BAKIDA NÖVBƏTİ SU PROBLEMİ: KANALİZASİYA SUYU İÇMƏLİ SUYA QARIŞDI

15:38 08-07-2019 26

Nəsimi rayonu, üçüncü mikrarayonda su borusu tullantı suyuna qarışıb. Rayonun Hüseynbala Əliyev küçəsinin 38 və 46-cı binalarının sakinləri təlaş içindədir.

Bu barədə bizimyol.info-ya sakin məlumat verib.

O deyib ki, su borusunun partlaması nəticəsində içməli suyun küçəyə axması ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 955 saylı “Qaynar Xətt”inə müraciət edib.

Bu müraciətdən sonra “Azərsu”nun əməkdaşları əraziyə gəlib baxış keçiriblər. Amma onların gördüyü tədbir nəticəsiz qalıb.

Məsələ ilə bağlı bizimyol.info-nun əməkdaşı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayillı ilə əlaqə saxlayıb. Müraciət nəticəsiz qalıb.

Qeyd edək ki, Azərbaycanın içməli su ehtiyatları məhduddur, 27 km3-dir (Gürcüstanda 61.5 km3), quraq illərdə 20-21 km3-ə qədər azalır. Bu azmış kimi, ölkədə şirin suların çirklənməsi problemi də var.

Həmçinin, içməli suyun yarısı istehlakçılara çatmır. “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nə görə, 2015-ci ildə ilk mənbədən götürülən suyun son istehlakçıya çatdırılması zamanı baş vermiş itkilərin səviyyəsi 52 faiz olub. Ev təsərrüfatlarına suyun paylanması zamanı yaranmış itkilər təxminən 30-32 faiz (Türkiyədə 12 faiz, Almaniyada 4 faiz) hesablanıb. Borular köhnəldiyindən Bakıda yeraltı su gölləri əmələ gəlir.