Prezidentin siyasi islahatlarına kölgə salanlar – Seçki saxtakararı İlham Əliyevə qarşı

17:10 14-02-2020 235

Azərbaycanda keçirilən parlament seçkilərində qanun pozuntularına yol verənlər əslində dövlət başçısına xəyanət ediblər

Növbəti parlament seçkiləri arxada qaldığını demək olar. “Demokratiyanın beşiyi” hesab edilən Avropa ölkələrində belə seçkilərdən sonra etirazlar, narazılıqlar müşahidə edilir.

Lakin seçki ehtirasları səngidkdən sonra qalib öz yerini bilir, məğlub da uduzduğunu anlayır. Ondan sonra? Necə deyərlər, hər kəs öz yoluna davam edir. Təbii ki, 30 ilə yaxındır müstəqil olan Azərbaycanda dəfələrlə seçkilər keçirilib və seçkilərdən sonra narazılıq və gərginlik müşahidə olunub, bir qədər sonra hər şey öz qaydasına düşüb.

 

Yerlərdə baş verən qanun pozuntuları dövlətin siyasətinə xidmət etmir

 

Vurğulamaq lazımıdır ki, budəfəki seçkilər bir çox cəhətləri ilə əvvəlkilərdən fərqli olub. Birincisi, müstəqil Azərbaycanın tarixində ilk dəfə növbədənkənar parlament seçkiləri keçirilirdi. İkincisi, parlamentin buraxılmasından sonra dövlət başçısı əhalinin bütün kəsimlərinə, o cümlədən gənclərə səslənərək bu ümumxalq tədbirində iştirak etməyə çağırmışdı.

Fəqət, görünür, səsvermə günü bəzi seçki dairələrinin bir çox məntəqələrində ölkəmizin demokratik imicinə kölgə salmaq istəyən şəxslər öz işlərini görüblər. Bir məqama da diqqət çəkmək lazımdır ki, onların əksəriyyəti də səsvermə zamanı yox, səsvermə başa çatdıqdan sonra fəaliyyətə keçiblər. Amma kimliyindən asılı olmayaraq bu saxtakarlığa rəvac verənlər və onların əmrini yerinə yetirənlər bir şeyi başa düşməyiblər ki, indi 2020-ci ildir və hər hansı qanun pozuntusu müxtəlif vasitələrlə qeydə alına, sosial şəbəkələrdə biabır ola bilərlər. Həmçinin bu halları ört-basdır etmək mümkün də düzgün deyildi. Ona görə ki, həmin şəxslər Azərbaycan Prezidentinin ortaya qoyduğu iradəyə və təşəbbüsə zidd fəaliyyət göstərməklə təkcə dövlət başçısının deyil, ölkəmizin imicinə də zərbə vurduqlarını anlamadılar, ya da bunu bilərəkdən etdilər. Son nəticə onlar üçün yaxşı heç nə vəd etmir…

Çünki dövlət başçısının mövqeyi əvvəlcədən bəlli idi. Bu mövqeyi seçkidən sonra da ortaya qoyan Azərbaycan Prezdenti bir daha bəyan etdi ki, pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Dövlət başçısı qətiyyətlə yerlərdə baş verən qanun pozuntuları dövlətin siyasətinə xidmət etmədiyini dilə gətirməsinin məntiqi sonluğunu gördük və hələ bundan sonra da görəcəyik.

 

Şikayət edilən 4 dairədə seçkilərin nəticələrinin ləğv edilməsi qətiyyətdən xəbər verir

 

Prezidentin qeyd etdiyi kimi, növbədənkənar parlament seçkiləri yüksək rəqabət şəraitində keçib. Bu dəfə seçkilərdə rekord sayda, 1300-dən çox namizəd iştirak edib. Hər dairədə orta hesabla 10 nəfər namizəd iştirak edib. Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirib, rəqiblərini, hətta hakimiyyəti də tənqid edib. Heç kimə buna görə maneçilik törədilməyib. Bu isə demokratik inkişafın təmin edilməsi niyyətinin həyata keçirilməsi üçün münbit zəmin hazırlamasına xidmət edib. Bunun nəticəsidir ki, həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində bu kimi müsbət meyilləri qəbul etməyə məcbur olublar. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirib. Amma…

Seçkilər başa çatdıqdan sonra yolverilən qayda pozuntuları ortaya çıxdı. Təbii olaraq ciddi qanun pozuntuları barədə Mərkəzi Seçki Komissiyasına rəsmi müraciətlər edildi. Dövlət başçısının da qeyd etdiyi kimi, mövcud olan pozuntuların ciddi araşdırılması prosesi də başladı. Fevralın 13-də MSK-nın iclasında qəbul edilən qərarlar da bir daha sübut etdi ki, hakimiyyət ölkədə demokratik seçkilərin keçirilməsində tam maraqlı olub. Yerlərdə neqativ halların iştirakçısına çevrilənlər, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq.

