Zakir Fərəcovun Sumqayıt məcaraları - faktlar

10:52 08-07-2019 47

Onun mətbuatda "kor xəlifə" adlandırılması təsadüfi deyil

Azərbaycan yüksək iqtisadi göstəricilərə malik dövlət olsa da, bəzi icra başçılarının günahı üzündən bu iqtisadi göstəricilər ölkə vətəndaşlarının azad, firavan və qayğısız həyat sürməsinə xidmət etmir. Ölkədə tüğyan edən məmur amirliyi, rüşvətxorluq, dərəbəylik, özbaşınalıq halları, xüsusən icra başçılarının həddini aşıb, xalqa zülm etməsi, dövlət büdcəsindən rayon və şəhərlərə ayrılan külli miqdarda pul vəsaitinin mənimsənilməsi, üstəlik iş adamlarının, sahibkarların incidilməsi, talanması, vətəndaşların haqsız yerə təhqir olunması heç bir əndazəyə sığmır.


Hətta ölkədə elə icra başçıları var ki, nə qayda - qanuna əməl etmir, nə Prezidentin göstərişlərini vecinə almır, nə də Allahdan qorxmur. Belə icra başçılarından biri də Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Onu yaxından tanıyanlar ölkədə açıq fəaliyyət göstərən kürd çetesinin rəhbərlərindən biri kimi təqdim edirlər. Zakir Fərəcovun kürdlərdən ibarət qoçu dəstələri saxlaması ictimaiyyətə çoxdan məlumdur. Bakıda Avtovağzal kompleksindən Sumqayıt da daxil ərazidə kürdlərin hegemonluğu ilə müşayət olunan çirkin hadisələrə, demək olar, hər gün rast gəlinir.

Yerli əhali Sumqayıtda və ona yaxın ərazilərdə baş verən bütün bu cür xoşagəlməz halların Zakir Fərəcovun tapşırığı ilə baş verdiyini deyir.
Zakir Fərəcov icra başçısı təyin olunduğu gündən Sumqayıta özü ilə bərabər çılpaq söyüş, təhqir, külli miqdarda rüşvətalma və xeyli qanunsuzluqlar sistemi gətirib. Onu icra başçısından çox, orta əsr feodallarının tipik obrazı hesab edirlər. Ölkə mediasının gündəminə pis icra başçısı kimi adını yazdıran Zakir Fərəcovun oğlu Elgiz Fərəcov atasının adının "kriminallaşmasında" böyük rol oynayır. Onun başqasının əmlakını əlindən alma, saxta sənəd hazırlama əməllərinə görə, hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə saxlanması hamıya yaxşı məlumdur. Elgiz Fərəcovun Saray qəsəbəsində törətdiyi özbaşınalıqlar, xüsusən qanunsuz torpaq satışı ilə məşğul olması və buna görə bələdiyyə sədri ilə aralarında yaranmış kəskin mübahisə, bu hadisədən sonra isə bələdiyyə sədrinin və həyat yoldaşının müəmmalı şəkildə, amansızcasına qətlə yetirilməsi bu gün də qəsəbə əhalisinin dilindən düşmür. Ciddi qanun pozuntularında, hər addımbaşı baş verən zorakılıq və qətllərdə adı çəkilən şəxslərin hazırda müxtəlif vəzifələrdə əyləşmələri və barələrində heç bir ciddi tədbir görülmədiyini müşahidə etdikcə, fərəcovların cəzasız qalması onların Sumqayıtda yeni - yeni ağır cinayət tərkibli əməl törətmək imkanlarının qaldığını təsdiq edir.

Zakir Fərəcovun oğlu Elgiz tərəfindən Sumqayıtda törədilən silsilə cinayət hadisələrinin xronikası əslində hər kəsi, o cümlədən ölkənin hüquq - mühafizə orqanlarını ciddi düşünməyə vadar etməlidir.


