ABŞ-İran gərginliyinin Azərbaycana təsirləri

18:34 17-05-2019 121

Sülhəddin Əkbər: "ABŞ və İran arasında gərginlik artdıqca,

hər iki ölkə Azərbaycandan tərəf seçməyi tələb edəcək"

  

Zərdüşt Əlizadə: "Amerika işğalçı İsrailin və digər sionist qüvvələrin

fitvası ilə müstəqil dövlətə qarşı təcavüzkar siyasət yürüdür"

  

Ötən əsrin 70-ci illərinin sonundan bir-biri ilə düşmənçilik edən ABŞ və İran arasında son illər müəyyən danışıq formatı yarandı, hətta, razılaşma da əldə edildi. Lakin bu kövrək razılaşmanın ömrü o qədər də uzun olmadı, bir neçə ay əvvəl ABŞ, bu günlərdə isə İran razılaşmadan çıxdığını bəyan etdi. Bununla da tərəflər arasında gərginlik artmağa başladı.

  

Pentaqonun yenilənmiş konsepsiyası Yaxın Şərqə 120 min hərbçinin göndərilməsini nəzərdə tutur. "Nyu York Tayms"ın yazdığına görə, ABŞ İranla davamlı münaqişəyə hazırlaşır. Son zamanlar gərginləşən münasibətlər ABŞ-ın Yaxın Şərqə "Avraam Linkoln" aviadaşıyıcısını və B-52 bombardmançılarını göndərməsi ilə nəticələnib. "Patriot" hava hücumundan müdafiə sistemlərini bölgəyə yerləşdirməsi də, Vaşinqtonun güc nümayiş etdirdiyinə dəlalət edir.

Amma bu addımlar İranı qorxutmur. "Əgər amerikalılar addım atsalar, biz onları başından vuracağıq"-deyə İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əmir Əli Hacızadə deyib. 

Qərb mətbuatı hesab edir ki, istənilən halda ABŞ-İran münasibətlərinin qaynar fazaya keçməsi, bütün regionda partlayış effekti yaradacaq.

Xatırladaq ki, İranın nüvə ererjisi proqramından nüvə silahının hazırlanması üçün istifadə etdiyi ilə bağlı şübhələr BMT, ABŞ və Avropa İttifaqını bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə vadar etmişdi. Bu qüvvələr İranı həssas nüvə fəaliyyətindən geri döndərməyə çalışırdılar.

Bu arada yenidən ABŞ prezidenti Donald Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.

Bununla da ABŞ ilk dəfə başqa bir ölkənin ordusunu terror təşkilatı siyahısına daxil edib. Bu qərara İrandan cavab gecikməyib. İranın Milli Təhlükəsizlik Ali Şurası ABŞ Mərkəzi Komandanlığını (CENTCOM) terror təşkilatı elan edib. Şuranın açıqlamasında qeyd edilib ki, ABŞ-ın qərarı regional və qlobal təhlükəsizlik və sülh üçün təhlükəlidir. Həmçinin, vurğulanıb ki, SEPAH regiondakı müttəfiqləri ilə Əl-Qaidə, İŞİD, Nusra Cəbhəsi və digər terror təşkilatlarına qarşı birlikdə mübarizə aparıb.

Göründüyü kimi, rəsmi Tehran və Vaşinqton arasında gərginlik günbəgün artmaqdadır. Maraqlıdır, bu prosesdən hansı perspektivlər gözləmək olar və bunun bölgəyə, o cümlədən də Azərbaycana hansı təsirləri ola bilər?

