Saxtakarlıq və rüşvətxorluq şəraitində islahat aparmaq çətindir

19:10 13-01-2020 210

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Yeni sistemi köhnə kadrlarla idarə etmək mümkün deyil

 Ölkədə hər kəs yaxşı bilir ki, cənab Prezident iki ildir ölkədəki köhnə sistemi yeni, daha mütərəqqisi ilə əvəzləmək üçün geniş islahat proqramı həyata keçirir. Xalq cənab Prezidentin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir və müdafiə edir. Çünki həyata keçirilən islahatlar nəticəsində xalqın sosial rifahı hər gün yaxşılaşır, problemlər sürətlə həllini tapır. Lakin bu prosesə mane olan qüvvələr də yox deyillər və bu qüvvələr var gücü ilə Prezidentin həyata keçirdiyi islahatların qarşısını almağa və bu prosesi beşiyində boğmağa cəhd edirlər. Həyata keçirilən islahatlar nəticəsində rüşvətxorların, korrupsonerlərin gəlirləri xeyli azalır, əvəzində xalqın güzəranı yaxşılaşır.

Müşahidələr göstərir ki, korrupsionerlər və rüşvətxorlar Prezidentin islahatlar paketinin tənəzzülə uğraması üçün bütün güclərini sərf edirlər və bunların böyük qismi elə hakimiyyət komandasının tərkibindədirlər. Bu halları cənab Prezident çıxışlarında dəfələrlə qeyd etsə də, saxtakarlıq və rüşvətxorluq əməlləri qanlarına və iliklərinə işləmiş məmurlar asanlıqla geri çəkilmək fikirində deyillər. Maraqlıdır ki, Prezidentin sərəncamı ilə vəzifə tutan əksər məmurlar dövlət başçımızın islahat siyasətini dildə dəstəklədiklərini söyləsələr də, arxa planda bu siyasətə qarşı kəskin həmlələr edirlər.

Müşahidə və araşdırmalarımız təsdiq edir ki, ölkədə gedən islahat prosesinə və müsbət dəyişikliyə müqavimət göstərən qüvvələr arasında rayon icra hakimiyyəti başçıları öndə gedirlər. Ağstafa və Yevlax rayonlarının həbs olunan sabiq icra başçılarının fəaliyyətlərinin araşırılması nəicəsində məlum olub ki, hər iki icra başçısının əməlində rüşvətxorluq və korrupsiya fəaliyyəti təzə hadisə deyil və onlar bu işlə çoxdan məşğul olublar.

Əslində, rüşvət və korrupsiya əməlinə görə iki icra başçısı yox, çoxları həbs olunmalıdır. Hazırda elə bir icra başçısı tapmaq mümkün deyil ki, o, rüşvət və korrupsya ilə məşğul olmasın. Ona görə də icra sturukturlarını sağlam ruhlu, təmiz əqidə sahibi olan yeni kadrlarla təmin etmədən, islahatların müsbət nəticə verəcəyini düşünmək mümkün deyil. Məsələn, bir il bundan öncə Beyləqan rayon icra hakimiyyətinin başçısını cənab Prezident dəyişdi. Şamaxı rayonunda icra başçısı vəzifəsində işləyən Asif Ağayevi Beyləqana icra başçısı təyin etdi. Rayon əhalisi bu dəyişikliyi sevinclə qarşıladı və Prezidentə təşəkkür etdilər. Cənab Prezdent keçən il fevral ayının 13-də Beyləqana gəldi və rayon əhalisi onu böyük ruh yüksəkliyi ilə qarşıladı. Prezident rayonda əhaliilə görüşüb gedəndən sonra Asif Ağayev fəaliyyətini 180 dərəcə dəyişdi və kadr "islahatına", təyinata başladı, nə başladı, az qaldı ki, vəzifələrin rüşvət menyusunu yazıb, icra hakimiyyəti binasının girişindan assın! Elə təxminən belə bir iş gördü və qazandı da!

Asif Ağayev rayonda mal bazarının sahibi kimi tanınan Eyvazallar sakini Qəhrəman Qəhrəmanovu özünün rüşvət elçisi kimi irəli verərək, onu rayondakı bütün vəzifəli şəxslərdən "haqq" yığmağa vəkil etdi. İnsafən, hamı onlardan tələb olunan haqqı tərəddüd etmədən, borc almaqla, bankdan kredit götürməklə və digər yollarla toplayıb verdi və vəzifələrini qoruyub saxladılar, təkcə müavin Məhəmməd Qələndərovdan başqa. Öncə bildirim ki, icra başçısı bu "töycü əməliyyatı"na öz müavinlərindən başladı. İcra başçısının təşkil etdiyi bu "töycü" imtahanında birinci müavin Telman Məstanovdan başqa, icra hakimiyyətində çalışan müavinlərin hamısı "2" qiyməti aldı və öz vəzifələrini qoruyub saxlaya bilmədilər. Rayon Təhsil şöbəsi isə təkrar-təkrar aksiona çıxarılsa da, müdirlər - Tahir Həsənov Xuraman Rüstəmovanıın, Həşim Həsənov, Tahir Həsənovun yerinə gətirilsə də, icra başçısının gözlədiyi "barı" verə bilmədilər və vəzifədən getdilər.

İcra başçısının "haqq yığma" əməliyyatını əks etdirən siyahını xeyli uzada da bilərəm, amma başçının rayonda qurduğu rüşvət torunun bütün həlqələri barədə müfəssəl məlumat verməyə ehtiyac olmadığını düşünürəm. Digər tərəfdən, əgər Beyləqanda icra başçısının qurduğu rüşvət toru haqqında rayon əhalisi olduğu kimi mətbuata ötürə bilirsə, deməli, dövlət orqanları bu «kompaniya» barədə çoxdan məlumatlıdırlar. Xüsusən PA-da icra hakimiyyət başçılarının fəaliyyətinə nəzarət edən şöbənin rəhbərliyi və rayonun kuratoru bilməmiş deyillər, amma hər hansı tədbir görülmürsə, deməli, bu da elə- belə təsadüfü hadisə deyil. Hələ Asif Ağayevin fəaliyyəti barədə yuxarı orqanlara məlumat verməyə borclu olan dövlət nəzarət orqanlarının rayon şöbələrinin rəhbərlərini demirəm!

Gördüyünüz kimi, rayon ictimaiyyətinin nümayəndələri tərəfindən verilən məlumatlar əsasında Beyləqan rayonunun timsalında icra hakimiyyəti başçısının bir illik fəaliyyətində olan rüşvət və korrupsiya hallarının araşdırmasının nəticələri ilə tanış olan hər kəsi heyrətə gətirir. Belə hallar isə cənab Prezidentin həyata keçirdiyi islahatların rayonlarda müsbət nəticə vermə ehtimalını azaldır və bu prosesləri izləyən xalq, olduqca məyus edir.