra da düşmənlərə və xəyanətkarlara qarşı qəddar və amansız olacağını heç kimdən gizlətmir.

Azərbaycanda inqilab eşqinə düşənlər qoy, unutmasınlar ki, hər zaman olduğu kimi, xalqımızın amansız mübarizəsi ilə üzləşəcəklər və onları hədsiz dərəcədə çox ağır zərbə gözləyir...

Mahir Abbaszadə