Eyyub Yaqubov: Bayağı musiqilər böyük “cinayətdir”

16:19 13-01-2020 60

İndiki gənclərimizdən Abbas Bağırov, Zamiq, Ayaz Qasımov və Eltonun ifalarını çox bəyənirəm.

Bunu paralel.az-a açıqlamasında Xalq artisti Eyyub Yaqubov deyib.

Xalq artisti tezliklə yeni fərqli layihəsini təqdim edəcəyini açıqlayıb:

“Hazırda yeni işlər hazırlayırıq. Tezliklə layihələrimiz olacaq. Yaradıcılıqla məşğul olan sənətçilərin arada fasilələr etməsi yaxşıdır. Çünki yenilik etmədən efirlərə çıxmaq lazım deyil. Təkrarlanmaq istəmirəm. Yaxın zamanda yeni fərqli layihələrlə tamaşaçıların qarşısına çıxacam.

Ümumiyyətlə, hər zaman qalmaqallardan qaçıram. Bu səbəbdən bir çox proqramlara getmirəm. Hazırda çox istedadlı, gənc ifaçılarımız var. Məsələn, müxtəlif janrlarda ifa edən Abbas Bağırov, Ayaz Qasımov, Elton Hüseynəliyev və Zamiqi çox bəyənirəm. Bu gənclərin hamısı bütün janrlarda gözəl ifa edirlər”.  

Eyyub Yaqubov efirlərdə senzuranın olmamasından şikayətlənib:

“Hazırda efirlərdə senzura yoxdur. Nəzarətin olmaması çox pisdir. Ona görə də kim istəyirsə, efirlərə çıxa bilir. Kimin istedadlı olub-olmamasına, hətta sənətkarlara belə, fikir vermirlər. Hər kəs efirə çıxıb özünü təqdim edir. Bu yaxşı hal deyil. Çünki cəmiyyətimiz efirlərə baxaraq maariflənir. Bayağı musiqilər, söhbətlər, qalmaqalların olması böyük bir cinayətdir. Millətimizin mənəvi məhvinə səbəb olur. Amma buna baxmayaraq, istedadlı müğənnilərimiz və bəstəkarlarımız var.

Ümumiyyətlə, bizim millətimiz savadlı və istedadlıdır. Düşünürəm ki, nə olursa-olsun xalqımız bütün bunlara baxmayaraq ruhdan düşməyəcək.

Mən böyük ustadlarımız Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Qulu Ələsgərov, Yaqub Məmmədov və Tələt Qasımovdan bəhrələnmişəm. İndiyə kimi yaxın dostum olan sənətkarımız Vaqif Əsədovdan da çox şeylər öyrənmişəm”.

Xalq artisti xarici ölkə şou-biznesinə qatılmamağı üstün tutduğunu qeyd edib:

“Mənə də xarici dövlətlərdən təkliflər gəlir. Amma hesab edirəm ki, öz vətənimdə işimi mükəmməl görürəmsə, başqa yerə getməyə ehtiyac yoxdur. Hansı musiqi janrında ifa etməkdən asılı olmayaraq kökümüzü unutmamalıyıq. Zəngin muğamımız var. Muğamdan bəhrələnərək dünyaya çıxmaq əsas məsələdir”.

Sevinc Yasinqızı