SEVGİ VƏ CAMALDA MAHİYYƏT

18:31 04-12-2019 60

Arif olanlar qəlb gözəlliyinin aşiqidirlər

 Allahi sevmək məqamların zirvəsidir. Bütün məqamlara yetişmək bu sevgi ilə hasil olur. Tövbə, zöhd (dinin qadağan etdiyi şeylərdən çəkinmə), səbir və digər dəyərlər bu sevginin başlanğıcıdır. Şövq (həvəs artıran hiss) və razılıq Allah sevgisinin meyvə və nəticələri kimidir. Məhəbbətin mahiyyətini anlamaq o qədər çətindir ki, kəlam alimlərinin bir qismi hətta bunu qəbul etməyib: "Eyni növdən olmayan iki kimsədən birinin digərini sevməsi mümkün deyil. Allahı sevmək Onun əməllərini yerinə yetirmək deməkdir"- buyurublar.

 Allahu-Təaləni sevməyin fəziləti

 Bütün İslam aləmi Allahı sevməyin fərz olduğunu birmənalı qəbul edir. Çünki: "Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər" (Məidə 54) Rəbb kəlamıdır. Peyğəmbər (ə) isə buyurub: "Allahı və Rəsulunu hər şeydən daha çox sevməyənin imanı sağlam deyil". Rəvayətə görə: "Ölüm mələyi İbrahim (ə)-nin canını almağa gəldikdə həz.İbarhim mələyə: "Dost canını dostun aldığını heç gördünmü?"- dedi. Dərhal vəhy gəldi: "Dostun dosta qovuşmaq istəmədiyini heç gördünmü?". Bunu eşidən İbrahim (ə) mələyə dedi:

"İndi canımı al, razıyam".

 Sevginin mahiyyəti

 Sevginin mahiyyəti, əsli barədə İslamın dəlili adlandırılan Qəzzali (v.e.1111) yazıb: "Sevgi yaxşı olan bir şeyə qarşı öz-özünə olan bir meyildir. Bu meyil qüvvətli olsa, buna eşq deyilir. Düşmənlik yaxşı olmayan bir şeyə qarşı öz-özünə olan nifrətdir. Yaxşılıq və pisliyin olmadığı yerdə sevgi və nifrət olmaz. O halda yaxşılığın nə olduğunu bilmək lazımdır. Hər şey hər kəsin təbiətinə görə üç qisimdir: Birinci qisim təbiətinə uyğun olanıdır. İnsan təbiətinə, yaradılışına uyğun olanlara yaxşıdır deyir. İkinci qisim onun təbiətinə uyğun olmayandır. Yaradılış zərurəti ondan qaçdığı üçün buna pis deyir. Müvafiq və müxalif olmayana isə nə yaxşı, nə də pis deyirik. Deməli, aydın olmayan şey haqqında yaxşı deyilməz".

Məlumdur ki, insanın hər hansı bir şeyi anlaması üçün hiss və ağıl lazımdır. Beş hissin hər birinin öz ləzzəti var. İnsan həmin ləzzətlər vasitəsilə o şeyi sevir, yəni təbiəti həmin şeyə meyil edir. Gözün ləzzəti gözəl şeyləri görməkdir. Eşitməyin ləzzəti gözəl və vəzinli səslərdir. İyləməyin ləzzəti gözəl qoxulardadır. Dadbilmənin ləzzəti yeməklərdədir. Lamisənin ləzzəti yumşaq şeylərə toxunmaqdadır. Çünki insan təbiətinin yaradılmasının bunlara meyli, ehtiyacı var. Heyvanlardan fərqli olaraq insanın təbiətində altıncı bir hiss də var ki, buna ağıl, bəsirət (qəlbin gözü) deyilir. Ağılla iş görən

və heyvani sifətlərdən uzaq olan şəxs məhz qəlb gözü ilə Allahu-Təalənin camalını, Onun yaratdıqlarındakı nizam və mizanı görüb, onları bir cüt maddi gözü ilə gördükləri surətlərdən daha çox sevər. Hətta Allahu-Təalənin camalı ona açılanda həz. Əli kimi bütün ləzzətlər onun nəzərində alçalar.

 Sevginin səbəbləri

 Klassiklərə görə, sevginin əsas beş səbəbi var:

1) Məlumdur ki, insan özünü, özünün davamlı qalmasını istər. Ölməyi sevməz. Ölümünü hətta ağrı və əzab çəkmədən belə sevməz. Bəs nə üçün sevmir? Çünki öz davamlılığını sevdirən səbəb təbiətinə, yaradılışına uyğundur. Onun üçün var olmaqdan, davamlı varlıqda qalmaqdan və sifətlərinin kamalda olmasından artıq nə ola bilər? O, övladını da məhz buna görə sevər. Çünki onun varlığını öz varlığı kimi qəbul edir. Özünün davamlı olmasından ümidsiz və aciz olduqda, öz davamlılığının xatırladanı (övladını) sevər və əslində bununla özünü sevmiş olar. Yəni övladını özünün və sifətlərinin davamlılığına bir vasitə olduğu üçün sevər. Qohum-əqrəba və yaxınlarını, dövlət və mənsəbi sevməsinin səbəbi isə onları özünə qol-qanad sayıb, onlar vasitəsilə özündə qüvvət və qüdrət görməsindədir.