4 dairədə seçkilərin nəticələrinin ləğv edilməsi də əslində yüksək rəqabət şəraitində keçirilən seçkilərdə haqsızlığa və saxatlkarlığa göz yummayan namizədlərin pozuntuları qeydə almaları hesabına mümkün olub. Düzdür şikayət edilən dairələrdə səslərin yenidən sayılması yox, nəticələrin ləğv edilməsi baş verdi. Bu prosesin özü də demokratik meyarlara cavab verməyən hallara qarşı yönəlmiş addım hesab etməyə imkan yaradır. Mərkəzi Seçki Komissiyası tərəfindən 25-ə yaxın dairədən olan şikayətlərin araşdırılmasının dairə seçki komissiyalarına həvalə edilməsi də baş verən bütün ədalətsizliklərin aradan qaldırılmasında qətiyyətliliyin davam etdiriləcəyinə şübhə yeri qoymur.

 

Gülənçilərlə həsənovçular birləşib təxribat törətmək istədilər

Seçki günü baş vermiş qayda pozuntularının, bəzi namizədlərin təbirincə, saxtakarlığın məğzinə gəlincə, yuxarıda qeyd edildiyi kimi, burada dövlət başçısının genişmiqyaslı islahatlarının təkib hissəsi olan növbədənkənar parlament seçkilərində “öz adamları”nın qalib gəlməsi üçün bütün vasitələrə əl atan və ya ən azından bu prosesdə hakimiyyəti gözdən salmaq istəyən bəzi qüvvələrin və dairələrin fəaliyyətindən söhbət açmaq olar.

Yəni sözün qısası, yaranmış fürsətdən istifadə edənlər arasında siyasətdə ömrünü başa vursa da, yenidən “dirildilərək” partiyanın adından prosesə cəlb edilən, son 20 ildə dəfələrlə əqidəsini dəyişməsinə baxmayaraq, özünü müstəqil kimi təqdim edən, əslində hansısa xarici və daxili dairələrin əlində oyuncağa çevrilmiş şəxslər də olub. Onların arasında gülənçilərdən tutmuş dünənə qədər Əli Həsənovun sifarişi işləyənlər də vardı. Məhz onların bir çoxu qaraqışqırıq salaraq, şou düzəldərək saxta yolla deputat seçilmək niyyətindəydilər. Təsadüfi deyil ki, seçkidən sonra liderliyi elan olunmuş namizədlərdən biri sosial şəbəkələrdə onu təhqir edənlərin əksəriyyətinin kripto-gülənçilər olduğuna işarə edir. Seçkidən sonra həmin dairələr xidmət edənlərin fevralın 11-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında əl-ələ verdiklərinin, həmin anda xaricdəki həsənovçu ruporların guya bütün rayonların ayağa qalxıdığı barədə saxta məlumat yayaraq əhalini küçələrə çağırdığının da şahidi olduq.

Ümumiyyətlə, bu seçkilərdə yaradılan şəraitdən istifadə edən bütün təxribatçı dairələrin nümayəndələri meydanda fəaliyyətə keçmişdilər. Təbii ki, onların əksəriyyəti seçkilərdə namizədlərinin qələbəsindən daha çox bu ümumxalq tədbirinə kölgə salmaq məqsədi ilə ortaya çıxmışdılar.

Burada vəzifəsi dövlət başçısının siyasətini həyata keçirmək ola-ola bəzi şəxslərin maraqlarını həyata keçirmək istəyən bəzi yerli icra orqanlarının da, partiya mənsibiyəti olan vəzifəli şəxslərin də, MSK-nın dairə və məntəqələrinin səlahiyyətli dövlətin nüfuzuna xələl gətirəcək səviyyədə fəaliyyətlərini qeyd etmək gərəkdir. Mövcud olan pozuntuların üstünə gedilməsi, hətta bundan sonra da əldə olan faktların MSK-ya təqdim edilməsi barədə çağırışlar onların mərkli planlarını pozmuş oldu…

Müəllif Azad Əliyev