HƏBSDƏKİ İCRA BAŞÇISININ İŞİNDƏ YENİ DETALLAR - Goranboyda da xeyli büdcə vəsaitini ələ keçirib...

12:01 08-02-2020 130

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev konkret ad çəkməsə də, yenidən həbs edilən icra başçılarının qanunsuzluqlarından danışıb. Bu icra başçılarının həbsindən sonra prezidentin yerli icra orqanları tərəfindən sosial sahəyə ayrılan pulların mənimsənilməsi ilə bağlı ikinci çıxışıdır.

Ötən çıxışında İlham Əliyev işsizliyin qarşısını almaq üçün on minlərlə ödənişli ictimai iş yeri yaradılması barədə təşəbbüsündən danışarkən demişdi: “Əfsus ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır”.

Prezidentin dönə-dönə bu məsələnin üzərinə gəlməsi onu deməyə əsas verir ki, həbsdəki icra başçılarının yolu ilə gedən hər kəs dəmir barmaqlıqlar arxasına göndəriləcək.

Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyatla Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov həbs olundular. Hazırda həbsdə olan bu məmurlar ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəmədə, səhiyyə, təhsil və digər yerli dövlət təsisatlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsini nağdlaşdırmaqda və digər qanunsuzluqlar törətməkdə şübhəli bilinərək həbs alınıblar.

Nizaməddin Quliyevin həbsindən ile ilgili görsel sonucu

Rəsmi qurumlar həbsdəki icra başçılarının durumu, istintaqın gedişatı ilə bağlı məlumat verməyə tələsmirlər.

Nizaməddin Quliyevin həbsindən sonra Maliyyə Nazirliyi o, Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb. Həmin araşdırmanın nəticələri ilə bağlı da geniş ictimaiyyətə məlumat verilməyib. Bilinən odur ki, 2019-cu ildə Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb.

Araşdırmalarla üzə çıxarılıb ki, Nizaməddin Quliyev işə 300 fəhlənin qısa zamanda işə götürlüməsi haqda hesabat versə də, faktiki olaraq yerlərdə 20-30 nəfər işə götürülüb. Qalanları isə “ölü can”lar olub. Yəni hər ay 270-280 nəfərə büdcədən ayrılan məvacib mənimsənilib. 1 fəhləyə ayrılan aylıq maaşın 200 manat olduğunu nəzərə alsaq, Nizaməddin Quliyevin Goranboyda da xeyli büdcə vəsaitinin ələ keçirilməsi üzə çıxır. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib. Bundan başqa Goranboy şəhərində küçələrin asfaltlaşması üçün büdcədən ayrılan pullar da Nizaməddin Quliyev tərəfindən mənimsənilib. Onun fəaliyyəti nəticəsində şəhərin mərkəzi küçəsindən başqa digər küçələrdə yollar dağınıq durumdadır. Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda o və müavini Ramiz Tatarov, Yevlaxın sabiq başçısı Qoca Səmədovun cinayət əməllərinin araşdırılması davam edir.