Gözəgörünməz Düşmən

19:20 08-01-2020 145

“Ağacı qurd içindən yeyər” məsəlinin həqiqi və məcazi mənalarından savayı, mənəvi bir tərəfi də var. İnsanın daxili aləmini, fizioloji, mənəvi həyatını, bir sözlə, vücudunu məhv edən düşmənin adıdır stress.

Əvvəllər adı o qədər də populyar olmayan bu “düşmən”lə indi addımbaşı rastlaşırıq. Stress sanki həyatımızın hər anına nəzarət etmək, siyirməqılınc yanımızda olmaq, vaxt-bivaxt özünü yetirmək üçün yaranıb.

Onsuz nə bir xoş günümüz-saatımız, nə də gün-diriliyimiz var. Onu bəlkə də özümüz yaratmışıq. Bilmədən, düşünmədən atdığımız addımların mənfur nəticəsidir stress.…

Balacadan tutmuş, boyüyədək bütün insanların, balacalıqdan başlamış, boyüyənədək, yaranışımızın mərhələ-mərhələ “bəzəyi”dir stress.…

Dünyaya gələcək körpənin qarşıdakı həyatını mənfiliklərdən qorumaq, istənilən formada üzə çıxa biləcək fəsadlardan sığortalamaq üçün valideynlərə edilən ilk xəbərdarlıqdır o. Ki, o qorxulu “düşmən”dən qorunmasalar, həmin kabus körpəni bütün ömrü boyu qarabaqara izləyəcək. O, xəstəlik, şikəstlik, davranış pozğunluğu, atipik formalarda zühur edən xəstəliklərlə özünü göstərəcək. O halda, deməli, gələcək analar, ciyərparanızın düşmənini uzaqda axtarmayın, sadəcə olaraq, stress keçirməyin ki, onu genetik olaraq öz gələcəyinizə də ötürməyəsiniz…

Sadə stresslərin orta məktəblərin birinci sinifdən başlayan mərhələsinin sonralar da davam edəcəyindən doğan həyəcanlar daha uzunmüddətli stressə yol açır.

Bir sözlə, məktəbyaşlıların orta təhsilin lazımsız, məzmunsuz yükləmələrinin, gənclərin istənilən adda olan qayğılarının, orta yaşlıların cavanlıq arzularının, suya düşmüş xəyallarının, qocaların və ahılların bütöv bir ömrün ana bənzər xəyalının “vəfalı” yol yoldaşıdır stress.…

Qazanılmış xəstəliklərdən sağalmaq prosesinədək gedən uzun bir yolun son “ümidi”dir stress.

Düşündüyümüz, fikrini, dərdini çəkdiyimiz, ağlımıza gələn və gəlməyən bütün nəsnələrin kökündə, budağında, yarpağında qərar tutub o. Onun acı meyvələri də bizik.…

Elə bir zəmanədə yaşayırıq ki, müdriklər demiş, valideynlərimizdən çox, ona bənzəyirik. Öz zəmanəmizdə kiminsə sifətinə ani baxmaq kifayətdir ki, stressin kamali-ədəblə orda bərqərar olduğunu görək. Kimisi eqoist olub onu laqeydcəsinə ətrafına ötürməkdə, kimisi də humanist olduğundan, stressin məhv etdiyi daxili aləmindən kənara mənfi emosiya dağıtmamaq üçün təbəssümdən təbii qalxantək istifadə etməkdədir. Lakin bir az dindirib-danışdırsan, istənilən adam ürəyini açıb, o mənfur yükdən azad olmaq, stressdən az da olsa, qurtulmaq istəyindədir.

Biz müharibə dövrünün gəncləri kimi, stressin nə olduğunu yaxşı bilirik. Elə gəncliyimiz də o keşməkeşli dövrün, gəncliyimizi oğurlayan illərin güdazına getdi. Stress keçirməkdən saçımız vaxtsız ağardı, saçımızla yaşımızın uyğunsuzluğunu izah etməyin yorğunluğundan əbədiyaşar, daim diri olan söz də bizdən qaçaq düşdü. Elə bugünün özündə də gənc nəslə itirdiklərimizin qazandıqlarımızdan çox olduğunu deyə-deyə, onları inandıra bilmədiyimizin stressini keçirə-keçirə, vaxtsız qocaldıq.

Bir sözlə, biz öz nəslimizi həmyaşıdlarımız arasında, yəni öz aramızda “itirilmiş nəsil” adlandırırıq. Ağır, stresslə dolu, ölüm-qalım mübarizəsindən sağ qalmış bir nəsil üçün “itirilmiş” adlanmaq nə qədər çətin olsa da.

Qəfil güllə səsindən, gözlənilməz xəbərdən, gecəyarısı gələn zəng səsindən, qapı döyülməsindən, xülasə, adi məsələlərdən tutmuş, ali məsələlərədək, stressə düşməyə səbəb olan bir ömrü görəsən, kimə arzulamaq olar? Hansı ki, həmvətənlərimin hamısı bu və ya digər formada, müxtəlif vaxtda, məkanda, istənilən anda onun qurbanı olub.

Bu qədər stress formalarının fonunda, məmləkət əhli yenə də stressə düşməyin formalarını axtarmaqdadır. Onu da gündəlik yaşamın adi hala çevrilən üzüntülərinə qoşmaqla “zəngin”ləşdirməkdədir.

Yalan demədiklərini iddia etsələr də, hamının gözünə üfürdükləri “kül”ün arxasından atılan pistonların tüstüsünü görmək, partıltısını eşitmək çətin deyil. Çətini bayram günlərində mənasızcasına atılan pistonların diksindirici səsini aşırmaqdır. Sonrası nə ola-ola. Ondan qorxan balacaların hansısa xəstəliklərə tutulması həmin pirotexniki vasitələri ölkəyə gətirənləri zərrəcə maraqlandırmır onsuz da. Onların bayram sevincini qavrama duyğusu həmin partlayıcı səsinin doğurduğu mənasız assosasiyadan çox da uzağa getmir. Ona görə də hər il yalançı qadağalar səsləndirilir və tələbat oldu, ya olmadı, yeni il ərəfəsi həmin pirotexniki vasitələr gətirilir, satılır, əhalinin əsəblərini, bütövlükdə isə həyatını pozur.

Deyilənə görə, 31 dekabr-1 yanvar tarixlərində pirotexniki vasitələrdən 13 nəfər xəsarət alaraq təcili-tibbi yardıma müraciət edib. Bu, hər halda nazirlik səviyyəsində olan rəsmi məlumatdır. Həmin vasitələrdən mənəvi-psixoloji xəsarət alanların, o qəfil səsdən stressə düşənlərin sayının neçə olduğu isə hər halda, qeyri-rəsmi məlumatlar siyahısındadır.

Adətən uşaqların sevdiyi, bəzən böyüklərin də balkondan küçəyə atdığı “zırpaket”lərin hansı bayram ovqatı yaratdığını anlamadım heç vaxt. Anlayan varsa, bizə də desin, bəlkə stressimizi yenmək üçün o səsdən “güc” alacağıq?

 Nigar Vaqifqızı