"Eşitmisən, öyrənməmisən"

19:12 15-01-2020 95

Dövlət şirkəti dövlət büdcəsi hesabına ödənişli yol tikə bilməz!

 Son illər Azərbaycanda dünya təcrübəsində özünü doğrultmuş iqtisadi, sosial, səhiyyə və s. layihələri elə formada təqdim və ya tətbiq edirlər ki, cəmiyyət bu "mütərəqqi layihələrə" nifrət edir desək, yanılmarıq. Məsələn, respublikamızda tətbiq edilən ünvanlı dövlət sosial yardımı, özünüməşğulluq proqramı, icbari-tibbi sığorta, publik-hüquqi şəxslərin yaranması və s. bu kimi layihələr Avropa və digər inkişaf etmiş ölkələrdə parlaq nəticələr ortaya qoyub. Bu layihələr nəticəsində əhalinin yoxsulluğu, sağlamlıq problemləri qısa zaman çərçivəsində aradan qaldırılıb, dövlət büdcəsinin yükü kəskin azaldılıb. Azərbaycanda isə on ildən çoxdur ki, ünvanlı sosial yardım layihəsi, üç ildən çoxdur ki, özünüməşğulluq proqramı həyata keçirilsə də, əhali kasıblıqdan azad olmaq əvəzinə daha çox yoxsullaşır. Məsələn, 2018-ci ilə nisbətən ötən il ünvanlı sosial yardım alan ailələrin sayı 20-25 faiz artıb. Normalda isə özünüməşğulluq proqramı işə düşən kimi, ünvanlı sosial yardım alan ailələrin sayı azalmalı idi. Çünki nəzəri olaraq hökumət kasıb ailələrə bir tərəfdən yardım göstərir, digər tərəfdən isə kasıb ailələri özünüməşğulluq proqramlarına cəlb etməklə onlara kasıblıqdan xilas olmaq üçün dəstək verir. Özünüməşğulluq proqramları ilə verilən dəstək normalda kasıb ailələrin sayını azaltmalıdır. Azərbaycanda isə tam tərsinədir, özünüməşğulluq proqramı işə düşəndən bəri ünvanlı sosial yardım alan ailələrin sayı hər il davamlı olaraq artmaqdadır. Bu isə ondan xəbər verir ki, sözügedən layihələr ölkəmizdəki korrupsiya, rüşvətxorluq, ümumiyyətlə, qeyri-şəffaflıq və qeyri-dürüstlük bu layihələrin normal icra edilməsinə imkan vermir, o səbəbdən də layihələr eybəcərləşir. Digər tərəfdən, ölkədə dövlət büdcəsinin yükünü azaltmaq məqsədi ilə publik-hüquqi şəxs adlı dövlət müəssisələri yaradıldı. Publik-hüquqi şəxs kimi yaradılan dövlət müəssisələri vətəndaşlara ödənişli xidmət göstərmək hüququ qazanır. Belə müəssisələr məntiqi olaraq əvvəllər ona görə yox idi ki, dövlət müəssisəsi büdcədən (dövlət büdcəsi vətəndaşın büdcəsi sayılır) maliyyələşirsə, o vətəndaşa ödənişsiz xidmət etməlidir. İndi yaradılan publik-hüquqi şəxslər həm dövlət büdcəsindən maliyyələşir, həm də vətəndaşa ödənişli xidmət göstərir. Belə halda isə publik-hüquqi şəxs yaradılmasının məntiqi itir. Belə idarələrin yaradılmasında məqsəd büdcə yükünün azaldılmasıdırsa, onda publik-hüquqi şəxslər nə üçün büdcədən maliyyələşməni davam etdirir?

Məhz bu səbəbdən də, ölkəmizdə yaradılan publik-hüquqi şəxsə münasibət birmənalı deyil. İnsanlar buna rüşvətin leqallaşdırılması kimi baxır. Məsələn, hər hansı bir dövlət xəstəxanası özünü publik-hüquqi şəxs elan edir və burada göstərilən xidmətə görə aldıqları rüşvəti leqallaşdırmış olurlar. Baxmayaraq ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu tibb müəssisənin dövlət büdcəsindən maliyyələşdirilməsi da davam etdirilir. Buna görə də bütün dünyada dövlət büdcəsinin yükünün azaldılması baxımından mühüm və mütərəqqi forma sayılan publik-hüquqi şəxs ideyası Azərbaycanda sadəcə olaraq, rüşvətin leqallaşdırlması üsuluna çevrilib. Ölkəmizdə həyata keçirilən belə layihələrin sayı heç də az deyil.

İndi isə bu cür məntiqsiz daha bir layihənin həyata keçirilməsinə start verməyə hazırlıq gedir:

"Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiyanı hazırlayıb hökumətə təqdim etmişik".

Bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdır. Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək və yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək.

