NATO SAMMİTİNİN İLK GÜNÜ - Hamı danışır, Tramp isə "solo oxuyur"

18:14 04-12-2019 40

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp NATO sammiti çərçivəsində alyans üzvləri üçün müəyyən olunmuş gündəlikdən kənara çıxan mövzulara toxunub.

NATO üzvü ölkələrin dövlət və hökumət başçıları sammitinin ilk günü əsasən, ikitərəfli görüşlər «bürcü» altında keçib. Bu çərşənbə axşamının əsas spikeri isə ABŞ prezidenti Donald Tramp olub. Bu zaman onun səsləndirdiyi fikirlər sammit iştirakçıları üçün müəyyən olunmuş gündəlikdən xeyli uzaq düşüb.

Məsələn, ABŞ administrasiyası başçısının Çinlə ticarət sazişinin bağlanmasından əvvəl, gələn ilə müəyyən olunmuş prezident seçkilərinə qədər gözləməyə hazır olduğu barədə səsləndirdiyi fikrin sammit gündəliyi ilə heç bir əlaqəsi yoxdur. «Son müddəti mən müəyyən etməmişəm və düşünürəm, hansısa bir mənada yaxşı olardı ki, seçkilərə qədər Çinlə məsələni təxirə salaq. Onlar öz tərəflərindən sazişi indi bağlamaq istəyirlər. Baxaq, görək bu, yaxşı saziş olacaq, yoxsa yox» - deyə, Tramp NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündən sonra bildirib.

Dünya birjaları ani olaraq, buna «kotirovk»aların düşməsi ilə reaksiya veriblər. Qeyri-müəyyənliyin daha bir il davam edə biləcəyi barədə xəbər bazarlara heç bir optimizm vəd etməyb - London fond birjasının əsas indikatoru 1,6 faiz itirib, Avropa səhmlərinin toplam indeksi isə 0,4 faiz enib. Tramp eyni zamanda, ABŞ daxili siyasətinin başlıca mövzusuna - Demokrat Partiyasının ona qarşı qaldırdığı impicment proseduru məsələsinə də toxunub. ABŞ prezidenti bunu «ABŞ üçün utanc» və «cadugər ovu» adlandırıb.

Hər necə olsa da, NATO ilə əlaqəli mövzular sammitin ilk günü dominant mövqedə olub. İlk bəyanatlar isə ekspertlərin qiymətləndirmələrini təsdiqləyib və aydın olub ki, üzv ölkələr arasında vahid mövqe yoxdur. Elə həmin Tramp ilk olaraq Fransa prezidenti Emmanuel Makronun «NATO-nun beyni ölüb» fikrinə görə, onu sərt tənqidlərə məruz qoyub.

«Bu bəyanatlar bir sıra NATO üzvü ölkələr üçün təhqirdir. Xüsusilə də Türkiyə prezidenti Ərdoğan bəyan edib ki, Makronun özünün beyni ölüb. NATO hamıdan artıq Fransaya, hamıdan az isə ABŞ-a lazımdır» - deyə, ABŞ prezidenti bəyan edib.

 

 

Makronla razılaşmadığını həm Stoltenberq, həm Polşa prezidenti Anjey Duda, həm də Niderlandın Baş naziri Mark Ryütte bildirib. Fransa prezidentinin özü isə bu mövqeyindən çəkilməyib: «Mən, həmin sözləri bir daha təsdiqləyirəm». Bu zaman Makron dəqiqləşdirib ki, alyansın strategiyasına aydınlıq gətirilməsi qaçılmazdır. 

Almaniyanın kansleri Angela Merkel öz növbəsində, optimizm üçün əsas tapmağa cəhd göstərib: «Mövcud olan və barəsində danışmalı olduğumuz bütün fikir ayrılıqlarına baxmayaraq, NATO-nun gələcəyi və strateji xarakterli ümumi məqamlar barədə diskussiya açmaq lazımdır. Mən, görüşdən əvvəl nisbi optimist əhvaldayam» - deyə, Merkel bildirib.

