Məmur-media məhkəmə çəkişmələri yenidən aktuallaşır

17:34 10-06-2019 19

Şirəliyevin viran qoyduğu səhiyyə xəstələri, hazır özü isə vətəndaşları "yeyir"

Son zamanlar məmurun media ilə məhkəmə dilində danışması yenidən aktuallaşıb. Bəzi məmurlar haqqında tənqidlər səsləndirən jurnalistləri heç bir reaksiya sərgiləmədən məhkəməyə verir, məhkəmə perspektivi də aydındır - yəqin ki, məmurlar keçmiş təcrübəyə əsaslanaraq işini qurur. Məmur, yəni hansısa nazir düşünür ki, məhkəmə mənim iddiamı bir kənara ataraq, hansısa jurnalistin haqlı olduğu barədə qərar çıxarmayacaq və mən də, heç o jurnalisti tanımadan onu susduracam - ya cərimə olunacaq, ya da həbsə atılacaq. Beləliklə də, məsələ məmurun xeyrinə həllini tapır. Bu, Azərbaycanda indiyə qədərki məmur-media çəkişmələrinin şablonlaşmış "yol xəritəsi"dir. Amma bir qədər əvvəl bu "yol xəritəsi"ndən yararlanan məmurların sayı azalmışdı. Adətən təcrübəli məmurlar media ilə əməkdaşlığa üstünlük verirdi. Səhiyyə naziri Oqtay Şirəliyev Teymur Kərimovu məhkəməyə verməklə sözügedən tendensiyanı yenidən aktuallaşdırdı. Səhiyyə Nazirliyi Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırlması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Bakının Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda ittaham icraata götürülməyib, işə xitam verilib. Lakin jurnalistin verdiyi məlumata görə nazir Oqtay Şirəliyev bu dəfə şəxsən özü analoji ittihamla Nəsimi rayon məhkəməsinə müraciət edib. Məhkəmənin ilk iclası iyun ayının 14-ə təyin edilib. Onu da qeyd edək ki, artıq Teymur Kərimovun xərcəng və dializ xəstəsi olan anası dünyasını dəyişib.

Jurnalist müxtəlif aksiyalarla diqqətə çatıdrmaq istəyirdi ki, Azərbaycan səhiyyəsində olan rüşvətxorluqdan əziyyət çəkir və bu hal kütləvi xarakter daşıyır. Bu, Azərbaycanda heç kim üçün sirr deyil, dövlət xəstəxanalarına adi qrip xəstəliyi ilə müraciət edən istənilən vətəndaş, əslində jurnalistin iddalarını özü üçün təsdiqləyə bilər. Ancaq Azərbaycan Respublikasının Səhiyyə Naziri bu qədər sadə həqiqətin böhtan olduğu iddiası ilə israrla ittiham irəli sürmək qərarına gəlib.

Artıq Azərbaycanda nəinki medianın, hətta, sıravi vətəndaşların etirazlarına qarşı məmurun münasibəti dəyişməlidir. Hər hansı bir vətəndaş etiraz edirsə, bunu media işıqlandırırsa, məsələ mütləq aidiyyatı orqanlarda araşdırılmalı, müzakirə edilməlidir. Etirazçı tərəflə cavabdehin görüşü problemə çevrilməməlidir, onlar rahat şəkildə bir araya gəlib qarşılıqlı müzakirə aparmaq imkanına malik olmalıdır. Teymur Kərimov Səhiyyə Nazirliyi qarşısında etiraz edəndə onu nazirliyin əməkdaşları, nazir müavini və başqa səlahiyyətli şəxs deyil, məhz polis qarşıladı. Bu o deməkdir ki, nazirin və nazirliyin vətəndaşın ittahamlarına qarşı müdafiə arqumentləri yoxdur, vətəndaş düz deyir, lakin nazirlik vəziyyəti dəyişdirmək iqtidarında deyil. Oqtay Şirəliyev onun idarə etdiyi səhiyyə sistemindən narazı olan insanlara özü şəxsən cavab verə bilmir, əvəzində isə öz müdafiəsi üçün Azərbaycan məhkəmələrini yükləməyə çalışır. Artıq bir ittiham məhkəmə tərəfindən rədd edilib, nazir ikinci ittihamla müraciət edib. Diqqət edin, vətəndaş və ya jurnalistə qarşı iki dəfə ittiham irəli sürən bir nazir günahlandırdığı tərəflə bir kəlmə belə söhbət etməyib. Dünyanın inkişaf etmiş ölkələrində nəinki vətəndaşların etirazı dərhal araşdırılır, hətta mətbuatda hər hansı dövlət məmuruna qarşı ittihamlar səsləndirilirsə, o, dərhal araşdırılır - ya ittihamlara görə məmur cəzasını alır, yox, əgər mətbuat böhtan yazıbsa ona xəbərdarlıq edilir. Analoji təcrübə hal-hazırda baltikyanı respublikalarda uğurla həyata keçirilir. Bu missiyanı həmin ölkələrin mətbuat şuraları reallaşdırır. Əslində, bizdə də Mətbuat Şurası var, amma bu qurum, yalnız ona müraciət edilən məsələləri müzakirə edir.

Avropa ölkələrində, hətta, bir-birinə qarşı ittiham irəli sürən istənilən tərəfləri ortaq məxrəcə gətirən, ağsaqqallıq edib onları barışdıran vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir. Azərbaycanda isə bunun heç biri mövcud deyil, məmur tənqid olunan kimi, dərhal məhkəmələrə sığınır (bəli, bu haqq-ədalət mühakiməsi üçün olunan müraciət deyil, məhz sığınmaqdır).

Bir ay əvvəl Teymur Kərimov demişdi ki, o, etiraz etdiyi üçün Azərbaycan səhiyyəsi cəza olaraq onun anasını öldürəcək. Normal ölkədə nazir dərhal bu xəstənin müalicəsini nəzarətə götürməli, xəstənin mümkün müalicəsinin yüksək səviyyədə həyata keçirilməsini təmin etməklə jurnalistə onun "səhv"ə yol verdiyini "sübut" etməyə  çalışmalı idi.  Amma çox təəssüf ki, Oqtay Şirəliyev bunu da etmədi, artıq jurnalistin anası dünyasını dəyişib, Allah rəhmət eləsin! Son ana qədər də istifadə edilən bütün dərman və ləvazimatları jurnalist öz pulu ilə alıb. Bütün bunların qarşılığında Oqtay Şirəliyev jurnalisti böhtan atmaqda ittiham etməkdə israrlıdır. Azərbaycan məmurları, görəsən nədən vətəndaşa qarşı bu qədər ədalətsiz, aqressiv, iddialı və arxayındır?

Akif Nəsirli

[email protected]