"Təzadlar"ın UNEC sancısı

18:12 15-01-2020 140

Azərbaycanin müasir dünyada böyük rəğbət görən nüfuzlu universitetinə qarşi qarayaxma kampaniyasi aparmaq insaf və vicdanla kökündən tərs düşməkdir

Son vaxtlar ictimai rəydə obyektiv, qərəzsiz mətbuat orqanı kimi qəbul olunmağa can atan "Təzadlar" qəzeti heç cür bu istəyinə çata bilmir. Səbəbi isə əslində, mətbuat mühitinə də, geniş ictimaiyyətə də yaxşı məlumdur. Çünki bu qəzet az qala hər addımda qeyri-obyektiv, qərəzli yazıları ilə özünü cəmiyyətə neqativ obrazda təqdim edir. 

Bir sözlə, neçə vaxtdır ki, "Təzadlar"ın mövqeyi, fəaliyyəti konkret olaraq normal mətbuata aid meyarlarla, ümumilikdə isə obyektiv gerçəkliklə kəskin təzad içərisindədir. Bu baxımdan, özünü guya "haqsızlığın qurbanı", KİVDF-nin və Mətbuat Şurasının "təzyiqlərinin hədəfi" kimi qələmə verməsi də əsassız iddiadır, quru hay-küyçülükdür.

Məsələ bundadır ki, Mətbuat Şurası "Təzadlar"ı dürüst jurnalistika prinsiplərinə zidd yazılarına, peşə meyarlarını davamlı şəkildə pozduğuna görə "Qara siyahı"ya salmışdı. Təsadüfi deyil ki, bu qəzetdə ardıcıl olaraq məzmunu hikkəli və qərəzli, məqsədi "qaranlıq" yazıların getməsi ilə bağlı ictimaiyyətdə qəti və birmənalı rəy yaranıb.

Buna ən qabarıq bir misal da təxminən son 3 ildən bəri "Təzadlar"ın, demək olar ki, hər sayında Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in rektoru Ədalət Muradovun ünvanına, bütövlükdə bu universitet barədə həddən artıq neqativ yazılar verilməsidir. Bu yazıların çoxunun böhtan xarakterli olması, aşkar qəzəb və qərəz ifadə etməsi, təbii ki, diqqətdən yayına bilməzdi. 

Odur ki, Mətbuat Şurası, qurumun İdarə Heyətinin üzvləri dəfələrlə bu məsələyə dair bəlli bir aydınlıq əldə etməyə cəhd göstəriblər. "Təzadlar" qəzetinin irəli sürdüyü səbəb və iddia belə olub ki, universitetdən guya onların sorğularına cavab verilmir. Səbəbin qondarmalığı və yüngüllüyü aydındır, bu, öz yerində. Ancaq UNEC rəhbərliyi dəfələrlə bəyan edib ki, bu qəzetə qarşı heç bir mənfi münasibəti yoxdur, gələn sorğularına da universitet tərəfindən hər zaman ətraflı cavab verilir. Deməli, uzun müddət bir qəzetdə eyni müəssisə haqqında davamlı qaydada neqativ yazıların çap olunması sonda yenə "ənənəvi səbəblər"ə bağlanır: qərəz, qeyri-obyektivlik və bunlardan irəli gələn bədxahlıq. Mənzərə tamam aydınlığı ilə göz önündə ola-ola "Təzadlar"ın özündən "həqiqət carçısı", "mətbuat cəfakeşi" düzəltmək səyləri təəccübdən də artıq acı gülüş doğurur.

"Təzadlar"ın son sayında yenə UNEC-in hədəf seçildiyi, iki professor arasında olan, əslində, çox güman ki, heç olmayan hansısa söz-söhbəti şişirdib bütöv bir universitet haqqında mənfi rəy yaratmağa yönəlmiş "Ədalət Muradovun iki kafedra müdiri əlbəyaxa oldu" başlıqlı yazı verilib. Bu materialın hər sətri bar-bar bağırır ki, "Təzadlar" qəzetinin UNEC-ə qarşı qərəzi bitmək bilmir və bu da həmin bədniyyət yanaşmanın növbəti nümunəsidir.

Məsələni başqa cür izah etmək qətiyyən mümkün deyil. Çünki UNEC hazırda Azərbaycandan əlavə, yaxın və uzaq xaricdə də olduqca nüfuzlu, ən qabaqcıl standartlar üzrə təhsil verən bir Universitet kimi tanınıb, qəbul edilir. UNEC son illər təkcə abituriyentlərin yox, təhsil üzrə tanınmış mütəxəssislərin, görkəmli iqtisadçı alimlərin də böyük inam və etibarla can atdıqları Universitetdir. 

Bu gün ictimaiyyətdə kifayət qədər möhkəm bir rəy var ki, Ədalət Muradov yaxın illərə qədər kinayə ilə "Narxoz" adlandırılan və əsla ciddiyə alınmayan bu ali məktəbi UNEC kimi dünya səviyyəli bir təhsil ocağına çevirə bilib. Artıq cəmiyyətimiz UNEC-də ötən bir neçə ildə yaradılmış modern tədris prosesinin, elmi-pedaqoji və praktik mühitin buranı dünyanın ən inkişaf etmiş universitetlərilə bir cərgəyə yüksəltdiyinə inanır. 

 

 

Tələbə qəbulundakı yüksək göstəricilər, UNEC-i seçən Prezident təqaüdçülərinin çoxluğu, tələbə və məzunlarının mötəbər tədbirlərdən və kürsülərdən gələn xoş sorağı da bu universitetlə bağlı sevindirici faktlardır. Sözsüz ki, elə də uzun olmayan bir zaman kəsimində UNEC-də aparılmış islahatlar, universitet həyatının hər sahəsində atılmaqda olan mütərəqqi addımlar ilk növbədə dövlətimizin rəhbərliyinin diqqət və qayğısının bəhrəsidir. Ancaq bunların əldə edilməsində UNEC-in indiki rəhbərliyinin də özünəməxsus rolu və əməyi var. Bütün bunları görməzliyə vurmaq, UNEC haqqında qarayaxma kampaniyası aparmaq dürüst qəzetçiliyə zidd olmaqla bərabər, insaf, vicdan, obyektivlik kimi insani cəhətlərlə qatı təzad təşkil edir.

Əlbəttə, "Təzadlar" nə qədər qara yaxmağa çalışsa da, dünya dürüstlərdən xali deyil və xalqın gözü tərəzidir. UNEC-də son dövrdə imza atılan ciddi uğurlar nəinki Azərbaycanda, ölkəmizdən kənarda da bəyənilir və dəstəklənir. Bu universitetin rəhbərliyinin mütərəqqi fəaliyyət prinsipləri, UNEC-in yenilikçi mühiti öz sahəsinin adlı-sanlı peşəkarları, sanballı mütəxəssisləri tərəfindən parlaq nümunə kimi dəyərləndirilib təbliğ olunur. "Təzadlar"a gəlincə isə, nə qədər ki, göz önündəki həqiqətlərə qarşı bu cür qərəzli, qəzəbli, qeyri-obyektiv mövqe sərgiləyəcək, onun adı "qara siyahılar"dan əskik olmayacaq. Başlıca meyar və prinsiplərin az-çox nəzərə alındığı istənilən dövrdə "Təzadlar" və onun kimi digərləri heç vaxt normal media orqanı sayılmayacaq, dürüst mətbuat hesab edilməyəcək.(525.az)