Onun ölkə üçün etdiklərinin misli yoxdur - Millət vəkili

13:23 10-06-2019 25

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır.

Bunu açıqlamasında millət vəkili Aydın Hüseynov ümumilli lider Heydər Əliyevin 1993-cü ilin 9 iyununda xalqın təkidi ilə Bakıya qayıtması barədə danışarkən deyib. O, Ulu öndərin həyatının böyük hissəsini Azərbaycan xalqına həsr etdiyini söyləyib:

“Müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti ölkəni xaos və anarxiyaya sürükləyirdi. Ölkə parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Cəbhədəki uğursuzluqlar, iqtisadi və sosial böhran vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir çətin vəziyyətdə xalq yeganə çıxış yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.

Ümummilli liderin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra ölkəmiz bəlalardan qurtuldu. Həmin dövrdə Ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, xalqımızın başına hansı faciələrin gələcəyini heç kim təsəvvür edə bilməzdi.

O vaxtı səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında olsa da, H.Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan xilas oldu, dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsidir”.

A.Hüseynovun sözlərinə görə, Heydər Əliyevin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu:

“İqtisadiyyatımızın tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etmişdi: “İqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadirdir”. Ulu öndər ölkənin gələcəyinin məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacardı”.

Millət vəkili bildirib ki, ümummilli liderin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Hazırda ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən qüdrətli dövlətlərindən birinə çevrilib”.