Sovetlərə qayıdış!?

16:31 14-01-2020 235

Demokratiya bir “bəla”dır ki, girifdar olmayan bilməz

 Hesab edirəm ki, bu yazını oxuyanlar mənim sovet rejiminin nostaljisi ilə yaşadığımı düşünəcəklər, qoy olsun. Məni tanıyanlar çox gözəl bilirlər ki, hələ tələbəlik illərindən bu rejimin tam əksinə olmuşam və 80-cı illərin sonunda ölkəmizin müstəqilliyi uğrunda gedən mücadilənin də ön sıralarında idim. Bu tamamilə başqa bir söhbətin mövzusudur.

Bu gün sizlərə ölkəmizdə demokratiyanın yaratdığı bəzi fəsadlardan danışacağam. Təəssüflər olsun ki, bütün dünyanın azad, müstəqil mütərəqqi inkişaf yolu kimi qəbul etdiyi demokratiya, ölkəmizdə anarxiya və özbaşınalıq kimi anlaşıldı. Bu proses indi də davam edir. Çünki bəziləri prosesin bu yöndə davam etməsində daha çox maraqlıdır. Necə deyərlər,"bulanıq suda balıq tutmaq daha asan olur". Görünəni odur ki, bu insanlar demokratiyanı ölkəmizin inkişafına yox, onların şəxsi maraqlarına xidmət etdiyini düşünürlər və fəaliyyətlərini də, məhz bu istiqamətdə qurublar.

Mən bu gün sizə ölkəmizin təhsil sistemində baş verənlərin, sovet təhsil sistemi ilə müqayisəli təhlilindən söz açacağam. Çünki bu gün dünyanın bir çox yerlərində də etiraf edirlər ki, sovet təhsil sisteminin dünyada analoqu olmayıb və bu gün də mövcud deyil. Məhz buna görə də, sövetlər birliyi qısa bir müddətdə öz inkişaf strategiyasını qura bilmişdi.

Sovet təhsil sisteminin yaradıcıları, həmin sistemin qurulması işində dünyada mövcud olan bütün təhsil sistemlərinin mütərəqqi elementlərindən bacarıqla istifadə etmişdilər. Sovet dönəmində bu istiqamətdə problemləri araşdıran xüsusi elmi-tədqiqat pedoğoji institutu fəaliyyət göstərirdi və burada təhsilin bütün aspektləri araşdırılır və tədqiq olunurdu. Bu gün Azərbaycanda belə bir tədqiqat mərkəzi yoxdur. Əksinə, təhsil kimlərinsə inhisarına verilib və onlar da istədikləri sistemi təklif edərək tətbiqinə nail ola bilirlər. Bir müddət sonra isə məlum olur ki, bu sistemin heç bir səmərəsi yoxdur, keçirlər başqa bir sistemə.

Gəlin bir qədər də ölkəmizdə tətbiq olunan təhsil sisteminin detallarına diqqət edək. İlk əvvəl onu diqqətinizə çatdırım ki, bizə yeni təhsil sistemini təklif edənlərin böyük əksəriyyəti, məhz sövet rejiminin təhsil sisteminin yaratdığı imkanlar sayəsində alim, akademik olublar.

Birincisi, sovet təhsil sistemində imkansızlıq üzündən, yaxud başqa bir səbəbdən təhsildən yayınmaq mümkün deyildi, çünki buna ciddi dövlət nəzarəti var idi. Bu gün isə məktəbyaşlı uşaqların təhsilə cəlb olunub-olunmaması heç kimi maraqlandırmır. Bu səbəbdən də hər il yüzlərlə, minlərlə uşuq təhsildən kənarda qalır. Təhsildən kənarda qalan uşaqlar isə hazırda bütün dünyanı ciddi narahat edən, " uşaq əməyinin istismarı" prosesinə cəlb olunurlar. Azyaşlı uşaqları istismar edən əsas şəbəkə isə xüsusi cinayətkar qruplar və narkotacirlərdir. Bu da onu deməyə əsas verir ki, məktəbyaşlı uşaqların təhsildən yanınması, onların potensial cinayətkarlar kimi yetişməsinə yol açır.  Bu da, sözsüz ki, bütövlükdə cəmiyyətin inkişafına təsirsiz ötüşmür.

