Dinimiz Allahdan, dindarlığımız özümüzdəndir...

20:07 12-02-2020 280

IV yazı

(Əvvəli 6 fevral tarixli sayımızda)

 Beyətin məşvərətlə aparılmasının vacibliyini önə çəkən həz. Ömər deyib: "Kim bir adama müsəlmanlarla məşvərət edilmədən beyətdə bulunarsa, beyət edənə əsla beyət edilməz. Beyət edilənə də beyət edilməz". Yəni İslam ümmətinin istək və iradəsini nəzərə almadan bir adama beyət edən şəxs, həm də xəlifəlik hüququndan- siyasi hakimiyyətə gəlmək şansından məhrum edilir. Deməli, məşvərət lazımdır və beyət də müsəlmanların məşvərəti ilə gerçəkləşdirilməlidir. Bəs beyət və məşvərət necə olmalıdır?  Beyət və məşvərət əhli kimlərdir? Yuxarıdakı Quran ayələrindən göründüyü kimi, müqəddəs Kitab onların önəmliliyini bəyan etsə də, fəqət necəliyini təfsilatı ilə bildirmir, onların tənzim edilməsini və hansı yolla aparılmasını insanlara həvalə edir. Qeyd edək ki, beyət və məşvərətin qaydalarıı konkret şərait və dövrdən asılı olduğu kimi, həm də insanların sosial-iqtisadi, mənəvi səviyyəsindən asılıdır. Həmin səbəbdən bir bölgə və ya qurumun beyət və məşvərəti digərləri üçün keçərli olmaya da bilər. Bu baxımdan həz. Əbu Bəkrin xəlifə seçilməsi zamanı durum necə olursa- olsun, fakt budur ki, seçimin  Peyğəmbər(ə)- nin təyini ilə olmadığı barədə fikirə heç bir şübhə yoxdur. Digər tərəfdən, beyət vaxtı nə həz. Əli, nə də onun tərəfdarlarının iştirakı təmin edilmədi. Həmin vaxt hətta həz. Peyğəmbərin yuyulmasını gözləməyən həz. Əbu Bəkr, həz. Ömər və tərəfdarları Səkifədə ənsarın dini-siyasi hakimiyyəti ələ almasınıdan ehtiyat edərək təcili ora getdilər...

Vurğulanması vacib məqamlardan biri də, Peyğəmbər(ə)-nin vəfatından sonra bəzi bölgələrdə dindən çıxmaların mövcudluğu idi. Həmin səbəbdən məşvərət və beyət ənsar və mühacirlərin iştirakı ilə əsasən paytaxtda - Mədinə əhli arasında keçirilirdi. Hakimiyyətə gələn həz. Əli bunu bütün müsəlman bölgələrində aparmaq istəyirdi. Təəssüf ki, hakimiyyət iddiasında olan Müaviyyə hidayət öndəri həz. Əliyə bu imkanı vermədi. O, həz. Əliyə edilən ümumxalq beyətin əksinə çıxmaqla müsəlmanlara qarşı çıxdı, ona beyət edənləri təqib etdi...

Növbəti nüanslardan biri də əhli sünnət alimlərinə görə xəlifənin məşvərətsiz də seçilə bilməsi məsələsidir. Belə ki, imam Malik yaşadığı dövrdə Ömər b.  Abduləzizi örnək bir xəlifə (717-720)  kimi qəbul etmişdi. Abduləziz isə məşvərətsiz hakimiyyətə gəlmişdi. İmam Malik hesab edirdi ki, beyətdən öncə xəlifənin seçimi şərt olmadığı kimi, beyət də şərt deyil. Şərt insanların xəlifədən razı qalması, onun haqqı, ədaləti müdafiə etməsidir. İmam Şafiyə istinad edilən mənbəyə görə, "qılınc gücünə xilafəti ələ keçirən, sonra ədalətlə idarə edən və Qureyş qəbiləsinə mənsub olan hər bir kəsin xəlifəliyi qanunidir". Digər sünni alimi imam Əhməd b. Həmbəl yazıb: "Kim insanları çevrəsində toplayan və zorla, yaxud razılıqları ilə xəlifəliyini qəbul etdikləri hökmdara qarşı çıxarsa, həmin şəxs İslamın birlik və bərabərliyini zədələmiş olur". Göründüyü kimi, əhli sünnət alimlərinin çoxuna görə, ədalətli olmaq üzrə bütün xəlifəlik şərtlərini birləşdirən hər bir kəs xilafəti zorla ələ keçirərsə, o, xəlifədir.

