Göyçayda körpüsü uçan şirkət Ağsuda tender udub – Rəhbəri həbsdə olsa da…

13:37 12-06-2019 63

Azərbaycanda tenderlərin hələ də qaranlıq və şübhəli sövdələşmə obyektləri olaraq qalması barədə mətbuatda çox yazılıb. Təəssüf ki, bu sahə hələ də ölkədəki korrupsiya ocaqlarından biri sayılır. Çox zaman istər nazirliklər, istərsə də digər dövlət qurumları öz “çevrələrinə” aid şirkətlərlə işləməyə üstünlük verirlər. Bu isə istər-istəməz müəyyən şübhə və ehtimallara yol açır.

Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) yarım milyonluq tenderinin bəzi maraqlı məqamları üzə çıxıb. Məlumatda deyilir ki, Ağsu şəhərində asfalt-beton işlərinin görülməsi üçün tender elan edilib. Tenderin qalibi isə “ATF” MMC olub. Nəticədə şirkətə 492 min 822 min manatpul ayrılıb.

Məsələ ondadır ki, bu şirkət ötən ilin iyun ayında Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpünün uçmasının əsas günahkarlarından sayılır. Belə ki, məhz qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunub.

Xatırladaq ki, rəsmi məlumatda bildirilir ki, ötən il Göyçay çayı üzərində körpünün uçmasına görə dövlətə 3 milyon manat zərər dəyib. “ATF” MMC isə bunun qarşılığında 316 min 800 manat dəyərində cərimə olunub. Maraqlıdır ki, bu hadisədən cəmi bir il sonra Ağsu Rayon İcra Hakimiyyəti yenə həmin şirkətə “stavka” edir. Sayt yazır: “Sözügedən şirkət dövlətə 3 milyon zərəri qarşılığında 317 min manat cərimələnir və 1 il sonra Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev tərəfindən yarım milyonluq tenderin qalibi olaraq mənfəətə keçir…”

Daha sonra kommersant.az onu da qeyd edib ki, təsisçisi F.Muradovun həbsindən sonra şirkətə Azad Muradov rəhbərlik edir.

Xatırladaq ki, Ağsunun icra başçısı Ənvər Seyidəliyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısıdır./Emtv.az

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!

dogruxeber.az

Göyçayda körpüsü uçan şirkət Ağsuda tender udub – Rəhbəri həbsdə olsa da…Göyçayda körpüsü uçan şirkət Ağsuda tender udub – Rəhbəri həbsdə olsa da…