Polkovnik BNA-nı suçladı: Cavabdeh onlardır - Foto

13:38 07-06-2019 118

Hərəkət üçün qalmış bir zolaq da maşınların hərəkətinə problem yaradırsa, deməli, sürücülər orada dayanmamalıdır. Bu o deməkdir ki, burada dayanma və durma qaydaları kobud şəkildə pozulub. Dayanma-durmaya da nəzarət edən qurum Bakı Nəqliyyat Agentliyidir. Təsirli tədbirlərin görülməsi BNA-nın səlahiyyətinə aiddir.

Bu sözləri Axar.az-a Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Əsədovun sözlərinə görə, ərazidə söküntü işlərini aparan qurumun yolun bir zolağını təhlükəsizlik məqsədilə bağlaması başadüşüləndir. Ancaq digər zolaqda, düz söküntü işlərinin aparıldığı ərazinin kənarında lövhələr quraşdırıldığı halda, avtomobillərin park edilməsi düzgün deyil:

“Bakı Nəqliyyat Agentliyi bununla bağlı bir tədbir görməlidir. Orada söküntü işini aparan şirkət də təhlükəsizlik qaydalarına tam riayət etməlidir. Yol nişanları qoymalıdır. Məlumatlandırıcı nişanlar əlavə etməlidir, maşınların saxlanılmaması üçün yola maneələr düzməlidir. Həm də bu maneələr hərəkətə mane olmamalıdır. Yolun bir hissəsini söküntünü aparan şirkət təhlükəsizlik üçün bağlayıbsa, bu, yaxşı haldır. Ancaq həmin hasarın digər tərəfində maşınların saxlanılması yolverilməzdir”.

V.Əsədov bildirib ki, bu məsələ həm də vətəndaşları, sürücüləri narahat etməlidir:

“Normal, məsuliyyətli, ağlı başında olan sürücü başa düşməlidir ki, elə bir təhlükəli yerdə maşın saxlamaq olmaz. Bunun üçün də mütləq polis müdaxilə etməli deyil axı! Sürücülər, vətəndaşlar polis müdaxiləsi olmadan belə halların yaranmaması üçün nə isə etməyi bacarmalıdır. Mütləq polis müdaxilə etməli, gəlib ərazini boşaltmalıdır? Bəs sürücülərin özlərinin təhlükəsizliyi? Orada indi bir hadisə yaşansa, sürücülər kimi günahlandıracaq? Faktiki orada söküntü işləri gedir və hər an bir daş yol kənarında dayanan maşınlara xətər yetirə bilər. Bu zaman polis nə etsin ki? Sürücü bilməlidir ki, elə bir yerdə maşın saxlamaq həm öz avtomobili üçün təhlükədir, həm də hərəkət edən avtomobillər üçün problem”.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, buna həm ərazidə xidmət aparan yol polis əməkdaşları, həm də Bakı Nəqliyyat Agentliyinin əməkdaşları nəzarət etməli və qarşısını almalıdır:

“Həmin ərazi demək olar ki, şəhərin əsas nöqtələrindən biridir. Zolağın birinin söküntü işləri ilə əlaqədar hasara alınması başadüşüləndir. Bu həm də təhlükəsizlik tədbirləri baxımından düzgün addımdır. Ancaq hasarın digər tərəfində, zolağın bir hissəsində avtomobillərin saxlanılması tamamilə qanunsuzdur və yolverilməzdir. Ancaq belə hal baş veribsə, buna həm ərazidə xidmət aparan yol polis əməkdaşları, həm də Bakı Nəqliyyat Agentliyinin əməkdaşları nəzarət etməli və qarşısını almalıdır. Artıq 10 gündən çoxdur burada “parkinq” yaradılıbsa, demək ki, nəzarət edən yoxdur.

Əslində sözügedən ərazidə söküntü işlərinə başlamazdan əvvəl Yol Hərəkəti haqqında qanunun tələblərinə uyğun olaraq yolda dayanma-durma və parklanmanı qadağan edən müvəqqəti yol nişanları qoyulmalı idi”.

E.Muradlı bildirib ki, bu cür hallar yol polisi ilə razılaşdırılmamış formada həyata keçirilir və bu səbəbdən də problem yaranır:

“Halbuki yol hərəkətinin təşkili və təhlükəsizliyinə yol polisi cavabdehdir. Yəni yol polisinin icazəsi olmadan yolda, yolun hərəkət hissəsində, kənarında bir iş görmək qadağandır. Ona görə vaxtında aidiyyəti qurumlarla bütün bu işlər razılaşdırılmalı, bütün təhlükəsizlik tədbirləri həyata keçirilməli və müvəqqəti dayanma-durmanı qadağan edən yol nişanları qoyulduqdan sonra iş aparılmalı idi”.

Qeyd edək ki, bir müddət əvvəl yanan “Diqlas” ticarət mərkəzi sökülür. Söküntü ilə bağlı hasarlama işləri aparılıb və Qara Qarayev prospektinin şəhər istiqamətində zolaqlarından biri hasarın içərisinə düşüb. Hasarın digər tərəfində isə qanunsuz “parklama xidməti” yaradılıb və burada maşınların saxlanmasına görə hətta pul da alınır. Pulu kimin alması və burada parkinqi kimlərin yaratması bəlli olmasa da, işbazların sayəsində prospektin daha bir zolağı tutulub və yalnız bir zolaq qalıb. Bu isə ciddi tıxac və qəza şəraiti yaradır.

Yolun ortasında qanunsuz parkinqlə üzbəüz isə beşmərtəbəli, ən müasir tələblərə cavab verən və Prezidentin açılışını etdiyi parkinq fəaliyyət göstərir.