İkizolaqlı yol dördzolaqlı olacaq - Foto

11:25 17-05-2019 26

Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi işləri aparılır. Yolun 101-117-ci km-lik hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına artıq başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edəcək.

Layihəyə uyğun olaraq, işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri yerinə yetirilir.

Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi işləri də aparılıb. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 114.5-ci km-də Pirsaatçay üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğundadır.

Yolun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə, bu ərazidə yamacların kəsilməsi, yamacın dib hissələrinin xüsusi qrunt ilə doldurulması, dəmir-beton svayların vurulur, monolit dəmir-beton istinad divarlarının tikintisi və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanalların inşa edilməsi işləri yerinə yetirilib.