İnsanlıq...

19:10 15-01-2020 65

Onu itirməyən qazanar - bugünü də, gələcəyi də

 Deyilənə görə, uşaqlar cənnətdə mələklərə çevrilir...

 Bunun nə qədər həqiqət olduğunu deyə bilmərəm, lakin uşaqlar mələk misallı, mələk simalı, hələ öz müqəddəsliyini itirməmiş varlıqlar sayaq, elə bu fani dünyada hər birimizə imtahan vermək üçün göndərilir (Görək o imtahandan çıxa bilirikmi?).

Hazırkı dünyamzda isə bizlər sanki mələklərin soyqırımını həyata keçirən zombilərik. Nə fərqi var o soyqırımı aşkar düşmənçiliklə deyil, gözəgörünməz şəkildə, fəsadı üzə çıxmayanadək aparırıq. Ya da ki, xroniki əziyyyət çəkdiyimiz gizli mərəzlərin acı nəticəsi olan qətllərlə həyata keçiririk.

Heç demə, insanın ən böyük düşməni elə özüymüş. Əbədi dünyamızda bizi qarşılayacaq, bizimlə yaşayacaq, ən azından daimi məkanda nə vaxtsa bizimlə rastlaşacaq bir mələyin olması üçün, bu dünyada onun varlığına heç imkan vermədik. Keçmişdə, eləcə də hazırda.

Mələk misallı uşaqları müxtəlif formalarda dünyadan köçürürük. Sürət həddini keçməklə yollarda, ailə münaqişələri zəminində evlərdə onların həyatına son qoyuruq. Bəzən bu düşmənçiliyi onlar hələ dünyaya göz açmazdan da əvvəl edirik.

Nə fərqi var ki, adımız qatil deyil, elə adlanmaq üçün mütləq əlimizdə soyuq, yaxud isti silahmı olmalıdır? Gələcək övladının qız doğulması xəbərini dəhşətlə qarşılayan, ya da, ümumiyyətlə, planlaşdırılmamış uşaqdan yaxa qurtarmaq üçün nicatı həkimlərdə axtaran azmı adam tanıyırıq? Valideyn adlanmağı onsuz da özləri istəmir, biz onlara bu adı necə verə bilərik?

Bu məqamda reproduktiv sağlamlıq və s. məsələləri mövzuya çevirmək istəmirik, belə yazılar zaman-zaman faktların timsalında gündəmə gəlir. Söhbət ondan gedir ki, biz ali məxluq deyə özümüzü öydüyümüz halda, əksəriyyətdə başqa canlılardan o qədər də fərqlənmədiyimizi görəsən, nə vaxt anlayacağıq?

Görəsən, o vaxt olacaq ki, balaca körpələrin ömrümüzə gələn yolunu, dünya qapısını möhkəmcə bağlamayacağıq?

O vaxt olacaq ki, dünyaya gələn övladların, bizə bəxş olunanın cins fərqinin Allah payı olduğunu qəbul edəcəyik?

Axır ki, yaşadığımız dünyanın davam etməsi, nəsillərin əvəzlənməsi, ətəyindən dördəlli yapışdığımız həyat adlı bir qiymətlinin qırılmaması üçün mütləq hər iki cinsin bərabər statusda olduğunu görəsən, nə vaxt ağılla, məntiqlə, canla-başla qəbul edəcəyik?

Sualların burulğanında hərdən aydın zəkalı insanlar da gözümüzə görünür, nə yaxşı ki belə faktlar az da olsa, var. Və bizi birdəfəlik məhv olmağa, əlimizi hər şeydən üzməyə imkan vermir. Faktları sadalamıram, lakin övladlar barədə müqəddəslərdən gətirdiyimiz bir sitat, zənnimcə, yerinə düşər: “Qızları olan evə hər gün səmadan on iki bərəkət nazil olar. Və o evdən mələklərin gediş-gəlişi kəsilməz. Onların atası üçün hər gün bir ilin ibadəti yazılar”...

Bəli, istər hikmətli sözlər, atalar sözləri, zərb-məsəllər, istərsə də müdrik kəlamlar, aforizmlər, sitatlar sayaq qiymətli fikirlər yalnız bizlər üçündür. Özümüzü başqa canlılardan ali sayan insanlar üçün. Lakin, yuxarıda da qeyd etdiyim kimi, bəzən elə “yaşayır”, “həyat” sürür, fəaliyyət göstəririk ki, onu özümüzdən başqa hansısa bir canlıya bəlkə də irad tutar, öz gözümüzdəki tiri qoyub, başqasında çöp axtararıq.

Beləcə, çoxları evində cəllad-qaniçən, despot, bayırda humanist, vətənpərvər kimi görünər, lakin Atatürkün bu məşhur deyimini eşitməmisiniz ki, vətəni qorumaq uşaqları qorumaqla başlayar?

Dahi Eynşteyn isə görün, balaca varlıqlar haqda nə deyib: “Bu dünyada bir uşaq belə, xoşbəxt olmadığı müddətcə, böyük kəşflər və yüksəlişlər heçdir”.

Xoşbəxt olmayanların sırasında yaşı az, başı çox bəlalar çəkən dilənçi uşaqlar, küçədə qələm, salfet satanlar, maşın şüşəsi silənlər, evdən qaçanlar, kimsəsi olmayanlar, zirzəmidə gecələyənlər, şiddətə məruz qalanlar, qətlə yetirilənlər və daha kimlər var. Amma onların az qala hər gün artan qara siyahıdan qandonduran statistikaya çevrilməməsi də tam mümkündür.

Mümkünsüzü müm-kün edənin adı da başqa deyil, ey insan!

 Nigar Vaqifqızı