İkitərəfli görüşlərdən əlavə, sammit çərçivəsində əlamətdar tədbirlərdən biri də NATO-nun «Engages» konfransı olub. Ancaq orada heç bir güclü və ya təzə bəyanat səslənməyib.

Məsələn, Stoltenberq bəyan edib ki, NATO terrorçuluqla və ya bölgəsel böhranlarla mübarizə aparmaq üçün xarici ölkələrdə böyük hərbi qruplaşmalar yerləşdirməyə hazırdır - Əfqanıstanda və Balkanlarda olduğu kimi. O, həm də bildirib ki, alyans Arktikada öz iştirakını təmin etməlidir və arktik hərbi texnikaya investisiya yönəltməlidir, ancaq bölgədə Rusiya ilə münasibətlərdə gərginliyin artmasına imkan verməməlidir.

Estoniyanın müdafiə naziri Yuri Luyk NATO-nu bu ölkənin ərazisinə əlavə hərbi kontingent gətirmək üzrə təlimlər keçirməyə çağırıb.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles müharibə aparmağın hibrid üsullarına və necə deyərlər, «Gerasimov doktrinası»na diqqət yönəldib: «Altı il əvvəl Rusiya silahlı qüvvələri Baş qərargah rəisi Valeri Gerasimov yazıb ki, hüquq normaları dəyişib və siyasi-strateji məqsədlərə çatmaq yolunda qeyri-hərbi üsulların rolu artıb. Sosial şəbəkələr, kibersfera və daha açıq cəmiyyətlər bizim rəqiblərimizə öz məqsədlərinə çatmaq yolunda sonsuz imkanlar yaradır. Gerasimov doktrinası tətbiq olunmaqda davam edir».

«Gerasimov doktrinası» Qərbdə qərargah rəisinin 2013-cü ildəki çıxışından sonra gündəmə gətirilib. O zaman Gerasimov xüsusi bəyan edib ki, beynəlxalq böhranların tənzimlənməsi zamanı əsas aksent qeyri-hərbi tədbirlərə edilir. Onun fikrincə belə çabalar güc xarakterli tədbirlərlə uzlaşdırılmalıdır. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov isə oktyabr ayında qeyd edib ki, heç bir «Gerasimov doktrinası» mövcud deyil.

Rusiya prezidenti Vladimir Putin dövlət müdafiə sifarişlərinə həsr olunmuş iclasda təfəkkürün NATO-ya məxsus blok stereotiplərinin köhnəlmiş olduğunu bildirib. «Ötən illərin «təfəkkürün blok stereotipi» tez-ani dəyişən müasir şəraitdə effektiv qərarların axtarışı və qəbulu məsələsində yaxşı instrument ola bilməz» - deyə, Rusiya prezidenti qeyd edib.

«Bununla bərabər, biz, dəfələrlə NATO ilə əməkdaşlığa hazır olduğumuzu ifadə etmişik və real təhdidlərə qarşı durmaq üçün hazırlıq nümayiş etdirmişik. Bu sırada, məlum olduğu kimi, beynəlxalq terrorçuluq, lokal silahlı münaqişələr, kütləvi qırğın silahlarının nəzarətsiz yayılması təhlüksi yer alır» - Putin əlavə edib.

Rusiya prezidenti ona da diqqət yönəldib ki, «NATO nəinki mövcuddur, həm də inkişaf edir - baxmayaraq ki, artıq SSRİ yoxdur. Alyans məhz SSRİ-yə qarşı durmaq məqsədilə yaradılmışdı».

ABŞ prezidenti həm də nüvə sferasında silahsızlaşdırma barədə Rusiya ilə razılıq əldə olunması imkanlarına toxunub: «Nüvə silahına gəlincə, mən prezident Vladimir Putinlə danışmışam - biz, onunla təmasdayıq. Biz, istəyirik və o da çox istəyir ki, bəzi nüvə sazişləri bağlayaq. Hansısa bir məqamda Çin, Fransa və bəzi digər ölkələr də buna qoşularlar» - deyə, ABŞ prezidenti Makronla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Hazırladı: Mirzə AĞ 

AzPolitika.info