Tamahın sonu fəlakətdir

20:08 07-06-2019 46

Tapdıq ABBAS
([email protected])
Baş redaktor
“Əməkdar mədəniyyət işçisi,"
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

Varlanmaq xəstəliyinin «dərmanı» hələ tapılmayıb

Müqəddəs Qurani-Kərimin əsas qayəsini nəfslə mübarizə təşkil etdiyini hər bir müəsəlman bilir. Amma islam və müsəlman dünyasında baş verən hadisələr təsdiq edir ki, nəfsinə hakim ola bilməyən insanların böyük əksəriyyəti, məhz islam ölkələrinin imkanlı və vəzifli şəxsləridir. Bu yaxınlarda mötəbər bir mənbədən çox ilginc statistik məlumat aldim ki, dünyada mövcud olan 46 kasıb müsəlman dövlətinin rəhbərlərinin hamısı dünyanın ən zəngin insanların siyahısında yer tuturlar! Bu xəbərdən çox narahat oldum və müsəlman dünyasının nə üçün basqıya məruz qalmasının səbələrini bir daha nəzərdən keçirdim. İslamın təməl prinsipləri ilə reallıq arasında mövcud olan kəskin fərqlərin cəmiyyəti səhv yola yönləntdirdiyi bir daha təsdiqlədi. Rəsmi və qeyri - rəsmi dövlət orqanlarda çalışan, Müqəddəs Qurani - Kərimin yalnız ölülər üçün göndərildiyini zənn edən, nəfsinin quluna çevrilən məmurların hüdudsuz tamahının islam dininə böyük ziyan vurduğunu cəmiyyət hər gün, hər saat müşahidə edir və islami dəyərlərin necə ələ salındığını görür. Bu hal acı reallığın inikasıdır, bu, cəmiyyətin və insanlığın, daha dəqiq desək, islam dünyasının faciəsidir...

Cəmiyyəti təşkil edən sosial qrupların həyat tərzi dini maraqların əsas xəttini təşkil etdiyini hər kəs yaxşı  bilir. Bu, həm də, dinin fərdin maraqlarnın ifadəçisi kimi çıxış etməsi deməkdir. Əslində, firavan həyat tərzinin özü şəxsi maraqların təminatının cəmindən ibarətdir. Bu səbəbdən cəmiyyəti təşkil edən fərdin maraqlarının həddini dövlət və dini vəhdət tənzimləyir. Dövlət millətin, millətlərin cəmindən ibarət olan xalqın birlikdə Konstitusiyaya əsasən qurduğu, qanunlar əsasında fəaliyyət göstərən ciddi mexanizmlərə malik, xalqın iradəsinə tabe olan icra hakimiyyətidir. Qüsurlu olmasına və ən yaxşılardan olmamasına rəğmən, demokratik dövlət modelindən daha yaxşısı  hələlik mövcud deyil. Buna görə də xalqların demokratik dövlət quruculuğu uğrunda gedən mübarizəsini hər gün ekranlardan seyr edir, sosial şəbəkələrdən məlumat alırıq. Deməli, ən sonuncu və mükəmməl din olan islam dini özlərini "islam dövləti" elan edib, dünyada islam dininin qarantı hesab edən ölkələrdə belə, insan haqları qorunmur, nəfs və tamah bütün sərhədləri və sədləri aşdığına görə, insanlar Qərb və Avropa dövlətlərinə üz tuturlar. Həmin ölkələr, artıq ötən əsrin əvvəlindən demokratik dövlət modelinə keçdiklərinə görə, müsəlman Şərqini üstələdilər. İnsanlar onlara zülm və istibdad bəxş edən, diktatorlara daha çox xidmət edən islam dinindən tam fərqli olaraq, insanlara hürrüyyət və azad həyat verən demokratik həyat tərzinin cəlbedici üstünlüyündən faydalanmaq məqsədilə Qərbə və Avropaya üz tuturlar...

Demokratik həyat tərzinin cazibədarlığı hər şeydən öncə, bu yaşam tərzinin insan haqlarının, hüquqlarının, yaşayışının yüksək səviyyədə təmin edilməsilə bağlıdır. Ona görə də dünyanın hər yerindən  Avropaya və  Amerikaya böyük insan köçü, axını var. Bu axın o qədər güclüdür ki, Qərb dövlətlərini qorxuya salıb. Asiyadan, Afrikadan, Latın Amerikasından Avropaya və okeanın o tayına doğru insan axınının qarşısını almaq məqsdilə bu dövlətlərin başçıları çıxış yolları axtarırlar. İnsan axını daha çox olan ölkələrdə bu axını doğuran mövcud səbəbləri aradan qaldırmağa məcburdurlar. Beynəlxalq humanitar təşkilatlar həyat səviyyəsi aşağı olan Asiya, Afrika və Latın Amerikası ölkələrində demokratik dövlət quruculuğunun bərqərar olmasına yardım etmək üçün müxtəlif modellər üzərində çalışırlar. Bu qitələdə movcud olan avtoritar rejimlərin ləğv edilməsinə, demokratik dövlətlərin qurulmasına yardım edə biləcək üsullardan istifadə etməklə vəziyyəti müsbətə doğru dəyişməyə cəhd edirlər...

