Azərbaycanın tarixi abidəsi yandı, amma... - Açıqlama

16:19 13-05-2019 167

Azərbaycan hökuməti tarixi Təbriz bazarının bərpası üçün İrana əməkdaşlıq təklif edə bilər.

Bu sözləri Kult.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, tarixən Azərbaycan türk dövlətlərinə mənsub olmuş Təbriz bazarı üçün görülə biləcək işlərdən danışıb:

“Düşünürəm ki, Azərbaycan hökuməti Təbriz bazarında yanmış hissənin bərpası istiqamətində İrana yardım təklif edə bilər. Biz Avropada və başqa yerlərdə bu cür xeyirxah fəaliyyətlərlə məşğul oluruq. Bu addımlardan biri niyə də öz mədəniyyətimizə istiqamətlənmiş olmasın?!”

Millət vəkili cəmiyyətin ziyalı təbəqəsinin minillik tarixi abidəmizin yanmasına laqeyd münasibət bəslədiyini söyləyib:

“Azərbaycan cəmiyyətində adətən rahat həzm edilən, daha çox dedi-qodu mövzusuna uyğun məsələlər diqqət mərkəzində olur. Kim kimi öldürdü, niyə öldürdü, kim popkornu niyə yaxşı hazırlamadı və ya baha satdı və s. Ona görə də tarixi abdənin yanmasına çox da əhəmiyyət verilmir. Amma həqiqətən də milli tariximizlə bağlı məsələ olduğuna görə bunun üzərində biz ən azı dövlətarası münasibətlər çərçivəsində mümkün olan addımları ata bilərik”.

Aznyus.az saytının baş redaktoru Taleh Şahsuvarlı isə məsələnin ciddi şəkildə araşdırılmasının vacibliyini vurğulayıb:

“Əlbəttə ki, Təbrizdə Azərbaycana məxsus tarixi bazarın yanması olduqca üzücü bir xəbər idi. Bu, müəyyən mənada Azərbaycan tarixinin, keçmişinin yanmasıdır. Fikrimcə, İran İslam Respublikasının müavafiq qurumları bu məsələni ciddi şəkildə araşdırmalı, yanğının adi qəza olduğu, yoxsa məqsədli şəkilədə törədilməsi aydınlaşdırılmalıdır.

Ehtimallar var ki, bazar qəsdən yandırılıb və Azərbaycan tarixinə, İranın tərkibindəki tarixi torpaqlarımıza qarşı düşünülmüş məkrli bir addımdır”.

Baş redaktor bildirib ki, sosial şəbəkələrin Azərbaycan seqmentində İrana meyilli xeyli insan var və onlar üçün bu bazarın yanması əhəmiyyət kəsb etmir:

“Həmin insanlardan Təbriz bazarının yanmasına reaksiya gözləməyə dəyməz. Amma doğrudan da ürəyi Azərbaycan ilə döyünən, Azərbaycan türkünün milli maraqlarını üstün tutanlar bununla bağlı fikirlərini ifadə ediblər”.

T.Şahsuvarlının sözlərinə görə, tarixi bazarın yanmasının ən azı Paris Notr-Dam kilsəsi qədər gündəmdə olması üçün onun təbliği vacib şərtdir:

“Notr-Damı dünyanın bütün xalqlarına, o cümlədən Azərbaycana sevdirən onun ədəbiyyatdakı yeridir. Təəssüf ki, biz öz tarixi abidələrimizi, şəhərlərimizi, ümumilikdə mədəniyyətimizi Hüqo səviyyəsində ədəbiyyata gətirə bilməmişik. Buna görə də hansı abidəmiz yanırsa yansın, eyni effekti verməyəcək. Fikrimcə, xalqımız, eləcə də Azərbaycan yazarları bu barədə ciddi düşünməlidir. Yazıçılarımız Azərbaycanın ayrı-ayrı abidələrini dünya xalqlarına əsərləri vasitəsilə sevdirməlidirlər.

Notr-Dam yanandan qısa müddət sonra Fransanın zəngin ailələri tərəfindən çox böyük vəsait toplandı. Beləliklə, onlar dövlətin də məsuliyyətini azlatdılar. Bunun kökündə həmin mədəniyyətin ənənələri dayanır. Onlar hər şeyi dövlətin üzərinə qoymurlar. Bu da Qərb cəmiyyətlərinin əsas üstünlüklərindən biridir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Güney Azərbaycanın Təbriz şəhərindəki tarixi Örtülü bazarda dəhşətli yanğın baş verib. Yanğın nəticəsində ümumilikdə 100 mağaza tam, 200 mağaza isə qismən yanıb, bazardakı İkiqapılı saray tamamilə məhv olub.