Rəbbin İsa (Ə) Möcüzəsi

19:16 08-01-2020 390

Kafirin küfrünü qırmaq, möminin imanını qüvvətləndirmək üçün Rəbbin sonsuz möcuzələrindən biri də, bəzi səxslərin partenogezlə (mayalanmadan) doğulmasıdır. Bəzi klassik məxəzlərə görə, dünya zəkasının korifeyləri olan Pifaqor, Platon və Roma imperatoru Avqust atasız doğulan belə müstəsna şəxsiyyətlərdən olublar. Allahın peyğəmbərlik və kitab verdiyi, ibrət dərsi və aləmlərə möcüzə etdiyi Məryəm oğlu İsanın doğuluşu da, Onun qüdrətindən doğan ilahi bir nemətdir. Hələ körpə ikən Allahın verdiyi nitqlə Onun birlik və varlığına, anası Məryəmin ismətli olmasına şəhadət verən və öz ümmətinə sevgi, məhəbbət aşılayan müqəddəs bir bəşərin dünyaya Rəbb sözü ilə gəlməsi, Yaradanın sonsuz hikmətindən bir nümunədir.

Bu hadisəni Quran belə bəyan edir: "(Məryəm doğduğu) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin"... "(Məryəm: Özü ilə danışın - deyə) ona (uşağa) işarə etdi". Onlar: "Beşikdə olan uşaqla necə danışaq?" - dedilər. Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: "Mən həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi..." (Məryəm 27-30).

İsa (ə)-nin təbliğindən qorxuya düşən o dövrün hökmdarı 1-ci İrod isə onun öldürülməsi məqsədilə 2 yaşa qədər olan oğlan uşaqlarının hamısının məhv edilməsini əmr etdi. Göründüyü kimi, dünya öz ədalətsiz prinsipinə sadiq qalaraq, növbəti peyğəmbəri də hələ körpə ikən ölüm və işgəncə hökmü ilə qarşıladı. Fəqət bu, hələ bütün dünya deyildi...

 İsa (ə)-nin doğum tarixi

 Vətəndaş və kilsə cəmiyyəti bizim eranın başlanğıcını İsa (ə)-nin anadan olması günündən qəbul edib. Miladi təqvimin VI əsrdə monax Dionis tərəfindən tamamilə səhv tərtib edilməsinə baxmayaraq, planetin əksər hissəsi indi də bu yanlış təqvimdən istifadə edir. Dionis belə hesab edirdi ki, Məsih 25 dekabr 753-cü ildə, yəni Roma şəhərinin əsası qoyulduqdan 753 il sonra doğulub və 754-cü il yeni eranın 1-ci ilidir. Bunun əksinə olaraq, tarixi mənbələrin əksəriyyəti peyğəmbərin doğum ilinin b.e.ə. 7 və ya 6-cı il olduğunu göstərir. Rəvayətə görə isə İsa (ə) 30 və ya 33 yaşında pasxa günlərində- 25 martla 6 aprel arasında vəfat edib. Qədim dövrdə insanların əsasən ölüm tarixi qeyd edildiyi üçün, peyğəmbərin anadan olma günü kahinlərin sehirli metodları ilə müəyyən edilib. Yəhudi-xristian dini qaynaqlarda belə bir fikir var ki, müstəsna şəxslərin ölüm günü bilinərsə, onun doğum günü ölüm günündən dəqiq doqquz ay sonra olmalıdır. Bu prinsipə görə, Məsihin anadan olma günü 25 dekabr və ya 6 yanvara uyğun gəlir. Lakin hər iki tarix bu günə kimi bir-biri ilə dini-siyasi mübarizə aparan Şərq və Qərb kilsələri tərəfindən uzun müddət mübahisəyə səbəb olduğundan, bu hadisə Qərbdə 25 dekabr, Şərqdə isə 6 yanvar günündə qeyd edilir. Yeni ilin Qərb kilsəsində 25 dekabrdan 1 yanvara və Şərq kilsəsində yanvarın 6-dan 13-ə kimi bayram edilməsi ona görə qeyd edilir ki, bu günlərdə Məsih camaata göstərilib.

Haşiyə: Pravoslav (Şərq) kilsəsi İsgəndəriyyə astronomu Sozigen tərəfindən hazırlanan təqvimdən istifadə edir. İmperator Yuli Sezarın adını daşıyan bu təqvim Yulian təqvimi adlanır (köhnə stil). Orta Yulian ili 365,25 gündür ki, bu da astronomik ildən (365,2422) 0,0078 gün uzundur. Həm bu amil, həm də Şərq kilsəsinin istifadə etdiyi təqvimdən imtina məqsədilə papa Qriqoriy 1582-ci ildə yeni Qriqorian təqvimi tərtib etdi (yeni stil). Hazırda köhnə stil (Yulian) ilə yeni stil (Qriqorian) arasındakı günlərin fərqi 13 gündür. Bu fərq 2100-cı ildə 14 gün olacaq.

