BDU-da QALMAQAL: Müəllim “Quran”ı təhqir etdi, rektor cəzalandırdı

18:46 16-01-2020 45

Bakı Dövlət Universitetində (BDU) tarix kafedrasının müəllimi Rabil Süleymanlı İslam dini və “Qurani Kərim” haqqında təhqiramiz ifadələr işlədib. Bu isə tələbələrin etirazına səbəb olub.

Yenisabah.az xəbər verir ki, bu barədə BDU-nun tələbəsi Elnar Bulud məlumat yayıb.

Elnar Buludun bildirdiyinə görə olay imtahan zamanı baş verib:

"Demək bu gün səhər imtahanımız idi. İmtahan nəzarətçilərindən biri Rabil Süleymanlı adında 64 yaşlı bir müəllim imtahan başlayandan İslam dini və Qurani Kərim haqqında təhqiramiz ifadələr səsləndirməyə başladı. Müəllimə imtahana mane olduğunu dəfələrlə deməyimizə baxmayaraq uca səslə təhqiramiz sözlərini davam etdirirdi.

 

Müəllim uca səslə "Müsəlmanlar savadsız olurlar, heç birinin qandığı şey yoxdur, din nədir? Müsəlmanlar hamısı terrorçudur" deyincə, mən "müəllim imtahana mane olursuz" deyə etiraz etdim. Mənə xitabən, "sən də dindarsan?" soruşdu. "Əlhəmduliləh müsəlmanam" deyincə, üstümə qışqıraraq"öz dilində danış" dedi. 

Biraz keçmiş digər nəzarətçi müəllimə uca səslə "müsəlmanlar gericidirlər, həmişə demişəm yenə deyirəm gedin açın “Quran”ı oxuyun. Ərəbin nağıllarına da inanmayın" deyincə, yenidən etiraz etdim.  

Müəllim etirazıma cavab olaraq mənə, "Nə baxırsan? İndi ağlından keçir ki, əlimdə olsaydı bu müəllimə nələr edərdim?! Terrorçuya oxşayırsan. Bunlar hamısı belədir" deyərək, ucadan qışqırmağa başladı. 

Az keçmiş yanıma gəlib mənə "tələbə biletinə baxım. Görüm adın nədi sənin? Özümü səndən qoruyum. Bu müsəlmanlar təhlükəli olurlar" dedi. Yenə də ədəbli şəkildə cavabını verməyə çalışdım.  

Müəllim bununla da yetmədi, imtahanın sonuna kimi İslam və “Quran” haqqında təhqiramiz ifadələr işlətdi.  60 nəfər tələbənin içində heç bir əsas olmadan mənə "terrorçu" dedi. Tələbələrin dini inancalarını ələ salmağa çalışdı. Vəzifəsindən (müəllimlik) istifadə edərək insanları etniq, irqi, dini mənsubiyyətinə görə başqalarının içində alçaltmaq, təhqir etmək hansı prisiplərə uyğundur? Belələrinin cavabı hüquqi baxımdan dövlət tərəfindən verilməlidir. Belə hallar bir də yaşanmasın deyə BDU rəhbərliyini də  tədbir görməyə çağırıram. Mənim və mənim kimilərin imtahan vaxtı keçirdiyi əsəb və gərginliyin, eyni zamanda sualların cavablarını yazmağa mane olan danışığın əvəzini kim və necə verəcək?”

Elnar Bulud məsələ ilə bağlı BDU-nun rektoru Elçin Babayevlə görüşüb. Onun sözlərinə görə, Rabil Süleymanlı İslam dini və Qurani Kərimi təhqir etdiyi üçün BDU rəhbərliyi tərəfindən cəzalandırılıb.

"BDU-nun rektoru Elçin Babayevlə az əvvəl görüşdük. Dünən qeyd etdiyim müəllim şiddətli töhmət alıb və artıq imtahanlara buraxılmayacaq. Üstəlik fəaliyyəti də xüsusi nəzarətə götürülüb. Ən xırda səhvində işdən azad olunacaq. Rektor bundan sonra BDU-da bu tip halların yaşanmayacağına təminat verdi. Rektor dedi ki, belə hal bir də yaşansa, daha sərt tədbir görüləcək. BDU tələbələrindən kimsə bu tip hallarla qarşılaşarsa birbaşa rektorla əlaqə saxlasın. Rektor özü müvafiq tədbir görəcək.

Şəxsən müəllim haqqında verilən qərardan tam olaraq razı qalmasam da, bu tip halların universitetdə yaşanmayacağına verilən zəmanət əsas məqsədimin hasil olması deməkdir. Sırf inancına görə heç bir tələbənin islamafobik və ya digər şəkildə təzyiqlə üzləşməməyini təmin etmək əsas məqsədim idi. Ona da birlikdə nail olduq",- deyə Elnar Bulud bildirib.