Hazırda Sumqayıt əhalisində, xüsusən Saray bələdiyyə sədri və həyat yoldaşının amansızcasına qətl edilməsindən sonra, qətl hadisəsini törədənlərin cəzasız qalması vəzifəli şəxslərdə "Elgiz Fərəcov qorxusu" sindromu yaradıb.
Yəni, ağır cinayət hadisəsini - ölümü - törədənlərin kimliyi bəlli olduğu halda, onların cəzasız qalması fərəcovların hamının gözü qabağında "sudan quru" çıxmaları şəhərdə vəziyyəti daha da ağırlaşdırıb.


Bu günlərdə Zakir Fərəcovun talan siyasətinin qurbanı, iş adamı, Sumqayıtın dənizkənarı bulvarında və  Sülh küçəsində tikiti işinə rəhbərlik etmiş Müqayis Verdiyev ölkə mediasına icra başçısının cinayətkar fəaliyyəti barədə kifayət qədər ciddi faktlar təqdim edib. İcra başçısı tərəfindən şərlənərək həbs edilən iş adamı qeyd edib ki, 2016 - cı iyun ayında dövlət büdcəsindən Sumqayıt şəhər icra hakimiyyətinə ayrılmış 10 milyon və 2017 - ci ilin aprelində şəhərin yol tikintisi üçün ayrılmış 4 milyon vəsaitin hamısı icra başçısı tərəfindən tam mənimsənilib. Talançılığa adət etmiş Zakir Fərəcov ölkə prezidentinin sərəncamları ilə Sumqayıt icra hakimiyyətinə ayrılmış 14 milyon manatı sənədsiz - subutsuz mənimsəyib və iş adamlarının pulunu ödməkdən imtina edib. Bu barədə etdikləri şikayətlərin isə heç bir nəticəsi olmayıb və o, şərlənərək həbs oıunub. M. Verdiyevin verdiyi məlumata görə, Zakir Fərəcov onun qanunsuz əməllərindən yuxarı orqanlara edilən şikayətlərə heç bir əhəmiyyət vermir. Başqa sözlə,  o, "ağanəzərəm, belə gəzərəm, kimin istəsəm, başın əzərəm!" - hədəsi ilə hər kəsə meydan oxuyur.

Qısası, Zakir Fərəcovun öz qanunları var. Onun qanunlarında dövlətçilik, qayda - qanun, insan haqları, humanizm, insanlıq kimi dəyərlərə yer yoxdu. İcra başçısının idarəçiliyində əsas meyar rüşvətdir və hər kəs başçı tərəfindən müəyyən olunmuş rüşvəti hər ay ödəməlidir. Vaxtında ödəniş etməyənləri isə Zakir Fərəcovun oğlu Elgizin cinayətkar dəstəsinin ölüm saçan hədələri ilə üzləşmə təhlükəsi gözləyir.


Müqayis Verdiyevin verdiyi başqa bir məlumatda isə  Zakir Fərəcovun Qaçqınkomun sabiq sədri Əli Həsənovun vəzifədən azad olunmasından istifadə edərək, onun qohumlarının Sumqayıtda yaşıllıqları məhv edib, yerində restoranlar və biznes şəbəkələri yaratmaları barədə mətbuatda xəbər yayılmasına nail olduğu, Ə. Həsənovun adamlarına məxsus olan əraziləri əllərindən alaraq, özəlləşdirdiyi qeyd edilir.


Eyni zamanda, o da bildirilir ki, Zakir Fərəcovun əsas qazanc mənbələri sırasında çil - çıraq biznesi xüsusi yer tutur. Şahidlərin dediyinə görə, çil-çıraq məmulatları arasında elələri var ki, onların qiyməti 100-250 min manat təşkil edir. Belə yüksək qiymətli çil-çıraqdan biri də Milli Məclisdə quraşdırlıb.


Qeydlərimizdən göründüyü kimi, Zakir Fərəcovun Sumqayıt macaralarının sırası getdikcə genişlənir. İcra başçısının mediada "kor xəlifə" adlandırılması heç də təsadüfi deyil. Bütün bunlar isə. şəhər əhalisinin narazılığının hər gün artmasına, əhalinin hakimiyyətdən narazı salınmasına, şəhərdə ciddi kriminal hadisələrin baş verməsinə zəmin yaradır.

Murtuza

P. S. Yazıda adı çəkilənlərin mövqeyini dərc etmək haqqını tanıyırıq.

 

Paralel.az