İnternet insanın beyninə necə təsir göstərir? – (ARAŞDIRMA)

17:44 02-12-2019 60

İnternetdə keçirdiyimiz vaxt eyni anda diqqətimizi bir tapşırığa toplamaq qabiliyyətimizi zəiflədir. Bu barədə tədqiqatçı qrup tərəfindən keçirilən araşdırmanın nəticələrinə istinadən “WorldPsychiatry” jurnalı məlumat verir. Bu o deməkdir ki, daha faktları yaddaşımızda saxlamırıq. Belə çıxır ki, sonsuz informasiyaya çıxış imkanı sayəsində nəinki həyatımız, eyni zamanda beynimizin fəaliyyət mexanizmi də dəyişib. Tədqiqat zamanı Böyük Britaniya, ABŞ və Avstraliyadan olan alimlər bir sıra heyratamiz nəticələrə gəliblər. Belə ki, ümumdünya hörümçək torunun beynə təsiri üç sahədə nəzərdən keçirilib: diqqət, yaddaş və ictimai qarşılıqlı fəaliyyət.

Araşdırma müəlliflərindən biri, professor Cerom Sarris “Medical News Today” nəşrinə bildirib ki, onlayn aləm uzunmüddətli təsir gücünə malik ola bilər. Amma internetin meydana çıxması ilə baş verən bir sıra dəyişikliklərə toxunmadan öncə yadda saxlamaq lazımdır ki, internet “qaçılmazdır, hər yerdədir və müasir həyatın funksional aspektidir”. Aparılan tədqiqat nəticəsində məlum olub ki, mütəmadi olaraq internetdə çoxlu və müxtəlif tapşıqları yerinə yetirən, eyni vaxtda sosial şəbəkələrdəki profillərini yoxlayıb, striminq xidmətləri yeniləyən insanlar var gücü ilə diqqətini bir tapşırıqda cəmləməyə çalışır.

Alimlərin fikrincə, internetdən çoxşaxəli istifadə nəticəsində meydana çıxan diqqət pozğunluğu bir sıra problemə səbəb ola bilər. Tədricən beynin həm strukturunu, həm funksionallığını dəyişə bilən internet dolayısıyla ictimai strukturu da dəyişmək potensialına malikdir. Smartfon və noutbuklar vasitəsilə daimi internetdə vaxt keçirmək o deməkdir ki, çoxumuz “yoxlama” xarakteri daşıyan davranış modeli nümayiş etdiririk. Bu zaman istifadəçilər vaxtaşırı, ancaq qısa müddətlik telefonlarına baxır. İnternetdən daxil olan saysız-hesabsız sorğu və bildirişlər bizi daim “tətikdə saxlayır”, bu da öz növbəsində diqqəti bir tapşırığa cəmləməyə mane olur.

Araşdırmada nəzərdən keçirilən digər aspekt yaddaş və informasiya mənbəyi kimi internetdən asılılığımızdır. İnsanlar getdikcə informasiyanı daha az yadda saxlayır. Bu da internetdən asılılığa gətirib çıxarır. Ancaq alimlər belə bir ehtimal irəli sürüblər ki, bu vəziyyət daha iddialı başlanğıclar üçün istifadə edilə biləcək intellektual gücü “azad edə bilər”.

Nəhayət, onlayn və offlayn rejimdə sosial qarşılıqlı fəaliyyət arasında fərqlər dəyərləndirilib: “Facebook”, “Twitter” və “Instagram” kimi sosial şəbəkələr sayəsində çoxlu sayda istifadəçi ilə qarşılıqlı əlaqədə olsaq da, real həyatda dostlarımızın sayında demək olar dəyişiklik baş verməyib.

Dolayısıyla, internetin meydana çıxması ilə bizim özümüz və başqa insanlarla münasibət qurmaq şəklimiz dəyişib. Heç bir elmi fantastın əvvəlcədən xəbər verə bilmədiyi bu yeni dünyada əldə etdiyimiz ən vacib vərdişlərdən biri informasiyanı yoxlamaq və tənqidi düşüncə qabiliyyətidir. (Tərcümə: xpressa.net)