Bu layihədə də təxminən yuxarıdakı kimi ciddi məntiqsizlik ortadadı. Sözsüz ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin haqqında danışdığı yol, dövlət büdcəsindən ayrılan vəsaitlə tikilib. Azərbaycan vətəndaşının vergiləri ilə, sərvətindən gələn gəlirlər hesabına formalaşan, ölkə vətəndaşlarına xidmət etməli olan dövlət büdcəsinin vəsaiti ilə yol tikilir və həmin yol da vətəndaşa pulla satılırsa, bu məsələdə məntiq nədən ibarətdir? Mən burada heç bir məntiq görmürəm, ola bilsin ki, bununla Azərbaycan hökuməti hansısa beynəlxalq təşkilata göstərmək istəyir ki, respublikamızda da ödənişli yollar var. Əks halda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hansı məntiqlə vətəndaşın pulu ilə özünə kapital formalaşdırır? Qısa desək, xalqın pulu ilə tikdiyi yolu yenidən xalqa satır.

Normalda isə alternativ və ya ödənişli yollar, yalnız zərurət ortaya çıxdığı halda, özəl şirkətlər tərəfitndən tikilib istifadəyə verilir. Yuxarıda qeyd etdiyim kimi, dövlət şirkəti dövlət büdcəsi hesabına ödənişli yol tikə bilməz! Dövlət alternativ yol tikə bilər, o da mütləq ödənişsiz olmalıdır, çünki dövlət büdcəsindən - ümumi büdcədən maliyyələşdirilir.

Burada ataların yerinə düşən bir misalı var: "Eşitmisən, amma öyrənməmisən". İndi bizimkilər, o cümlədən də Saleh Məmmədov eşidib ki, dünyada ödənişli yollar var, amma gedib öyrənməyib ki, bunun mexanizmi nədən ibarətdir. Zəruri hallarda, iki sənaye şəhəri arasında yolu azı 30 faiz qısalda bilən alternativ yolları hökumət də tikə, yaxud tender elan edib bunu özəl şirkətlərə də həvalə edə bilər. Hökumət öz vəsaiti hesabına tikirsə, bu mütləq ödənişsiz yol kimi fəaliyyət göstərməlidir. Əgər bu yolun ciddi xidmətə ehtiyacı yaranırsa və bu xidməti göstərməkdə problemlər ortaya çıxırsa, o halda hökumət bu yolu tender vasitəsi ilə satışa çıxara - özəlləşdirə bilər. Əgər yol özəl şirkət tərəfindən öz vəsaiti hesabına tikilibsə, dövlətin qanunları çərçivəsində həmin yol ödənişli əsaslarla fəaliyyət göstərə bilər. Adətən, Ədət-Astara yolu kimi eyni istiqamətə uzanan, ciddi sıxlıq müşahidə edilməyən yollara alternativ ödənişli yollar çəkilmir. Çünki belə hallarda ödənişli və ödənişsiz yollar arasında elə də ciddi fərqlər olmur. Ödənişli yolları çəkmək üçün ortaya hər hansı ciddi tələbat çıxmalıdır ki, bu, iqtisadi səmərəlilik baxımından özəl şirkətlərdə maraq doğursun. Belə bir tələbat ortaya çıxanda hökumət istəsə belə, ödənişli yolların salınmasının qarşısını ala bilməyəcək, çünki ortada iqtisadi maraq - mənfəət var.

Məsələn, Sarı dənizdəki Szyaçjou buxtasında inşa edilən, 42 km uzunluğu olan, Çinin şərqindəki Sindao limanı ilə Xuandao adasını birləşdirən körpü bu iki sənaye şəhəri arasındakı yolu üç dəfə qısaldır. Körpu (alternativ yol) ödənişli əsaslarla fəaliyyət göstərir. Körpüdən istifadə haqqı qısaldılmış yolda qənaət edilən yanacağın dəyərinin təxminən 50 faizinə bərabərdir. Yəni bu yolda onu inşa edən şirkətdən çox ondan istifadə edənlər qazanır. Belə ki, qənaət edilən yanacağın dəyərinin yarısı, vaxt və amortizasiya xərcləri yoldan istifadə edən vətəndaşların uduşudur. Belə hallarda yolu dövlət vəsaiti hesabına da çəkmək həm məntiqlidir, həm də səmərəli. Lakin Çində bu yolu da özəl şirkətlər inşa edib.

Bizdə isə büdcə hesabına tikilən obyektlərə münasıbət tamamilə fərqlidir. Büdcə hesabına hansısa bir obyekt, bina, yaxud müəssisə tikilir, Ssnradan məlum olur ki, bu obyekt, bina yaxud, müəssisə hansısa oliqirx məmurun  özəl mülkiyyətidir. Yaxud da, bu obyekdən, və ya müəssisədən hansısa məmur öz şəxsi maraqları üçün yararlanır. Bu kimi halların geniş miqyas alması, ölkədə insanların dövlətə inamını və etibirını azaldır.

Son zamanlar Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları, parlamentin buraxılması və digər tədbirlər onu deməyə əsas verir ki, dövlət vəsaitlərinə  özlərinin şəxsi gəlirləri kimi baxan bir çox harınlamış məmur və deputatların erası artıq sona çatır. Bu islahatlar həm də onu deməyə əsas verir ki, bundan sonra gerçəkləşdirilən bütün layihələrə nəzarət sistemi də gücləndiriləcək. Çünki Prezidentin inandığı, etibar etdiyi bir çox məmurların bu inamı və etimadı doğrultmadığı faktı göz qabağındadır.    

 Akif Nəsirli