 Xəlifənin ədalətli olması. Bu şərt xəlifədən tələb olunanların ən önəmlisidir. Ədalətin vacibliyi barədə Rəbbimiz buyurub: "Ey iman gətirənlər! (şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışın... Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin..." (Nisə 135); "Ey iman gətirənlər! ... hər hansı bir camaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin, ədalətli olun..." (Məidə 8).

Haşiyə: Həz. Əli haqq döyüşdə bir düşməni yerə yıxıb başını kəsəcəyi an həmin şəxs imamın üzünə tüpürür. Həz. Əli dərhal onu buraxır. Düşmənin: "nə üçün məni öldürmədin?" sualına, həzrət cavab verir: "Səni Allah rizası naminə öldürəcəkdim. Fəqət üzümə tüpürdüyünə görə hiddətə gəldim. Bu zaman tutduğum niyyət zədələndiyi üçün səni buraxdım".

Sünni alimlərindən ibni Teyyimə yazır: "Xəlifə ədalətli sayılıb məşvərətlə seçilərsə və sonra  fasiq olduğu bilinərsə, bu xəlifəyə itaət edilib- edilməyəcəyi barədə ixtilaf var. Bəziləri belə xəlifəyə itaət edilməsi, digərləri isə itaət edilməməsi haqqında hökm veriblər. Birincilərə görə, şəxs etdiyi beyətə bağlı olduğu üçün itaət etməlidir. İkincilər isə beyət pozulduğu üçün itaət etməməlidirlər, deyiblər. Bütün müsəlmanlar Allaha üsyan edənə itaətin olmaması barədə yekdil fikirdədirlər. İxtilaf seçilməyən- qılınc gücünə gələn şəxsin ədalətli olduğu halda ona itaətin edilib-edilməməsi məsələsindədir". Deməli, Teyyiməyə görə, Peyğəmbər(ə)-yə layiq olan xəlifəyə itaət etmək vacibdir. Əgər bu məqama seçilən şəxs günah işlədərsə, onun xəlifəliliyi Peyğəmbər(ə) xəlifəliyindən çıxar və o, bir dünyəvi iqtidar halına gələr. Belə xəlifə heç xəlifəliyə seçilməmiş statusunda olar. Belə status haqqında üləmanın üç müxtəlif fikri var:

1) Xəlifə fitnələrə səbəb olmursa, onu devirmək olmaz;

2) Ona itaət edilməz, çünki Allaha üsyan edən hökmündədir.

3) Ədalətsiz rəhbərə haqqı demək, anlatmaq lazımdır. Onu nəsihətlə islah etmək gərəkdir. Göründüyü kimi, xəlifəlikdə bu status barədə nəinki adi insanların, hətta üləmanın fikirləri müxtəlifdir. Həmin səbəbdən, həz. Peyğəmbərdən gəlməsi və səhihliyi iddia edilən kəlama müraciət edirik: "Bir rəhbər Allaha üsyanda bulunursa, onu yaxşı qəbul etməyin. Əlinizi də itaətdən tamam çəkməyin!". Düşündürücü hədisdir...

 

İslamda fiqhi məzhəblər

 

Məlumdur ki, İslam hüququnun (fiqhin) ilk qaynağı Qurani-Kərim və Peyğəmbər(ə) kəlamlarıdır. Müqəddəs kitab həm də İslam hüququnun əsası olduğu üçün, o, təfərrütalara varmır. Sünnət isə bu sahənin bəzilərini təfərrüatları ilə şərh edir. Lakin sünnətdə də elə məqamlar var ki, onlar Quran ayələri vasitəsilə açıqlanır.