Bu da danılmaz faktdır ki, ildən-ilə məktəblərin və orada oxuyan şagirdlərin sayı azalan ölkələrdə, həbsxanaların və orada "dincələn" cinayətkarların sayı artır.

Azərbaycan təhsil sistemini sovet sistemindən fərqləndirən başqa bir cəhət isə dərs vəsaitlərinin və ləvazimatların əlçatmazlığıdır.

Burada bir məsələni qeyd etməyi vacib bilirəm. Bu yaxınlarda sosial şəbəkələrdə oxudum ki, Qazaxıstan prezidenti ölkədə təhsil sisteminin inkişaf etdirilməsi məqsədi ilə təhsilin pulsuz olması, dərs vəsaitlərinin və məktəbli formalarının dövlət vəsaiti hesabına şagirdlərə pulsuz verilməsi barədə qərar qəbul edib. Bizdə isə təhsil başbilənləri təklif edirlər ki, pullu məktəblərin sayı artırılmalı, pulsuz məktəblər isə umumiyyətlə ləğv olunmalıdır. Sabirsayağı desək, kasıb, sən də özünü bir insanmı sanırsan, axmaq kişi, məktəbdə oxumağı asanmı sanırsan. Yenə də deyirəm, bu təklifi verən ağıllıların əksəriyyəti, qınından çıxıb, qınını bəyənməyən, sovet dönəmində həm orta, həm də ali təhsili pulsuz alanlardır ki, bu gün Azərbaycan təhsilini özlərinin biznesinə çevirməyə çalışırlar.

Bu barədə səhv etmirəmsə, bir muddət əvvəl də yazmışdım, necə deyərlər, təkrar biliyin anasıdır. Finlandiyanın baş nazirinə sual verirlər, "nə üçün sizdə pullu məktəb yoxdur?" Cavab verir ki,  təhsil nə bazardır, nə də biznes". Yaponiyanın baş nazirindən soruşurlar ki, siz belə inkişafa necə nail olmusunuz? Cavab verir ki, biz müəllimlərə nazir maaşı, diplomat toxunulmazlığı veririk və imperator sayğısı göstəririk.

Bax, belə. Dünyanın hər yerində təhsilə xüsusi diqqət yetirildiyi halda, ölkəmizdə nədənsə, bütün mümkün yolülarla uşaqları məktəbdən uzaqlaşdırmağa çalışırlar.

Mən hələ dərs vəsaitləri və ləvazimatlardan söz açmadım. Bu necə təhsil sistemidir ki, 1-ci sinif şagirdinin məktəb sumkası (çantası) onun öz çəkisindən ağırdır.

Yadımdıdır, bizim oxuduğumuz illərdə, yəni keçən əsrin 50-ci illərinin sonunda məktəbə gedən şagirdin, ümumiyyətlə çantası yox idi. Onu anamız, yaxud nənəmiz bizə bir əski parçasından tikərdi, böyründə "çernel" qabı üçün də xüsusi yeri olardı. iki dənə də 2 qəpiklik dəftər, biri riyaziyyat, digəri yazı üçün. Bu gün Azərbaycan təhsil sistemini yönləndirənlərin də əksəriyyəti o dövrdə təhsil alıb, savadlanan, dünya şöhrətli alim-akademik olanlardır. Bu gün nə oldu ki, şagirdlər həmin vəsaitlərlə dərs öyrənə bilmədi, onlara qiyməti 5-6 manat olan "çalışma dəftərləri" lazım oldu? Bu məktəb-biznes şəbəkəsinin arxasında kim durur?     

Əgər biz Azərbaycan təhsil sitemində vəziyyətin düzəlməsini istəyiriksə, bu sistem tam olaraq işbazların beznes inhisarından çıxarılaraq dövlətin nəzarətinə verilməlidir.

