Məktəblilər nə ilə qidalanır?

18:28 04-12-2019 50

Bufetlərlə mağazaların fərqi...

 Ölkənin orta ümumtəhsil məktəblərinə aid nə varsa, cəmiyyətin diqqət mərkəzində olan məsələdir. Çünki ən azından, hamının ailəsində orta məktəb şagirdi yaşında övladı, nəvəsi və yaxud, yaxın qohumu var. Bu baxımdan, məktəblərdə dərsliklərin keyfiyyətindən başlamış  nəşr ilinədək  olan məqamlar valideynlərin marağındadır. Bundan başqa, şagirdlərin çanta problemi və onunla bahəm, ağır dərsliklərin yaxın gələcəkdə elektron variantlarla əvəzlənməsi də onların gözlədiyi ən əsas problemlərdən birinin həllidir. Bütün bunlarla yanaşı, orta məktəb şagirdlərinin  qidalanması, yəni necə, nə ilə qidalanması da günümüzün aktual suallarındandır.

Beləliklə,  vaxtaşırı olaraq bizlər də  orta məktəblərin çatışmayan və həllini gözləyən problemləri barədə müxtəlif səpkili  materiallar hazırlayırıq. Onların bəziləri müəyyən səviyyədə həllini də tapır. Lakin elə məsələlər də var ki, onlar haqqında mütəmadi şəkildə yazmaq və orta məktəblərdəki durumu ictimailəşdirmək gərəkir. Bu, ən azından azyaşlılar, hətta tələbələr arasında da son günlər baş verən qida zəhərlənmələri fonunda öz aktuallığını saxlamaqdadır.

Bu gün  şagirdlərin orta məktəblərin bufetində hansı məhsullardan istifadə etməsi diqqətli valideynləri onların təhsili qədər məşğul edir. Çünki bir vaxtlar məktəb bufetlərində satılan qida məhsullarının, şirniyyat növlərinin istehlaka yararsızlığı məsələsi gündəmə gəldi və müsbət haldır ki, sözügedən problem nisbətən öz həllini tapdı. İndi məktəb bufetlərində keyfiyyətsiz və vaxtı keçmiş məhsullara elə də çox rast gəlinmir.  Lakin bu məqam heç də problemin  bütövlükdə  həll olunması demək deyil. Yəni hazırda bufetlərdə  təzə qida məhsulları satılsa da, onların qiyməti bütün valideynlərin büdcəsinə uyğun deyil...

Başlayaq bütün şagirdlərin sevimli qida növü olan məktəbli bulkalarının qiymətindən. Deməli, çəkisi olduqca yüngül olan, üç-dörd loxmalıq  sadə bulkanın, onunla eyni çəkidə olan smitin,  suxarinin, krekerin, vaflinin qiyməti 50 qəpik, pendirli xaçapurinin (tərkibində pendirdən əsər-əlamət olmasa da.red) və qamburgerin qiyməti 80 qəpik,  kiçik pizzanın, keksin, balaca qutulardakı şirələrin qiyməti isə 1 manatdır. Eyni zamanda,  şagirdlərin sevimli şirniyyatı olan “Tutku”, “Benimo”, “Kontik”in qiyməti də 1 manatadır. Siyahını xeyli uzatmaq da olar, lakin məqsədimiz bufetlərdə satılan bütün məhsulların adlarını sadalamaq deyil. Amma problem ondadır ki, sözügedən şirniyyat  növlərinin qiyməti supermarketlərdə, mağazalarda və bufetlərdə fərqlidir. Belə ki,  haqqında bəhs etdiyimiz məhsullar məktəbdənkənar satış obyektlərində 20, 30, 40, 50 qəpiyə olsa da, bufetdə ikiqat, üçqat baha qiymətə satılır. Burdan belə qənaət hasil olur ki, ya bufetlərdə şagirdlərə satılan məhsullara əlavə olaraq əlavə dəyər vergisi hesablanır, ya da ki, satış obyektlərində dövriyyəyə  buraxılan məhsullar bu ödənişdən azaddır. 

Qiymət fərqinə səbəb hər nə isə, valideynlər övladlarının xatirinə sözügedən şirniyyat məhsullarından almağa məcburdur. Onlara elə gəlir ki, övladına  supermarketdənsə,  məktəb bufetindən şirniyyat almaq daha təhlükəsizdir. Son günlər baş verən qida zəhərlənmələrinin fonunda, hamının, əsas da, valideynlərin “kürkünə birə düşüb”.  Ona görə də, onlar mağazalarda satışda olan məhsulların əvəzinə, məktəb bufetlərinə gətirilən məhsulları almağa üstünlük verirlər. Valideynlərə elə gəlir ki, bufetlərə verilən məhsulların keyfiyyəti  yaxşı, istehsal tarixi isə təzədir. Bu mənada, baha olsa da, övladlarına  həmin qida məhsullarını, şirniyyat növlərini alırlar. Necə deyərlər, öz aləmlərində  övladlarını gözlənilməz bəlalardan, zəhərlənmələrdən sığortaladıqlarını düşü-nürlər.

Qey edim ki, bufetlərdə satılan məhsullarla istənilən satış obyektlərində təklif edilənlər arasında ciddi fərq yoxdur. Yəni çəki və keyfiyyət məsələsi demək olar ki, eynidir. Bəzi hallarda, hələ  supermarketlərdə satılan məhsullar hazırlanma texnologiyası və çəkisinə görə bufetlərdəkindən müsbət anlamda fərqlənir. Lakin nə sirrdisə, bufetlərə inam daha böyükdür və valideynlər də, bəlli olduğu kimi, öz övladlarına hər zaman ən yaxşısını rəva bilirlər.

Valideynlər övladlarına ən yaxşısını aldığını düşünməkdə olsun, lakin məktəb bufetlərində müşahidə etdiyimiz qiymətlər məsələnin heç də yaxşı olduğunu deməyə əsas vermir. Bu məqamda onu da deməliyik ki, bufetlərdəki məhsullara layiq olduğundan yüksək qiyməti kimin diqtə etdiyini boynuna alan olmasa da, məsuliyyət təbii şəkildə kiminsə üzərindədir. Heç olmasa, valideynlərin inamından sui-istifadə edilməsin və mağazanı deyil, bufeti seçən insanların, azyaşlıların, sadəcə desək, uşaqların xatirinə, keyfiyyət kəmiyyətə satılmasın.

 Nigar Vaqifqızı