 Bütün monoteist dinlərdə olduğu kimi, İslamda da əsas olan nəqldir, yəni ayələri əmələ gətirən kəlamlar, hekayətlərdir. Nəqlə söykənən dini hökmlərin dərk edilməsi üçün isə ağlın vacibliyi əsas şərtdir. Zira ağlı qüsurlu olan mükəlləf deyil. Lakin ağıllı hər bir müsəlmanın da Quran və hədislərdəki kəlamlardan bəhrələnərək hökm çıxarmaq, fətva vermək imkanı məhduddur. Həmin səbəbdən bu işi (ictihadı) İslam alimləri, fiqh üzrə mütəxəssislər həyata keçirir ki, onlara da müctəhidlər deyilir.

İslam hüququnda ictihad dörd əsas mərhələni əhatə edir:

 1) Peyğəmbər(ə) dövründə ictihad;

 2) Səhabələr dövründə ictihad;

 3) Tabiin dövründə ictihad;

 4) Müctəhid imamlar dövründə ictihad.

 

Peyğəmbər(ə) dövründə ictihad

 

Həz. Məhəmməd zamanı ictihad olsa da, fəqət sərhədləri dar idi. Çünki vəhylər  davam etdiyi üçün ictihada o qədər də ehtiyac duyulmurdu. Həmin vaxt əsasən  ucqarlarda olan səhabələr ictihad edirdilər. Peyğəmbər(ə) özü də ictihad edib. İnsanlar ondan dini və sosial- iqtisadi məsələlər barədə fətva istəyiblər. O da Allah kəlamlarını rəhbər tutaraq sorğuları cavablandırıb. Peyğəmbər(ə) ictihadında müəyyən bir məsələ qaranlıq  qaldığı halda, Allah onun fətvasını vəhy yolu ilə düzəldərək əsl həqiqəti bildirib. Belə ki, Bədr vuruşunda (624-cü il) alınan əsirlər haqqında Peyğəmbər(ə) səhabələri ilə məsləhətləşib. Səhabələrdən bəziləri (həz. Əbu Bəkr və başqaları) əsirlərin qeydsiz-şərtsiz azad edilməsini, digərləri isə (həz. Ömər və başqaları) onların hamısının öldürülməsini təklif etdilər. Peyğəmbər (ə) isə fidyə (şəxsin xilas edilməsi üçün verilən pul, mal) müqabilində ailələrinə qaytarılmasını istədi. Bu durumda Allahu-Təalə  savaş davam etdiyi halda əsirlərin fidyə müqabilində buraxılmayacağını bildirdi. Həmin olay barədə Rəbbimiz buyurub: "Heç bir peyğəmbərə yer üzündə (kafirləri) öldürməyincə əsirləri özünə mal etmək (fidyə müqabilində azad etmək) yaraşmaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir... Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı, aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab verərdi... Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah qəlblərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar". (Ənfal 67-70)

Qeyd edək ki, Peyğəmbər (ə) dünyəvi məsələlərdə hökm verməzdən qabaq həmişə səhabə ilə məsləhətləşib. O, bəzən iki şikayətçi arasında hökm verərkən yanıla biləcəyindən ehtiyat edərək deyirdi: "Siz mənə mühakimə edilmək üçün müraciət edirsiniz. Halbuki, bəziləriniz dəlil gətirmək baxımından digərinizdən daha zəyifdir".

Göründüyü kimi, Peyğəmbər (ə)-nin vəhylər daxilində etdiyi ictihadlarda heç bir yanlışlıq olmayıb və bu, heç müzakirə mövzusu da deyil. Həmin məsələdə o, heç kimlə məsləhətləşməyib. Dünyəvi işlərdə  isə  o, yanılmamaq üçün səhabə ilə məşvərətdə bulunub. "Dünyəvi işlərinizi siz məndən yaxşı bilirsiniz" kəlamını Peyğəmbər(ə) buyurub.

