Mirşahinin uğursuz  "ayı xidməti"

19:06 02-12-2019 65

Cümşüd Nuriyevə heç kim bəraət ala bilməz!

 Son günlər Cümşüd Nuriyevin 90-larda ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən və cəbhədə döyüşən qadınlar haqqında dedikləri ciddi müzakirəyə - haqlı olaraq cəmiyyətin sərt qınağına tuş gəlib. Düzü, bu barədə həm mətbuatda, həm də sosial şəbəkələrdə Cümşüd Nuriyevi tutarlı tənbeh edənlərin sayı kifayət qədər olduğundan bu barədə nəsə yazmağa ehtiyac duymurdum. Cənab Nuriyev Az Tv-də buyurur: "O zamanlar Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi. Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar". Bu fikrə birinci cavab odur ki, "ərindən boşanan, küçə qadınları kişi söyüşləri ilə" Qarabağ ugrunda müharibədəydi, amma Cümşüd Nuriyev bu şərəfə nail ola bilməyib.

Lakin Mirşahin Ağayevin onun müdafiəsinə qalxması, hətta, bu işdə Cümşüd Nuriyevin xırda "dil xətası"nı - "küçədə qalmış" və "küçələrə tökülmüş" ifadələrini dəyişik salmasını da istinad nöqtəsi seçməsi maraq doğurur. Azərbaycan dilini ortabab bilən istənilən şəxs Cümşüd Nuriyevin ifadə etdiyi fikri aydın başa düşür, burada anlaşılmaz, izahına ehtiyac olan heç bir məqam qalmır. Ancaq Mirşahin öz istedadına arxalanaraq, qaranı ağ kimi göstərməyə uğursuz cəhddə bulundu və Cümşüd Nuriyev bir yana, özü-özünü ifşa etdi.

Etiraf edim ki, Mirşahinin jurnalistika sahəsində istedadı parlaqdı, amma bu istedadın vektorial istiqaməti həmişə şübhəli olub, hətta, ANS-in "asıb-kəsən" vaxtı belə bu qabiliyyət "qarpıza" işləyib desək, yanılmarıq: "Cümşüd Nuriyevi ittiham etməyə başladılar ki, guya Qarabağda döyüşən qadınları təhqir edib. Əslində isə söhbət Xanım Xəlilova adlı bir qadının başına toplanmış, qaragüruh başların lazım olduqda siyasi sapand kimi istifadə etdiyi qüvvədən gedirdi. Yeri gəlmişkən, elə həmin Xanım Xəlilova Elçibəy hakimiyyətinin ayrı-ayrı üzvlərini kişiciklər adlandırmaqdan çəkinmirdi".

İndiki halda isə Cümşüd Nuriyev cəmiyyətin elə həssas bir nöqtəsinə toxunub ki, on heç bir arqumentlə müdafiə etmək, ifadələrinin kontekstini dəyişmək mümkün deyil. Nuriyev konkret və ünvanlı şəkildə Qarabağ döyüşlərində iştirak etmiş Azərbaycan qadınlarını təhqir edib, bunun da bədəlini cəmiyyətdən almaqdadır. Ona ən tutarlı cavabı bu gün yaşayan və Qarabağda döyüşən qadınlar verdi. Söyüşsüz, təhqirsiz bildirdilər ki, sən kişi olaraq haralardasa kölgələnəndə biz döyüşmüşük. Lap elə tutaq ki, söhbət Mirşahinin dediyi kimi, Xanım Xəlilovadan gedir. Xanım Xəlilova Qarabağ müharibəsində qadın batalyonu yaradıb və ermənilərə qarşı döyüşüb, yaxud eləcə cəbhə bölgəsinə gedərək əsgərlərə mənəvi ruh verib, Ermənilər o vaxt bu süni şəkildə etiraz yaratmağa cəsur qadının başına pul da qoymuşdu. Bu gün Mirşahinin nümayiş etdirdiyi kadrlarda Xəlilovanın demokratiyanı arxa plana çəkməsi, ilk növbədə Qarabağın azad edilməsi ilə məşğul olmasına çağrış, bəlkə də kimlərinsə xoşuna gəlməyə bilər, amma bu, o vaxt zamanın tələbi idi. Elə bu gün də, əslində zamanın tələbi dəyişməyib - Azərbaycan xalqının birinci istəyi Dağlıq Qarabağın azad edilməsidir. Hərçənd ki, bu gün ölkədə demokratiyanın bərqərar edilməsi, Dağlıq Qarabağın azad edilməsinə heç bir maneə törətmir.

Mirşahinin bugünkü missiyası isə onun parlaq istedadının cılız təyinatı ilə diqqəti cəlb edir. Mən dəqiq bilmirəm Mirşahinlə Cümşüd Nuriyev arasında hansı münasibətlər mövcuddur. Ola bilsin ki, Real Tv-nin reallıqlardan çoxdan uzaqlaşan rəhbərinin bu "ayı xidməti" onlar arasında mövcud olan isti dostluq münasibətinə əsaslanır. Lakin bu əsasın dostluq və ya alver predmeti olması artıq əhəmiyyətini itirib. Çünki söhbət əksər kişilərimizin bacarmadığını bacaran qadın qəhrəmanlarımızı təhqir edən şəxsdən gedir. Qadın cəmiyyətdə kim olur-olsun, o, əlinə silah alıb döyüşə yollanırsa, Azərbaycanın milli dəyərlərinə görə həmin qadın o andan qəhrəmandır. Ona görə də vacib deyil ki, qadın cəbhədə hansısa şücaət göstərsin, Azərbaycan Milli Qəhrəmanı adına layiq görülsün. Ona gorə də həmin qadınların əvvəlki həyatı əhəmiyyətini itirir və o, artıq QƏHRƏMANdır!

Düşünürəm ki, Mirşahin və onun müdafiə etdiyi Cümşüd Nuriyev kimiləri nəinki ictimai qaydada, həm də inzibati qaydada tənbeh olunmalı, cinayət məsuliyyətinə cəlb edilməlidirlər ki, bir daha belə sərsəm, boş ifadələrlə gündəmi zəbt etməyə cəsarət etməsinlər.

 Akif Nəsirli