Bahar Muradova AzTV-dən elə sözlər yazdı ki...

15:23 15-05-2019 69

Hər zaman ekran və efir məkanımız üçün örnək, yeni media quruluşlarımız üçünsə əsil məktəb rolunu oynayan ana televiziyamızın mahiyyətinə uyğun yeni və müasir forma kəsb etməsinə ürəkdən şad oldum.

Kult.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova sosial şəbəkələrdə yazıb. O, AzTV sədrinin dəyişilməsindən sonra kanalda müsbət irəliləyişlər olduğunu bildirib:

“Bu gün işə lap erkən gəlmişdim. Saat 8-i təzəcə keçmişdi. İlk olaraq televizoru yandırdım. Hər zamankı kimi AzTV-ni seçdim. Əvvəl mənə elə gəldi ki, hansısa başqa bir kanaldır. Amma tanış üzləri və səsləri gördükdən sonra anladım ki, səhv etməmişəm, bu, doğurdan da bizim doğma kanalımızdır. Tamamilə yenilənmiş “Səhər” studiyasındakı müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhvali-ruhiyyəsi, geyimi, davranışı, rənglər - bir sözlə, hər şey göz oxşayırdı. Qonaqla söhbət ücün seçilmiş mövzu da aktual idi. 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuş müzakirələri sonadək izlədim.

Ardınca “Gün başladı” proqramı diqqətimi çəkdi. Hər zaman görmək istədiyim və insan əhvalına gözəl təsir edən bir rəngarənglik var idi. Məncə, hər şey günə yaxşı başlamaq üçün gözəl düşünülmüş və əla yerinə yetirilməkdə idi”.

B.Muadova telekanal rəhbərliyini yaradıcılıq uğurlarına görə təbrik edib:

“Sözün doğrusu, çox sevindim. Ölkəmizin inkişaf ahənginə daha dinamik şəkildə qoşulan, getdikcə daha baxımlı, məzmunlu verilişlərlə tamaşaçıların zövqünü və tələbatını ödəmək imkanlarını genişləndirən, eyni zamanda, milli adət və dəyərlərimizə sadiqliyi ilə seçilən, ailəvi olaraq rahat izlədiyimiz doğma kanalımızı, onun yaradıcı kollektivini bu nəzərəçarpan uğurlarına görə alqışlayır, daha kreativ, yeniliklərə daha açıq olmalarını arzulayıram”.