 

Səhabə dövründə ictihad

 

Səhabə alimləri öz ictihadlarında Quran və sünnətlə hökm veriblər. Xəlifə həz. Ömər dövründə İraq və İran torpaqlarını fəth edilərkən əsgərlər həmin torpaqları aralarında bölməsini xəlifədən tələb edirlər. Lakin həz. Ömər bildirib ki, onların bu iddiası Allahın: "... Bilin ki, əldə etdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirindir..." ayəsinə ziddir. Çünki ayədə yer alan qənimət torpağa şamil edilmir. Lakin döyüşdə iştirak edənlər xəlifənin qərarına əməl etmədilər və gərginlik üç gün davam etdi. Üçüncü gün həz. Ömər Qurandakı bu ayəni onlara  oxudu: "Allahın öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (onun ) qohum-əqrəbasına, yetimlərə, yoxsullara və müsafirə  məxsusdur. Bu ona görədir ki, həmin mal-dövlət içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın..." (Həşr 7). Bu ayədən sonra heç kim mübahisəyə girişmədi.

Səhabə hər hansı bir məsələ barəsində Quran və sünnətdə bir şey tapa bilmədikdə ictihad edirdi. Bu, həz. Peyğəmbərin qəbul etdiyi bir qayda idi. Məhəmməd(ə) Muaz b. Cəbəli Yəmənə hakim göndərərkən ondan soruşdu: "Nə ilə höküm edəcəksən?" O: "Allahın kitabı və peyğəmbərin sünnəti ilə", cavab verdi. "Bəs həmin məsələ haqqında  orada bir hökm olmasa, necə?"  Peyğəmbər (ə) sualına Muaz cavab verdi: "Rəyimlə ictihad edərəm". Həz. Məhəmməd bu cavabdan razı qaldı.

Qeyd edək ki, fiqh alimlərinin əksəriyyəti rəyi qiyas (bənzətmə, oxşatma, müqayisə etmə) kimi qəbul ediblər. Qiyas qaydalarına görə rəyi ilə ictihad edənlərdən ən məşhuru Abdullah b. Məsud olub. Məsləhətə söykənən ictihad əsasən, həz. Ömər tərəfindən edilib. Həz. Əli də məsləhətə görə ictihaddan istifadə edib. Səhabədən bəziləri iki və daha artıq adamdan Peyğəmbər(ə)-yə istinadən hər hansı bir hədisi tapa bilmədikdə, hökmü özlərinə şamil edirdilər. Məsələn, həz. Əbu Bəkr ən azı iki adamın  rəvayətini hədis kimi qəbul edirdisə, həz. Əli hədisi rəvayət edənə and içdirərdi. Səhabə xüsusi hallarda öz rəyi ilə fətva verərdi və ya ifadəni özlərinə şamil edərdi. Məsələn, Abdullah b. Məsud bir fətvasında belə deyib: "Bunu öz rəyimə görə söyləyirəm. Əgər doğrudursa, Allahdan, yanlışdırsa, mənim xətamdır". Xəlifə Ömər bir məsələyə aid fətva verərkən onun katibi fətvanın sonunda belə yazmışdı: "Allah və Ömərin görüşü belədir".  Cümləni oxuyan həz. Ömər katibə: "Çox səhv etmisən, bu, Ömərin rəyidir. Doğru Allahdan, yanlış Ömərdəndir,"- deyib. Yazılanlardan aydın olur ki, səhabə dövründə İslam hüququnun qaynağı kitab, sünnət və rəy (qiyas) olub. Onu da vurğulayaq ki, teokratik dövlətin daha ədalətli qərar verməsi üçün həz. Ömər tərəfindən iki Məşvərət Şurası təsis edilmişdi; xüsusi və ümumi şura. Xüsusi Şuraya həz. Əli də daxil olmaqla dövrün alimləri daxil idisə, Ümumi Şurada bütün mədinəlilər təmsil olunurdu. Az sonra isə bu şura icma rolunu oynadı. Beləliklə, həmin dövrdə şəriətin üç qaynağına- kitab, sünnət və rəyə (qiyasa), dördüncüsü - icma da əlavə olundu.  (Ardı var)

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru