“BƏLƏDİYYƏ SEÇKİSİ GÖSTƏRDİ Kİ, DƏYİŞƏN BİR ŞEY YOXDUR” - Vəkil Hafiz Həsənov

16:30 08-01-2020 120

“Sən özün özünü buraxmışdınsa, onda nədən yenidən namizədliyini irəli sürürsən?”

“Əvvəlki deputatların yenidən namizədliklərini irəli sürməsinin məntiqi əsası yoxdur”

Vəkillər Kollegiyasının üzvü, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovla Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkisinin təyin edilməsinin hüquqi tərəflərini müzakirə etmişik. “AzPolitika.info” vəkillə müsahibəni təqdim edir:

- Hafiz müəllim, Milli Məclis buraxıldı və hazırda növbədənkənar parlament seçkilərilə bağlı namizədlərin imza toplaması, qeydə alınması prosesi gedir. Bu prosesi necə qiymətləndirirsiniz?

- Əslində parlamentin buraxılması siyasi qərarla izah olunurdu. Mən əvvəl də demişdim ki, bunun hüquqi əsası yoxdur. Səbəb kimi göstərilirdi ki, Milli Məclis siyasi hakimiyyət tərəfindən aparılan islahatların sürətindən geri qalır, yəni ayaqlaşa bilmir və bu baxımdan da parlamentin yenilənməsinə ehtiyac var. İndiki halda isə görürük ki, parlamentin köhnə üzvləri yenidən namizədliklərini irəli sürür və Milli Məclisdə təmsil olunmaq istəyirlər. Məsələnin bu tərəfi anlaşılan deyil. Bir halda ki parlamentin buraxılan tərkibi aparılan islahatlarla ayaqlaşa bilmirdi, indi isə həmin şəxslər yenidən namizədliyini irəli sürürlər, bu halda parlamentin buraxılmasına nə ehtiyac vardı?

Köhnə parlamentin bir çox üzvləri yenidən namizədliyini verib. Parlamentin yenilənməsində nəzərdə tutulan əsas məqsəd o olmalıdır ki, təfəkkürdə, düşüncədə, baxışlarda və yanaşmalarda yenilənmə olsun. İndiki halda isə bu müşahidə edilmir. Başqa sözlə, parlament hansı səbəb və əsasla buraxılmışdısa, bu gün proseslər o əsasların əleyhinə gedir. Bu formada formalaşdırılacaq parlament sabah köhnə parlamentin aqibətini yaşamayacaqmı? Və ya nə dəyişəcək? Seçki sistemində, seçki öncəsi mühitdə pozitiv dəyişikliklər edilməli, iddiası olanlara bərabər rəqabət imkanı yaradılmalı idi. Ancaq bələdiyyə seçkisi göstərdi ki, dəyişən bir şey yoxdur. Və seçki komissiyaları qeyd edilən islahatların çağırışlarına cavab verməyəcək formada işlərini aparacaq. Bu mənada gedən proseslər vətəndaş olaraq məni qane etmir. Mən güman etmirəm ki, bu şəkildə formalaşdırılacaq parlament cəmiyyətə yeni nəsə verə bilər.

- Cəmiyyətdə və sosial şəbəkələrdə də buraxılan parlamentin üzvlərinin böyük əksəriyyətinin yenidən namizəd olması ciddi tənqid edilir. Bəs qanunvericilik V çağırış Milli Məclisin deputatı olan şəxslərin yenidən namizəd olmasına hər hansı qadağa qoyurmu?

- Məsələyə sırf hüquqi tərəfdən yanaşanda deyə bilərəm ki, qanunvericilikdə parlamentin əvvəlki üzvlərinin yenidən namizədliklərini irəli sürməsinə heç bir hüquqi qadağa yoxdur. Amma burada məntiq var. Əgər parlamentin buraxılması hüquqa söykənmirdisə və daha çox siyasi qərarla izah olunurdusa, deməli, məsələyə bu kontekstdən yanaşmaq lazımdır. Əslində siyasi qərarın məqsədi parlamentin tərkibini yenidən formalaşdırmaq idi. İndiki halda əvvəlki deputatlar yenidən ortaya çıxırsa, bu, əvvəl qəbul edilən qərarın məntiqi ilə ziddiyyət təşkil edir.

Qanunvericilikdə yalnız mandatdan imtina edən deputatın yenidən həmin seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsinə qadağa qoyulur. İndiki halda isə parlamentin buraxılması deputatların mandatdan imtinası formasında baş verməyib. Sadəcə, parlament özünün buraxılması haqda qərar çıxardı və prezidentə müraciət etdi. Bu səbəbdən də əvvəlki deputatların yenidən və hətta əvvəlki seçki dairəsindən namizədliyini irəli sürməsinə hüquqi baxımdan qadağa yoxdur. Əgər kütləvi şəkildə mandatdan imtina yolu ilə Milli Məclisin buraxılması baş versəydi, bu zaman başqa hüquqi mühit yaranardı.

- Deməli, burada daha çox siyasi etika müzakirə mövzusu ola bilər...

- Tamamilə haqlısınız. Onların özlərində bir yanaşma olmalıdır. Digər tərəfdən, parlamentin buraxılmasının əsas səbəbi islahatlardan geri qalmaq idisə, indi eyni tərkib həmin islahatlarla ayaqlaşa biləcəkmi? Axı siz özünüz parlamenti bu əsasla buraxmışdınız. Təbii ki, prosesin siyasi tərəflərinə diqqət edəndə əvvəlki deputatların yenidən namizədliklərini irəli sürməsinin məntiqi əsası yoxdur.

Sən özün özünü buraxmışdınsa, özünə belə qiymət verirdinsə və düşünürdünsə ki, yeni proseslə ayaqlaşa bilmirsən, onda nədən yenidən namizədliyini irəli sürürsən? Bu, artıq siyasi etika məsələsidir. Bu, həm də onun təsdiqidir ki, adamların parlamenti buraxmaqda niyyətləri səmimi olmayıb və hər şey sadəcə olaraq bir neçə dairə üzrə bir sıra şəxslərin dəyişməsinə hesablanıb. Ancaq bütövlükdə yenilənmə, fərqli yanaşma kimi hallar əsas olaraq götürülməyib.

Vaqif Nəsibov

AzPolitika.info