Müəllimlərə imperator sayğısı

18:39 04-12-2019 40

Məmurların oxuması məsləhət deyil

Şou qəhrəmanları, əməkçi insandan daha dəyərlidir

 Bu artıq hamının dərk etdiyi həqiqətdir ki, elmi-texniki tərəqqinin aşırı inkişafı, bəşəriyyəti məhvə aparır. Biz bu gün bütün təbii olan şeyləri süniləşdirməklə bu prosesi daha da sürətləndiririk. Son zamanlar süni intellektin yaradılması sahəsində əldə olunan nailiyyətlər də, insan amilini ikinci plana atıb. Müasir, qloballaşan dünyamızda, elm, texnika və texnologiyalar inkişaf etdikcə, insanlar arasında təbii ünsiyyət məsələləri, çox təəssüf ki, mənfiyə doğru dəyişir. Elə bil insanlar öz aralarında təbii ünsiyyət qurmaqdan çəkinirlər və bunun üçün texnologiyaların verdiyi imkanlardan istifadə etməyə daha çox üstünlük verirlər.

Bugünümüzün reallığı ondan ibarətdir ki, dünyanın mövcudluğu üçün lazım olan bütün kənd təsərrüfatı məhsullarını yetişdirən, texnika və texnologiyaları yaradan əməkçi insanlar həyatın dibinə gömülüb. Onlar, sadəcə olaraq robotlaşdırılmış ucuz işçi qüvvəsinə çevrilib. Şou-biznes aləmində "at oynadan" əyləncə və şou "qəhrəmanları", tacir-biznesmenlər (daha doğrusu möhtəkirlər), rüşvət, korrupsiya, oğurluq və talançılıqla məşğul olan inhisarçı məmurlar, deputatlar və digərləri yetişməkdə olan gənc nəslə nümunə kimi təqdim olunurlar. Məhz bu səbəbdən də, bu gün gənclər bilik, savad dalınca deyil, diplom və vəzifə dalınca qaçır. Onları da qınamaq olmur, çünki bu gün Azərbaycan reallığında savad, bilik, bacarıq heç bir əhəmiyyət kəsb etmir. Əsas məsələ, kimin qohumu, yerlisi, yaxud tanışı və dostu olmasıdır. Bu kriteriyalara uyğun gəlməyənlərin ölkədə vəzifə alması, deputal kürsüsünə sahib olması müşkül məsələdir. Mən hələ yaltaqlıq, ikiüzlülük, riyakarlıq, dələduzluq kimi mənfi kriteriyaları qoyuram bir kənara.     

Bu gün hər kəs aydın şəkildə başa düşür ki, ölkəmizdə yaxşı yaşamağın bir neçə yolu var- məmur, şou-biznes təmsilçisi, idmançı, yaxud deputat olmaq.

Ölkədə normal sahibkar olmaq isə çox təhlükəli bir işdir- MTN işini xatırlayırsınız yəqin.

Mövcud Azərbaycan mühitində istehsalatın hər hansı bir sahəsində halal zəhmətlə çalışmaqla öz yaşamını təmin edə bilməzsən. Məmurlarımızın və deputatların minimum əmək haqqının 250 manat, minimum pensiyanın 200 manata çatdırılmasını az qala dünyada insan rifahının yüksəldiməsi istiqamətində inqilabi bir sıçrayış kimi təqdim etmələri isə sadəcə, riyakarlıqdır və buna başqa ad vermək mümkün deyil.  Çünki 40-50 il istehsalatda, kənd təsərrüfatının müxtəlif sahələrində çalışmaları müqabilində bir dilənçinin, bir günlük qazancı qədər dövlət təminatı (pensiya) alan insanlar göz qabağındadır. Bugünümüzün reallığıdır. Məmurların və deputatların yaşadığı imarətlərdən, istifadə etdikləri bahalı maşınların tünd şüşələrindən bütün bunlar görünməsə də, bu reallığı danmaq mümkün deyil. 

Ölkəmizdə bu reallıqları şərtləndirən bir çox səbəblər var. Məsələn, təhsili bazar və biznes hesab etməyən Finlandiyadan fərqli olaraq, Azərbaycanda təhsil əsasən biznesin ən çox "gəlir" gətirən sahəsinə çevrilib. Bununla belə, az sayda qalan pulsuz təhsil sahəsini də, biznesə qoşmaq barədə çağırışlar davam edir. Bir soruşan yoxdur ki, minimum əmək haqqının cəmi 250 manat olduğu bir məmləkətdə valideyinlər tələbə övladlarının təhsil haqqları üçün vəsaiti haradan əldə etməlidirlər? Onlar da məmur, deputat deyillər ki, pul problemləri olmasın.

Mövcud reallığı şərtləndirən digər bir səbəb, müəllimlərə imperator sayğısı göstərən Yaponiyadan fərqli olaraq, ölkəmizdə müəllimlərin ələbaxan, süpürgə, fond pulu dilənən, dilənçilər kökünə salınmasıdır. Şagirddən, tələbədən pul dilənmək (daha doğrusu zorla pul tələb etmək ) məcburiyyətində qalan müəllim onlara yüksək əxlaqi dəyərlərdən, mənəviyyatdan necə danışa bilər?

Yuxarıda Finlandiya və Yaponiyanın adını elə -belə çəkmədim. Öz sosial - iqtisadi inkişafına və insan rifahı göstəricilərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrindən hesab olunan bu dövlətlərdə təhsilə münasibət, sözün həqiqi mənasında bütün dünyaya nümunə ola bilər.