Yazılarımda dəfələrlə qeyd etmişəm ki, daim dini fərqlərə görə, şüpəli yanaşdığımız, bəyənmədiyimiz və islam dünyasına qarşı haqlı və bəzi hallarda haqsız, qərəzli münasibət bəslədiklərinə görə, biz Qərb və Avropanı ciddi tənqid edirik və eyni zamanda, tənqid etdiyimiz həmin məkana inteqrasiya etməyə daha çox can atırıq. Orada yaşamağa, təhsil almağa, işləməyə üz tuturuq, niyə?! Məgər biz ölkəmizdə həmin həyat tərzini qura bilmərik? Bu acizlik bizə haradan «ixrac» olunub? Biz uzun tarixi mübarizələrdən, sayı hələ də artmaqda olan şəhidlərimizin qanı bahasına qazandığımız müstəqil dövlətimizin demokratikliyini niyə təmin edə bilmirik?! Bu sualın yalnız bir cavabı var: - İslamı və demokratik dəyərlərdən yalnız danışırıq, bu dəyərlərin bəhrələrindən məhrumuq, cəmiyyət rüşvət və korrupsiya məngənəsində boğulur, sonu bilinməyən tamah və nəfsimizin quluna çevrildiyimizə görə, biz müstəqilliyin insana verə biləcəyi yüksək həyat tərzini ölkəmizdə hələ də təmin edə bilmirik! Biz hələ də mənəvi dəyərləri həyat tərzinə çevirməyə qadir deyilik. Özümüzü hər cür aşağılamağa hazırıq. Yalnız xaricilərə qul kimi xidmət etməklə, onlara cəmiyyətimizi muıtikultural, humanist göstərməyə cəhd edirik...

Biz hələ də hakimiyyətə xalqa xidmət vasitəsi kimi, yox, asan, əziyyət çəkmədən var - dövlət yığmaq vasitəsi kimi baxırıq, formaca insan olsaq da, məzmunca insanı insan edən humanist məzmundan, mənəvi dəyərlərdən çox uzağıq, tayfa təfəkküründən, qohum - əqrabanı ətrafımıza yığıb soyğunçuluqla, dövlətin malını, xalqın mülkünü talamaqla məşğul olmaqdan məmnunluq hissi keçirməkdən, zövq alırıq! Tamahımıza və nəfsimizə dərin sevgi - məhəbbətlə elə bağlanmışıq ki, başımızı qaldırıb, heyrətlə bizə tamaşa edən xalqın suallarla dolu qəzəbinə belə əhəmiyyət vermək iqtidarında deyilik. Hər bir məmur beynində yalnız rəhmətlik Sabirin "mən salim olum, cümlə cahan batsa da, batsın!" deyiminin keyfini yaşamaqdan sanki həzz alan insan təsiri bağışlayır. Yəni, biz dünya sivilizasiyasının elə kəmfürsət üzvüyük ki, dünya elminin kəşf və elmi ixtiralarının məhsullarından həvəslə, utanmadan bəhrələnirik, amma özümüz cəmiyyətə və bəşəriyyətə, heç olmasa, məxsus olduğumuz doğma millətimizə faydalı olmaq barədə belə, düşünmürük...

Həddindən ziyadə, rüşvətxor, yaltaq, məddah ünsürlərin üstünlük təşkil etdiyi cəmiyyətlərin acı taleləri barədə tarixdən məlum olan facilər barədə əldə etdiyimiz bilgilərdən dərs götürməyin niyə bu qədər çətin olduğunu hələ də, anlaya bilmirəm. Görəsən, tamahın və nəfsin güdazına getmiş və tarixdən silinmiş səltənətlərin və sahiblərinin zamanın amansız oxuna tuş gəlmiş qara bəxti hazırda haram yeməkdən quduz canavara bənzəyən zatların yaddaşından niyə çıxıb?! Bəlkə, onların bu cür cinayətkar hərəkətlər etmək və cəzasız qalmaq üçün «lisenziyaları» var, xəbərimiz yoxdur?!

Ölkə Prezidenti bu cür ünsürlərə qarşı «müharibə» elan etdiyini çoxdan bəyan etsə də, bəzi nazirlərin, icra başçılarının zəli tamahının bu qədər şişməsinin nədənlərini bilmək hər kəsə çox maraqlıdır ki, niyə Prezidentin cızdığı qırmızı xətti saymayaraq aşırsınız, kimə belə arxayınsınız?! Bu sualı konkret olaraq, gənc nazirlərdən Sahil Babayevə, Ceyhun Bayramova ünvanlayıram, qoy, cavab versinlər, xalq eşitsin ki, bu şəxslər məsul olduqları vəzifənin məsuliyyətini niyə dərk etmirlər və xalqın təhsil və sosial təminat sistemini  təpədən dırnağa qədər rüşvətxorluğun cənginə veriblər?!..

Tək mən yox, ölkəmizin taleyini düşünən hər kəs bu sualların cavabını soruşmaq haqqına malikdir.