Millimizin rüsvayçı nəticəsinin səbəbləri - Millət vəkilləri

12:17 12-06-2019 20

Azərbaycan futbolunun inkişaf etməməsinin əsas səbəbi bölgələrdə futbola dəstəyin olmamasıdır.

Bu sözləri millət vəkili Aqil Abbas Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Slovakiyaya 1:5 hesabı ilə məğlub olmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycanda klubların sayının az olması millinin zəif nəticə göstərməsinə səbəbdir:

“Mən bunun səbəbləri haqqında dəfələrlə demişəm. Əsas səbəbindən biri regionlarda futbolun olmamasıdır. Nə qədər ki Ağdam, Gəncə, Tovuz, Mingəçevir və sair bölgələrdə futbol yoxdur, belə nəticələr də olacaq. Çünki Azərbaycanda Bakı ilə yanaşı, futbol məktəbləri əvvəllər bu regionlarda olub. İndi regionlarda futbol yoxdursa, harada futbolçu yetişdirmək olar? Təbii ki, heç harada. Buna görə də milli komandaya oyunçu tapmaq çətindir. Azərbaycanın əsas liqasında 8 komanda var və bu komandanın içində milli komandaya oyunçu seçmək çətindir. Yüksək liqada oynayan ən aşağısı 16 komanda olmalıdır. Həmin 16 komanda içindən milliyə oyunçu seçmək daha asan olar. Ümumiyyətlə, futbolun inkişafı üçün komandaların sayını artırmaq və yerli məşqçilər yetişdirmək lazımdır. Xaricdən məşqçi gətirməklə bu problemləri həll etmək olmayacaq”.

Millət vəkili Fazil Mustafa isə futbolun bu gündə olmasının səbəbini milli futbolçuların yetişməsinə şəraitin olmamasında görür:

“Bizim çempionatda rəqabət gücü zəifdir. Həmçinin iş adamlarının futbola, komandalara dəstəyi olmamasıdır. Yalnız SOCAR-ın dəstəyi ilə Azərbaycan futbolu ayaqda qalmağa çalışır. Amma rəqabət mühiti yaratsaq və ayrı-ayrı komandalar aralarında rəqabət olsa, inkişaf da olar. Azərbaycanın əsas liqasında cəmi 8 komanda var. Bu komandaların içində cəmi 2-3 komanda seçilir, qalanları isə zəif təsir bağışlayırsa, bu millidə problem yaradır. Məsələn, “Qəbələ” klubunun zəifləməsi bu çempionatda milliyə öz təsirini göstərdi”.

F.Mustafa da xaricdən məşqçi gətirməyi doğru hesab etmədiyini bildirib:

“Mən xaricdən məşqçi gətirməyin tərəfdarı deyiləm. Milidə yerli məşqçilər olmalıdır. Ümumiyyətlə, xaricdən mütəxəssis gəlməsinə baxmayaraq, uduzuruqsa, o zaman niyə bu qədər xərc çəkib məşqçi gətiririk. Biz bunun əvəzinə yerli məşqçilərin yetişməsinə vəsait ayırsaq, bu, Azərbaycan futbolu üçün daha xeyirli olar”.

Qeyd edək ki, dünən Avro-2020-nin seçmə mərhələsində Azərbaycan-Slovakiya görüşü keçirilib. Görüşdə Azərbaycan millisi 1-5 hesabı ilə məğlub olub.