Milyonçunun dilənçi balaları

18:58 02-12-2019 70

Bunun səbəbləri araşdırılmalıdır

 Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun dediyinə görə, ölkəmizdə bütün sahələrdə sistemli və ardıcıl islahatlar həyata keçirilir, siyası və iqtisadi idarəetmə metodları müasirləşdirilir, ötən ildə makroiqtisadi sabitlik tam təmin olunub, dövlətimizin dünyada nüfuzu artıb və inkişaf tempi daha da güclənib. Azərbaycanın əldə etdiyi nailiyyətlər dünya birliyi və nüfuzlu beynalxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Komitə sədri həmçinin qeyd edib ki, ölkəmiz "Doing Business 2019" hesabatında yeni rekorda imza atıb və ən islahatçı 10 dövlət siyahısına daxil edilib. Bununla da dünyanın ən çox islahat aparan ölkəsi olmaqla, əvvəlki illərlə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə çıxmaqla, MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Əlbəttə, bütün bunlar bizləri sevindirməyə bilməz. Amma, amması isə...

Mənim üçün çox maraqlıdır, görəsən, cəmiyyətimizdə ziyalılar, elə orta və ali təhsilli insanlar da addımbaşı rastlarına çıxan dilənçilərə hansı münasibət bəsləyirlər? Hər şeydən əvvəl onu demək istəyirəm ki, ölkəmizə ilk dəfə qədəm basan xarici ölkə vətəndaşları, iş adamları, yaxud da turist səfərləri edən insanlar, bəlkə də gəlişlərindən əvvəl təsəvvürlərinə belə gətirə bilməzlər ki, bizim hər gün gördüklərimiz "mənzərənin" şahidi olacaqlar. Dəfələrlə gələnlərdə isə belə təəssürat formalaşıb ki, necə deyirlər, "burası Azərbaycan, inkişaf etmiş, gözəl-göycək, lakin dilənçilər ölkəsi". Mən bu yaxınlarda xarici olkə vətəndaşları ilə Azərbaycanın səfalı guşələrinin birində oldum. Əlbəttə ki, ölkəmizin belə görməli, gəzməli, səfalı yerləri ilə öyünmək, fəxr etmək olar və lazımdır.

Ancaq istər- istəməz hər kəs öz ölkəsinin nailiyyətlərindən necə danışırsa, eyni zamanda da onun problemlərindən danışmalıdır. Çünki bu problemlər barədə danışmadıqca, onlar həlli müşkül məsələlərə çevrilir. Mənimlə birlikdə istirahət edən əcnəbi qonaqların əsas problemlərindən biri, dünyanı bürüyən müharibələr, evsiz- eşiksiz qalan qacqınlar, təbii fəlakətlər və digər amillərin yaratdığı maliyyə böhranı və onun törətdiyi fəsadlar idi. Bununla yanaşı onlar, bizim ölkəmizin iqtisadi vəziyyətini də düzgün təhlil etməyi və qiymətləndirməyi bacarırdılar.

Bununla belə, həm onları, həm də məni təəccübləndirən, hər addımbaşı qarşımıza çıxan dilənçilər oldu. Çox maraqlıdır ki, dilənçiliyi özlərinə peşə seçən bu insanlar hansı səbəbdən məşğulluğun bu yolunu seçiblər? Doğrudan da, son illər dilənçilik artıq kimlər üçünsə, yaxşı gəlir gətirən biznes sahəsinə çevrilir. Çünki, bunu deməyə əsas verən bir çox faktlar var. Əgər bu sahədə ciddi təhlillər və araşdırılmalar aparılarsa, məlum olar ki, bu sahəni də nəzarətdə saxlayan müəyyən "imkanlı adamlar" və onlar üçün işləyən "dilənçi krallar"da var. Bu heç də bizim düşündüyümüz kimi nəzarətsiz, "imkansız insanların çörək pulu qazandığı" bir sahə deyil. Buranın da öz "qanunları" var. Hər gün səhər bahalı avtomobillərlə yol ayrıclarına, svetoforlara yaxın yerlərə gətirilən (işə gələn) dilənçilər də kimlərəsə "haqq" verdiklərini deyir, qazancları az olduqda isə "bu gün zəifçilikdir" deyə gileylənirlər. Bu kimi xoşagəlməz mənzərələrə daha cox Cənub bölgəsi və Mərkəzi Aran rayonlarında rast gəlinir.

Mənə belə gəlir ki, milli qüruru olan insan, çörək qazanmaq üçün belə yola əl atmaz. Bunlar artıq dərəcədə vərdiş halını almış, abır- həyalarını itirmiş insanlardır və hər bir halda millətin adına ləkə gətirən əməlləri ilə hamımızı, yadellilər qarşısında hörmətsiz edirlər. Bəs, qanunlar nə deyir? Nə üçün qanunla nəzərdə tutulmuş yolla belə biabırçılıqların qarşısı alınmır? Bu, aclıq və səfalətdən yaranan bir bəla və çıxılmazlıqdırsa, nə üçün hər yerdə həmişə eyni sayda və eyni adamların diləndiyinin şahidi oluruq? Son olaraq onu da qeyd edim ki, öz aralarında ərazi bölgüsü aparan,  artıq sadəcə dilənçi yox, həm də cinayətkar qruplaşmalara çevrilən bu qrupların fəaliyyətinin qarşısı alınmalıdır. Ən azı ona görə ki, ölkəmizin iqtisadi gücü, cəmiyyətimizin bütövlükdə hərtərəfli inkişaf səviyyəsi və eyni zamanda xalqımızın milli mentaliteti bunu tələb edir.

 Əlizadə Nəhmədağaoğlu