 Diqqət edin, Finlandiyanin baş nazirinə sual edirlər ki, nə üçün ölkənizdə pullu təhsi sistemi yoxdur. Nazir çox qısa, lakin ibrətamiz bir cavab verir: "Təhsil nə bazardır, nə biznes". Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Bu gün müasir texnika və texnologiyaların inkişafından söz düşəndə, ilk ağla gələn ölkə Yaponiya olur. Hansısa səbəbdən Allahu-Təalə tərəfindən demək olar ki, bütün təbii sərvətlərdən məhrum edilən bu ölkədə insanların intellekt səviyyəsi o qədər yüksəkdir ki, bütün dünya buna təəccüb edir. Necə olur ki, heç bir təbii sərvəti-nefti, qazı, qızılı və s. olmayan Yaponiya özünün iqtisadi inkişaf tempinə, insan rifahının yüksəlişinə görə ilk yerlərdən birini tutur? Bu gün ən uzunömürlü insalar da, məhz Yaponiyada yaşayırlar.

Bu inkişafın formulasını açıqlayan Yaponiyanın baş naziri deyib ki, biz bu nailiyyətlərə çatmaq üçün müəllimlərə nazir maaşı verdik,  diplomat toxunulmazlığı ilə təmin etdik, onlara imperator sayğısı göstərdik.

Bax, belə!

Deməli, hər hansı bir dövlətin uğurlu inkişafı həmin ölkədə elmə və təhsilə münasibətdən asılıdır. Elmin və təhsilin inkişafı üçün isə müəllimlər yüksək təminata sahib olmalıdırlar. Bizdə isə təhsil ən bərbad vəziyyətdə olan sahələrdən biridir. Bu da ilk növbədə müəllimlərin sosial vəziyyəti, eləcə də təhsil sahəsində baş alıb gedən biabırçılıqlara biganə münasibətdən qaynaqlanır. Bir vaxtlar təhsil naziri olan Misir Mərdanovun dövründən başlayan bu biabırçılıqların bu gün də davam etməsi, bu sahədə heç bir irəliləyişin olmadığını deməyə əsas verir. Baxmayaraq ki, bu zaman kəsiyində artıq, iki nazir dəyişib.

Bu gün birinci sinfə gedən, həyatın gərdişindən xəbəri olmayan uşaq da bilir ki, müəllimin diqqətini cəlb etmək üçün oxumaq yox, hədiyyə vermək lazımdır.

Hədiyyə, pul, rüşvət, yaltaqlıqla orta və ali məktəbi bitirən məzun da, əlinə fürsət düşən kimi, müəllimlərindən "öyrəndiklərini" həyatda tətbiq etməyə başlayır.

Mən, "keçmişdə belə deyildi, elə idi", "müəllimlərə ideal kimi baxırdıq, elə bilirdik onlar çörək yemir" kimi fikiri tirajlamaqdan çox uzağam, çünki geriyə baxıb, nostalji keçirmək yox, irəliyə baxıb, bu naqisliklərdən qurtulmağın yollarını tapmaq lazımdır.

Bu isə təkcə hökumətdən, prezidentdən asılı məsələ deyil. Əgər rüşvət alan varsa, deməli, onu verməyə meyilli insanlar da yox deyil. Bax, ilk növbədə bu şakərimizdən əl çəkmək lazımdır. Hər yerdə süpürgə, fond pulu yığan müəllimlər ilk növbədə ictimai qınağa rast gəlməlidirlər. Bu müəllimlər öz əməllərinə görə ən azından xalq qarşısında məsuliyyət daşımalıdırlar. Ən dəhşətlisi odur ki, biz həyatda bunun tam əksini görürük.

Görürük ki, daha çox adları rüşvətdə, süpürgə, fond pulu yığımında hallanan məktəb diretorları, müəllimlər " Əməkdar müəllim" digər təltiflərə layiq görülür. Onlar da bu ad və təltiflərin arxasında gizlənərək öz çirkin əməllərini davam etdirirlər. Bu yolla da gənclərimiz üçün mənəviyyatsızlıq örnəyi olurlar.

Sonda bir məsələni də xüsusi qeyd edim. Bu gun Azərbaycan təhsil sistemini mənəviyyatsızlıq məkanına, rüşvət bataqlığına çevirən müəllimlərin böyük əksəriyyəti, yuxarıda qeyd etdiyim kimi, müəllimlərin çörək yemədiyini, müqəddəs varlıq olduğunu düşündüklərini deyən, həmin dövrdə təhsil alan insanlardır. Belə olduğu təqdirdə, nə baş verdi? Nə üçün o müqəddəs insanlardan dərs alan tələbələr, dövr və zamanın dəyişməsi ilə mənəviyyatsızlıq girdabına yuvarlandılar? Çətin sual olsa da, savabı da yox deyil. Bəzi məsələləri yuxarıda açıqladım. Ən əsası burada həm mövcud cəmiyyətdə baş verənlər, həm mənəvi iradəsizlik, həm də bundan doğan öz nəfsinə sahib ola bilməmək xüsusi rol oynayır. Bu da son nəticədə maddiyyatın mənəviyyat üzərində "qələbəsi" ilə sona çatır. Bu isə heç də arzuolunan bir hal deyil. Çünki mənəviyyatsızlıq, süninin təbii üzərində qələbəsi, bəşəriyyətin sonu deməkdir.

 

 Görəsən, yeni təhsil nazirimizin bütün bunlardan xəbəri varmı?

P.S:"Məktəb proqramı nə qədər anlaşılmazdırsa, yetişməkdə olan gənc nəslin gözündə hakimiyyət bir o qədər ağıllı görünür",- bunu da bir müdrik deyib.

 Yusif Seyid