Məsələ ilə bağlı mövqe bildirən politoloq Sülhəddin Əkbər dedi ki, hazırda ABŞ İran İslam Respublikasına qarşı müharibə həddində balanslaşdırma strategiyası həyata keçirir: "Bu strategiyanın bir neçə məqsədi var. Birincisi, "yüz ilin planı" adlandırılan Yaxın Şərq planını həyata keçirməkdir. Başqa sözlə desək, ABŞ Fələstinlə İsrail arasında bir anlaşmaya nail olmaq, bunun üçün İranı neytrallaşdırmaq istəyir. İkincisi, İranın regionda apardığı aktiv siyasətin qarşısını almaq, yəni İraqda, Suriyada, Yəməndə, Livanda, Bəhreyində, Birləşmiş Ərəb Əmirliyində, körfəzdə və s. ərazilərdə rəsmi Tehranın dominat fəaliyyətini məhdudlaşdırmaq istəyir. Üçüncüsü, Amerika İranın nüvə-raket potensialına zərbə vurmağı və ən nəhayət, rejimi dəyişməyi hədəfləyir. Göründüyü kimi, Amerika və müttəfiqlərinin İrana yönəlik strategiyası çoxməqsədlidir. Təbii ki, bu strategiya üzrə fəaliyyətin nəticəsi olaraq İrana qarşı gərginliyin artacağını müşahidə edəcəyik. ABŞ İranı güc nümayiş etdirməklə, təhdidlə, çəkindirməklə onu yenidən danışıqlar masasına oturtmaq və yeni nüvə razılaşması əldə etmək istəyir. Ona görə də yaxın gələcəkdə regionda İranın qeyd etdiyim, aktiv siyasət apardığı ölkələrdə gərginliyin artmasının şahidi olacağıq. ABŞ və İran arasında gərginlik artdıqca, hər iki ölkə Azərbaycandan tərəf seçməyi tələb edəcək. Çünki Azərbaycan sadəcə, İrana qonşu ölkə deyil, o həm də şiə müsəlmanlarının əksəriyyət təşkil etdiyi və tarixi baxımdan İranla bağlılığı olan bir dövlətdir. Bununla yanaşı, Azərbaycan türklərinin əksəriyyəti indiki İran ərazisində - Cənubi Azərbaycanda yaşayır. Bu baxımdan, xüsusilə də İranda rejim dəyişikliyi məqsədilə orada aparılacaq kəşfiyyat əməliyyatlarına görə Azərbaycanın strateji əhəmiyyəti ABŞ üçün böyükdür. Bu nöqteyi-nəzərdən bir sıra ölkələrin (ABŞ, İran, İsrail və Rusiyanın) Azərbaycana diqqəti artacaq. Qarşıdakı dönəmdə sadaladığım dövlətlərin Azərbaycanda kəşfiyyat fəaliyyəti güclənəcək. Ona görə də Azərbaycan bütün fors-major - gözlənilməz vəziyyətlərə hazır olmalıdır. Tərəflərin açıqlamalarına görə, hələlik onlardan heç birinin hərbi toqquşmaya getmək niyyəti yoxdur. Lakin bölgədə gərginlik günbəgün artdığından hər hansı bir səbəbdən hərbi əməliyyatların başlana biləcəyi riski də nəzərə alınmalıdır, bu risklər yaxın gələcəkdə bir qədər də artacaq. Müharibə başlayacağı təqdirdə, Azərbaycan İrandan gələcək məcburi köçkün dalğasını qəbul etməyə hazır olmalıdır".

Politoloq Zərdüşt Əlizadə məsələ ilə bağlı bildirdi ki, Amerikanın İranla bağlı siyasətinə qiyməti Avstriyanın prezidenti Aleksandır Ban der Bellen verib: "O deyib ki, bu yalnız və yalnız təxribatdır. Yəni Amerika özü təxribata gedir - İranı şərləyib, öz qeyri-qanuni hərəkətlərinə bəraət qazandırmaq istəyir, öz gücündən sui-istifadə edib, beynəlxalq hüququ pozaraq, işğalçı İsrailin və digər sionist qüvvələrin fitvası ilə müstəqil dövlətə qarşı təcavüzkar siyasət yürüdür. Düşünürəm ki, İran ona layiqli cavab verəcək. İran ziyalılarından biri bu barədə çox gözəl deyib, vaxtilə İran zəif olanda Amerika hərbi qüvvələri bölgəyə gələndə bu bizim üçün təhdid, hədə idi, amma indi bu, İran üçün hədəfdir. Hədələyirlər ki, bölgəyə 120 min qoşun göndərəcəyik, Əfqanıstana yarım milyon göndərmişdi, axırı nə oldu - məğlub oldular, İraqa yüz minlərlə əsgər göndərmişdilər, yenə məğlub oldular. İrana girsələr, bundan da betər məğlubiyyətə uğrayacaqlar, üstəlik yüz minlərlə itki verəcəklər. Odur ki, özlərini düzgün aparsalar, qudurmasalar, daha yaxşı olar. Amerika Tramp dönəmində həqiqətən 19-cu əsrin "koloniya siyasəti" yürüdür, heç kəslə hesablaşmır, onun hərəkətləri heç bir kriteriyaya sığmır. Fikrimcə, İran geri çəkilməyəcək, çünki İranın siyasəti haqq işidi, Avropa da onu dəstəkləyir.

Azərbaycana gəldikdə, o, kənardan prosesləri müşahidə etməlidir, lazım gəlsə qardaş İrana kömək etməlidir - Azərbaycanın üçdə ikisi İrandadır".

 

Akif Nəsirli