2) İkinci səbəb yaxşılıqdır. Çünki insan ona yaxşılıq edəni sevir. Zira deyilib: "İnsan yaxşılığın köləsidir". Peyğəmbər (ə) isə buyurub: "Ya Rəbb, heç bir pis adamı

mənə yaxşılıq etməkdə vəzifələndirmə. Çünki mənə yaxşılıq etsə, qəlbim onu sevər". Deməli, yaxşılıq müqabilində qarşı tərəfə meyl etmək , məcbur olmaqla pozulmayan təbii bir haldır. Bu da "mən yaxşı adamam ki, hətta pis adam mənə yaxşılıq edir," deyən insanın özünü sevməsinə şərait yaradır.

3) İnsan özünə bir faydası olmayan yaxşılığı da sevər. Əgər bir kəs hər hansı ölkədə qanunun aliliyini eşitsə, yaradılışına uyğun olaraq həmin ölkəyə rəğbət bəsləyər, onun məmur və sakinlərinə meyil edər.

4) Sevgidə həm də iki təbiət (xasiyyət, yaradılış) arasında münasibət, uyğunluq olur. Çünki bəzi kimsələr diğərlərini camal və kamalına görə yox, təbiətləri arasındakı oxşarlığa görə sevər. Uşağın uşağa, iş adamının iş adamına, alimin alimə və başqalarının yaxın münasibəti belədir. İnsan başqa bir şəxsi ondan bir şey əldə etmək üçün yox, gözəl camalına görə sevər. Çünki gözəllik fitratən sevilən şeydir. Gözəllik və camal harada olsa, sevilər. Gözün ləzzəti gözəl şeyləri görməyindədir. Deməli, gözəl şeylər gözün sevgilisidir. Bu baxımdan Allahu-Təalanın Camalı bilinsə, Onun da sevilməsi qaçılmazdır.

 Camalın mahiyyəti

 Bəzi insanlar əşya və hadisələrə ancaq zahiri gözlə baxarlar. Filankəsin rəngi ağdır, üzü gözəldir kimi. Belələri gözəlliyi şəkil və rəngdə axtararlar. Ağıllı insanları isə mahiyyət cəlb edər. O halda yaxşılıq və gözəlliyin mənası ona layiq kamalın hasil olmasındadır. Məlumatların, informasiyaların əksər hissəsinin gözlə alınmasına baxmayaraq, mahiyyətlərin çoxu gözlə görünməyən şeylərdədir. Elə biz "filənkəsin xasiyyəti, mürüvvəti (mərhəməti, humanistliyi) gözəldir" - deyərkən, mahiyyətə bəsirət gözü ilə vaqif oluruq. Bunun kimi elm və vəra (haramlardan qaçma) bir yerdə olsa, çox yaxşıdır. İgidliklə comərdliyin vəhdətdə olması nə gözəldir və s. Belə sözlər hər vaxt deyilsə də, fəqət, onlar gözlə görünən şeylər deyil. Bunlar ağıl bəsirəti (görməsi) ilə görünə bilər. Deməli, surət iki növdür: gözlə görünən və qəlbə aid surət. Gözəl əxlaq qəlbə aid surətdir (mənəvi görünüşdür) və yaradılış zərurəti olduğu üçün sevilən bir dəyərdir. Buna dəlilimiz bir kimsənin imam Hüseyni və ya Nizami, Nəsimi, H.Cavidi sevməməsinin mümkünsüzlüyüdür. Biz həmin dahiləri görməsək də, onları sevirik. Həmin öndərlərin surətləri çoxdan torpaq olub. Deməli, onların sevilməsi qəlblərinin mənəvi gözəlliyiylə əlaqəlidir. Sözsüz ki, bu gözəllik də elm, təqva, ədalət və digər dəyərlərdir ki, biz onlara həmin şəxslərin sifətləri deyirik. Göründüyü kimi, sifətlərin (xasiyyət və xüsusiyyətlərin) şəkli və rəngi olmur. Onlar dəri, ət və sümük deyil ki, çürüsün, unudulsun. Elə isə ağlı olan şəxs görünməyən gözəlliyi (geniş mənada) inkar edə bilməz və onu hətta görünən gözəllikdən - maddidən daha çox sevər. Zira bir rəsmi sevənlə, dünyasını dəyişən bir peyğəmbəri sevən arasında fərq çoxdur. Hətta mərhumlardan birini uşağa sevdirmək istəsələr, onun göz və qaşını yox, elmini, saleh işlərini nümunə gətirərlər. Bir kimsəyə düşmən olmasını izah etmək istəyərlərsə, onun çirkin hərəkətlərindən danışarlar, üzünün çirkinliyindən yox. Yazılanlardan aydın olur ki, camal (həqiqi gözəllik) iki növdür: Biri görünən gözəllik, digəri daxili və ya qəlb gözəlliyidir. Arif olanlar qəlb gözəlliyinin aşiqidirlər.

 Ardı var 

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru