Əcnəbi tələbələr ADU-nun qonağı oldular

10:46 11-06-2019 28

Azərbaycan Dillər Universitetində CLS Azərbaycan dili proqramı çərçivəsində təhsil alacaq xarici tələbələrlə görüş keçirilib. Görüş ADU-nun Amerika Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Kult.az xəbər verir ki, görüşdə iştirak edən universitetin rektoru, akademik Kamal Abdulla proqram iştirakçılarını universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan dilinin və mədəniyyətinin zənginliyindən danışan rektor tələbələrlə səmimi söhbət edib. Tələbələrin dil bilikləri haqqında məlumat alan rektor onlara dünya ədəbiyyatından, müasir dövrdə xarici dil bilgisinin vacibliyindən, Azərbaycanın dünya ölkələri arasındakı yerindən və rolundan danışıb:

“Azərbaycan son dərəcə sürətlə inkişaf edən gənc, müstəqil bir dövlətdir. Bu inkişaf hər sahədə özünü göstərir. Həm mədəniyyət, həm iqtisadiyyat, həm də sosial sahədə inkişaf davam edir. Bütün bunlar Azərbaycanın böyük potensialından ölkə rəhbərliyinin düzgün istifadə etməsinin nəticəsidir. Siz Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqların birlikdə mehriban şəkildə və qardaşlıq şəraitində yaşadığının şahidi olacaqsınız”.

Tələbələr CLS Azərbaycan dili proqramı çərçivəsində 8 həftəlik dərslərdə iştirak edəcək. Onlar həm Azərbaycan dilini öyrənəcək, həm də Azərbaycan mədəniyyəti, adət-ənənələri ilə tanış olacaqlar. Eyni zamanda Azərbaycanın müxtəlif bölgələrinə səyahət edəcək, Azərbaycanı daha yaxından tanıyacaqlar.