İran-ABŞ qarşıdurması və azəri fanatlar

15:52 13-01-2020 190

Akif Nəsirli 

 Azərbaycan dövləti öz dini məktəbini formalaşdırmalıdır

 Son günlər İranla ABŞ arasında baş verən olaylar dünyanın diqqət mərkəzindədir. Çoxsaylı ekspertlər bu qarşıdurmanı təhlil edir, nəticələr çıxarır, perspektivlər proqnozlaşdırır. ABŞ-İran munasibətlərinin dərin tarixi kökləri olduğu üçün məsələ son 50 ildə dünya ictimaiyyətinin diqqətində olub, kifayət qədər araşdırılıb və politoloji baxımdan işlənib - cilalanıb.

Bu səbəbdən də baş verən hadisələrin pərdəarxası da, perspektivləri də prosesləri səthi izləyən hər kəsə aydındır. Məlum məsələdir ki, İran İslam Respublikası nə qədər kəskin bəyanatlar versə də, daxili ictimaiyyəti nə qədər qisasa kökləməyə cəhd etsə də Vaşinqtona qarşı açıq müharibə aparmaq iqtidarında  deyil. Ona görə də İran qisas səhnəsi yaratmaq, öz cəmiyyətinə ABŞ-dan qisas aldığını görüntüləmək zorunda qaldı. Bu, səbəbdən də Amerikanın İraqdakı iki bazasının ətrafını balistik raketlərlə bombaladı. Bu məsələnin bizim mövzuya aid olmayan tərəfidir. Bu yazıda Azərbaycan cəmiyyətinin məsələyə sərgilədiyi və sərgiləməli olduğu münasibətləri çözməyə çalışacağıq.

Amerikanın İran generalını vurması Azərbaycan cəmiyyəti üçün bir test rolunu oynadı. Bu testin nəticələrinə əsasən ölkə vətəndaşlarının aktiv sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti İranın fanatı imiş. Çünki bütün sosial şəbəkələrdə çoxluq indiyə qədər heç tanımadığı Qasim Süleymaniyə fanatlıq edir. Bunun səbəbinin fanatlardan sormağın da yeri yoxdu, çünki fanatizmin səbəbləri heç vaxt izah edilmir, bunu qəlb sevgisi ilə bağlayırlar. Çox acınacaqlı, hətta, vahiməli bir mənzərədir. Bir müsəlman dövlətin (İranın), digər müsəlman dövləti (Suriya) tarimar etməkdə aktiv iştirak edən ölkəyə fanatlıq edirik, bu dəhşətdir.

Haşiyə: Volter fanatizm haqqında belə deyib:

 «Qızdırmadan törəyən çılğınlıq, hikkədən doğan quduzluq nə deməkdirsə, dini mövhumatdan yaranan fanatizm də, elə o deməkdir. Kimsə, nəyə görəsə, coşub özündən çıxırsa, qarabasmaların gerçəkliyinə, yuxunun çin çıxacağına inanırsa, fantazaiyasını öncəgörmə kimi qavrayırsa, belələri entuziastdır - yalançı vurğunluğun çaşdırdığı kimsələrdir; kimlərsə, özünün bu sayağı anlaq pozğunluqlarını, başqalarını öldürməklə gerçəkləşdirməyə çalışırsa - fanatikdir.»

Bu gün İran adlı məmləkətin adının İran İslam Respublikası olması qətiyyən o demək deyil ki, onun hökumətinin və vətəndaşlarının hamısı müqəddəs müsəlmandır və biz də müsəlman olaraq onlara canımızı fəda etməliyik. Azərbaycan toplumu qeyri-yetkin cəmiyyət olduğuna və onun dini rəhbərlərinin əksəriyyəti İranda təhsil adlığından namaz qılan, məscidlərə gedən əhalimizin böyük əksəriyyəti İran fanatiklərinə çevrilib desək, daha doğru olar.

Ümumiyyətlə, dövlətçilik, əsasən də milli dövlətçilik məsələsində din və milli faktor çox önəmli məsələlərdən biridir. Azərbaycan hökuməti bu məsələnin tolerantlıq və multikulturalizm aspektlərini kifayət qədər ustalıqla idarə edə bilir - hətta, bu istiqamətdə dünyaya nümunə olacaq bir modelə sahiblənmişik. Lakin bununla yanaşı, ölkə vətəndaşlarının başqa bir dövlətin təsiri altında olması, onun ayrı-ayrı məmurlarını fanatiklik etməsi çox acınacaqlı perspektivlərdən xəbər verir. Anlamaq olar ki, İran əhalisi bizim əhali ilə çox yaxındır, İran vətəndaşlarının 43 faizi bizimlə eyni milli mənsubiyyətə malikdir. Amma, bu o demək deyil ki, biz o ölkənin məmurlarını fanat olmalıyıq. Əslində, bu tendensiyanı inkişaf etdirən heç də yuxarıda qeyd etdiyimiz milli və mədəni bağlar deyil.

Azərbaycanda İran fanatizmini inkişaf etdirən əsas amil İranda təhsil almış dini kəsimdir. İstənilən ölkənin dini və milli ideologiyasının tərkibində dovlətçilik ideologiyası da var. Hər bir dövlət sözügedən ideologiyanın içərisinə öz dövlətçilik məfkurəsini qoyur və hər bir dini müdavimi də onun təsiri altında yetişdirir. Ona görə də həmin məfkurə ilə silahlanmış dini lider hansı dövlət ərazisində yaşamasından asılı olmayaraq təhsil bazasına oturdulmuş dövlətçilik məfkurəsini təbliğ edir. Bu isə həmişə təhsil verən dövlətin çisəklənməsinə xidmət göstərir. Ona görə də Azərbaycanda fəaliyyət göstərən din  xadimləri özlərindən asılı olmayaraq təhsil aldıqları ölkələrin dövlətçilik ənənələrini təbliğ edir. Bu səbəbdən də ölkənin inanc adamları sünəyə, şiəyə, vəhhabiyə, sələfiyə, həvariyə və s. parçalanıb.

Bütün bu qism problemləri aradan qaldırmaq üçün Azərbaycan dövləti öz dini məktəbini formalaşdırmalıdır. Bunun üçün ilkin mərhələdə xaricdə dini təhsil almış mütəxəssislərdən, dinlə elmi əsaslarla məşğul olan alimlərin xidmətindən yararlanılmalıdır.

Bir tərəfdən ölkə daxilində yetişmiş dindarların sayını artırmalı, digər tərəfdən isə xaricdə təhsil almış dindarlar dini liderlikdən kənarlaşdırılmalıdır. Lakin bu proses bir qərarla - inqilabi şəkildə həyata keçirilməməlidir, proses zaman axarında, evalyusiya ilə reallaşdırılmalıdır. Zaman keçdikcə Azərbaycanın daxilində yetişmiş müştəhidlər formalaşmalıdır ki, həmin insanlar   Azərbaycanın dövlətçilik məfkurəsini təbliğ etsin, onun çiçəklənməsinə töhfə verə bilsin.