Azərbaycan dövlətinin maddi vəziyyəti tam olaraq imkan verir ki, ölkəmizdə orta və tam orta təhsil müəssisələri, uşaq bağçaları və körpələr evləri pulsuz olsun.   

Prezident İlham Əliyevin son kadr islahatları, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə təhsil sisteminin inkişafı istiqamətində gördüyü işlər, onu deməyə əsas  verir ki, ölkəmizdə təhsil sisteminin ən yüksək səviyyədə qurulması üçün siyasi iradə və dəstək göz qabağındadır. Sadəcə olaraq, Təhsil Nazirliyi öz ciddi mövqeyini ortaya qoymalıdır ki, təhsil işbazların əlindən xilas olsun. Ancaq təəssüflər olsun ki, Təhsil Nazirliyinin bu mövqeyini hələ də görmürük.

Təhsilin biznesə çevrilməsinin, müəllimlərə lazımi diqqətin ayrılmamasının nəticəsidir ki, bu gün müəllim məktəbdə uşaqlara normal dərs keçmək əvəzinə, repetitorluqla məşğul olmaq məcburiyyətindədir və təhsilə, sadəcə olaraq qazanc mənbəyi kimi baxır.  Əslində, müəllim repetitorluqla məşğul olmamalı, qazanc dalınca qaçmamalıdır. Məktəblər həm məktəbli forması, həm də dərs vəsaitləri və ləvazimatları ilə dövlət hesabına təmin olunmalıdır ki, məktəb direktorlarının işbazlarla əlaqəsi kəsilsin. Dövlətin təhsilin inkişafına ayırdığı pullar korrupsiya alətinə çevrilməsin.

Məktəblərə və müəllimlərə həmin məktəbin ali təhsil müəssisələrinə qəbul olunan şagirdlərin əmsalına görə dəyərləndirmə sistemi tətbiq olunmalıdır.

Təhsil dövlətin dayağıdır. Təhsili olmayan dövlətin gələcəyi də olmaz. Ona görə də, bu dayağı qorumaq, onu inkişaf etdirmək hər birimizin, ilk növbədə isə təhsil sistemində çalışan hər bir kəsin ümdə vəzifəsi olmalıdır.

Və sonda bir daha qeyd etmək istəyirəm ki, sovet təhsil sistemi mükəmməl bir sistem idi və onun tətbiqi heç də o demək deyil ki, biz geriyə addım atmış olarıq. Əksinə, ən pis rejimlərdə, dövlət quruluşlarında belə, nümunə ola biləcək şeylər olur və onlardan yararlanmaq lazımdır. Burada heç bir qəbahət yoxdur. Sadəcə olaraq, Avropaya inteqrasiya adı ilə onların belə imtina etdiyi sistemlərin ölkəmizdə tətbiqini düzgün hesab etmirəm. 

Mən bu yazıda məktəblərdə mövcud olan rüşvət, hədiyyə, pul yığımı kimi naqisliklərdən söz açmadım.Çünki qeyd etdiyim nöqsanlar aradan qaldırılarsa, həmin nöqsanlar da öz-özünə aradan qalxacaq. Sovet təhsil sistemində rüşvət halları olmayıb, ən azından mənim oxuduğum illərdə və mənim oxuduğum məktəblərdə bu kimi hallarla üzləşməmişəm, bununla belə, müəyyən istisnaları da inkar edə bilmərəm. Ancaq bütün bunlar bugünkü kimi kütləvi xarakter daşımırdı.

Təhsil gələcəkdirsə, gələcəyi layiqli şəkildə qurmaq da bizim vəzifəmizdir. Xalqımızın və dövlətimizin gələcəyi də, bizim bu vəzifələri necə yerinə yetirməyimizdən asılı olacaq.

Sovet idarəçiliyinə qayıtmadan, öz məmləkətimizin işıqlı gələcəyini qurmaq amacı ilə hamınıza uğurlar.

 Yusif Seyid