Səməd Seyidov səfirlə birgə ADU-ya gəldi

12:40 07-06-2019 32

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Siyasi Psixologiya Mərkəzi İctimai Birliyi (SPM) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Kult.az xəbər verir ki, müqavilənin əsas məqsədi Azərbaycanla Çin arasında ictimai-siyasi tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi və ictimai təşkilatların ikitərəfli əlaqələrinin inkişafı, təhsil əlaqələrinin intensivləşdirilməsi, birgə proqramlar vasitəsilə Çin təhsilinə dəstək olmaq, o cümlədən mütəxəssislərin mübadiləsi, ictimai və siyasi elmlər sahəsində elmi-praktiki tədqiqatların aparılması və elmi-praktiki konfransların təşkili ilə bağlı araşdırmalar aparmaqdır.

Tədbirdə çıxış edən Siyası Psixologiya Mərkəzi İB-nin rəhbəri, professor Səməd Seyidov rəhbərlik etdiyi qurumun elmi istiqamətləri barədə məlumat verərək, burada çin fəlsəfəsi, dili, iqtisadiyyatı, mədəniyyətinin ən yüksək səviyyədə təmsil olunmasının tərəfdarı olduğunu bildirib. O həmçinin iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətinə cənab Prezident İlham Əliyevin II “Bir kəmər bir yol” beynəlxalq əməkdaşlıq zirvə samitində iştirakı və ÇXR-in dövlət şurasının üzvlərinin və Xarici İşlər nazirinin Azərbaycana səfərini bariz nümunə kimi qeyd edib.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinxua, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvü, professor Asim Mollazadə və Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov elm sahəsində Azərbaycan-Çin münasibətləri haqqında danışaraq Siyasi Psixologiya Mərkəzində Çin dili tədris mərkəzinin açılışının iki ölkə arasındakı münasibətlərin inkişafına əvəzolunmaz tövhələr verəcəyini söyləyiblər.

Tədbirin qonaqlarına ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Azərbaycan və Çin dilində hazırladığı ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Çin əməkdaşlığının inkişafına verdiyi töhfəyə həsr olunmuş “Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” adlı kitabı hədiyyə olunub.