1500 illik abidəmiz dağıla bilər – Nazirlikdən açıqlama

11:11 17-05-2019 19

Hər il ölkə ərazisində olan tarixi memarlıq abidələrinin bərpası həyata keçirilir.

Bu sözləri Kult.az-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov IV-V əsrə aid olan və “Zaqatala kilsəsi” adlanan Alban məbədinin dağılma təhlükəsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, təmsil etdiyi qurum il ərzində 4-5 belə tarixi abidələrin təmirini həyata keçirir:

“Növbəti illərdə həmin abidənin təmiri planlaşdırılır. Eyni zamanda, qarşıdakı illərdə bərpa olunacaq tarixi abidələrin də siyahısı hazırlanıb. 2019-2022-ci illər ərzində bərpa olunması nəzərdə tutulmuş həmin abidələr sırasında Zaqatala kilsəsinin də bərpa olunması nəzərdə tutulub”.

Qeyd edək ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev öz sosial hesabında sözügedən məbədin dağılma təhlükəsi ilə üz-üzə qaldığını deyib. O bildirib ki, ermənilər sovet dövründə bu kilsəni öz adlarına keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər.