UÇAN BİNANIN YERİNDƏN REPORTAJ – Fotolar + VİDEO

11:02 08-07-2019 45

3Dünən Nərimanov rayonunda təhlükəli vəziyyətdə olan və bir neçə ay öncə sakinləri evakuasiya edilən 5 mərtəbəli binanın bir divarı uçub. Sosial şəbəkələrdə həmin divarın söküntü zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün dağıldığı qeyd olunub.

“Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar. 1934-cü ildə tikilən binanın ətrafı dəmir lövhələrdə hasarlanıb, onun qarşısından keçən yolda isə həm avtomobillərin, həm də piyadaların hərəkəti məhdudlaşdırılıb.

Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov bildirib ki, Fövqəladə Hallar Nazirliyi binanın kəskin təhlükəli vəziyyət olması haqda rəy verib və hər an uça biləcəyi qeyd olunub. Sakinlərin köçürülməsinə 3 ay öncə başlanılıb və 1 ay əvvəl başa çatıb. Təxminən 10 gün əvvəl isə söküntü işlərinə start verilib. İlk olaraq da ətrafın təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülüb. Faktiki söküntü işlərinə isə başlanılmayıb.

Dünən saat 19 radələrində binanın bir hissəsi heç bir müdaxilə olmadan uçub. Uçqun zamanı hər hansı vətəndaşa, obyektə, avtomobilə ziyan dəyməyib.

Binanın keçmiş sakinləri bildiriblər ki, yaşadıqları mənzillər o dərəcə təhlükəli vəziyyətdə olub ki, döşəmələrdəki oyuqlardan aşağı mərtəbədə yaşayanların evləri görünürmüş.

Bundan sonra söküntü işləri davam etdiriləcək. Qəbul edilən layihəyə uyğun olaraq, yerində 16 mərtəbəli yaşayış binası tikiləcək. Binanın sakinləri isə kirayə pulu ilə təmin edilərək köçürülüb. Bina təhvil veriləndə onlar da öz evlərinə qayıdacaqlar.