 «İncil»yandıran papa

 İsa (ə)-nin həyat və təliminə həsr edilimş 4 İncil, minlərlə məqalə, kitab, dissertasiya və filmlərin olmasına baxmayaraq, təəssüf ki, onlar peyğəmbərin təbiət, təlim və kəlamlarının obyektivliyini tam əhatə etmir. Çünki Quran ayələrini yazdıran Məhəmməd (ə)-dən fərqli olaraq, həqiqi İncilin ayələrini İsa (ə) nə özü yazıb, nə də başqasına yazdırıb. Xristian mənbələrinə görə, Papa I Gelasiy (492-496) dövründə müəyyən əlavə və düzəlişlər edilmiş 4 İncildən başqa kilsə xadimlərinin mənafeyinə uyğun gəlməyən bütün incillər yandırılıb. Həmin incillərin məhv edilməsinin əsas səbəbi İsa (ə)-nın özündən sonra bir peyğəmbərin - həz.Məhəmmədin gəlməsi barədə müjdə verməsidir. Yəhudilər Musa (ə)-dən sonra İsa (ə)-ni qəbul etməyib onun ölümünə hökm verdikləri kimi, ilkin xristianlar da həz. İsadan sonra Məhəmməd (ə)-nin peyğəmbərliyini qəbul etmirdilər.

1903 və 1945-ci illərdə Misirin Oksirinx (indiki Haqq Hammədi) şəhərində aparılan arxeoloji qazıntılar da təsdiq etdi ki, doğrudan da incillər çox imiş və bu gün təbliğ olunan təhrifli 4 İncil şifahi deyimlər, rəvayətlər əsasında, həz. İsanın vəfatından çox sonra - 90-180-ci illərdə yazılıb. Bunu Əhdi-Cədidi (Yeni Əhd) təşkil edən incillərdən asanlıqla sezmək olar. Belə ki, 4 İncil "İncil Mattaya, Marka, Lukaya və Yəhyaya görə" kimi təqdim edilir. Yəni incillər, İsa (ə)-in müasiri olmayan şəxslərin hadisələri eşitdiklərinə görə qələmə almasıdır. Başqa sözlə, hadisələr həmin müəlliflərə görə o cür cərayan edib. Bu saxtakarlığa dözə bilməyən xristian müqəddəs İustin hələ 130-cu ildə təkidlə bəyan edirdi ki, "Təbliğ edilən incillər təhrifə məruz qaldıqları üçün, onlar Allah və Məsih kəlamlarını düzgün əks etdirmir". Elə bu etiraza görə o, 163-cü ildə qərəzli kilsə tərəfindən edam edildi.

Beləliklə, hətta xristian qaynaqları da təsdiq edir ki, din ierarxiyasının yüksək mərtəbəsində olan əksər kilsə xadimləri incillər üzərində şəxsi "düzəliş və əlavələrini" nə az, nə də çox, İsa (ə)-nin vəfatından sonra düz 467 il davam etdiriblər. İsaşünas xristian E. Renan demişkən: "O vaxtkı xristianlığın bir-birini təkzib edən iki vicdanı olub".

 İsa (ə)-nin vəfatı

 Təhrifli və bəzən də bir-birinə zidd olan incillərlə Quranın müxalif tezislərindən biri də Məsihin məhz harada ölməsi məsələsidir. İncillər peyğəmbərin vəfatını çarmıxda təsvir edir. Quran isə onun Allah tərəfindən (səmaya qaldırılıb) canının alınmasını bəyan edir.

Əvvala, mənbələrə görə, Məsihin müasirləri olan bir sıra xristian cəmiyyətləri, II-III əsrlərin tarixçiləri, xüsusən Vasilid, qeyd ediblər ki, "çarmıxa çəkilən Məsih deyil, tamamilə başqa adam olub". İkincisi, çarmıxa çəkilmə epizodunun "dəqiq yeri" Konstantin vaxtında, yəni 326-cı ildən tez olmayaraq (peyğəmbərin vəfatından 293 il sonra!) "kəşf" edilib ki, bunda da əsas məqsəd həmin ərazini xristianlaşdırmaq olub. Üçüncüsü, Roma imperiyasının qanunlarına görə, çarmıxa ancaq üsyan etmiş qullar, azad olmayan şəxslər çəkilərdi. Halbuki Məsih qul yox, azad insan idi. Çarmıxa çəkilmə yəhudi qanunlarına görə də edilə bilməzdi. Çünki həmin qanunlara əsasən ölümə məhkum olunan şəxsi ya daş-qalaq edərdilər, ya da boynunu vuraradılar. Dördüncüsü, Tövratdakı "Edam edilən hər bir şəxs Allah qarşısında lənətlidir," - ifadəsi, gəlişigözəl söz olmayıb, Musa (ə)-nin Rəbbə istinadən peyğəmbər sözüdür. Deməli, Rəbb digər amillərlə yanaşı bu kəlama görə də seçdiyi peyğəmbərini heç vaxt lənətləməz. Beşinci dəlil isə, Quranın "Onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı." - ayəsidir (Nisə 157).

Göründüyü kimi, nə tarix, nə o dövrün dini-dünyəvi qanunları, nə də Tövrat məntiqi və Quran İsa (ə)-nin çarmıxda vəfat etməsini təsdiq etmir.

ardı var

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru